“Yeni
adlar” layihəsində
violin və kamança
axşamı
Mədəniyyət Nazirliyinin ötən ilin yazından həyata keçirdiyi “Yeni adlar” layihəsi
davam edir. Müasir
Azərbaycan ifaçılıq
sənətinin inkişafına,
bu sahədə yeni istedadlı nəslin tanınmasına,
parlaq ifaçıların
yetişməsinə xidmət
edən layihə bu il Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Martın
14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında layihənin
növbəti konserti keçirildi.
Musiqi axşamının tamaşaçıları
arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
mədəniyyət və
incəsənət xadimləri,
musiqisevərlər və
digər qonaqlar iştirak edirdi.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin (dirijor Mustafa Mehmandarov) müşayiəti
ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları
Ləman Əsədova
(violin) və Hüseyn
Nağıyev (kamança)
maraqlı proqramla çıxış etdilər.
Ləman Əsədovanın ifasında
L.Bethovenin “Violin və
orkestr üçün
konsert” (re major op.61, 3 hissədə),
Hüseyn Nağıyevın
təqdimatında isə
H.Xanməmmədovun “Kamança
və orkestr üçün konsert” əsərləri tamaşaçılar
tərəfindən alqışlarla
qarşılandı.***
Ləman Əsədova 1999-cu ildə
Bakıda anadan olub. 2017-ci ildə violin ixtisası
üzrə Bülbül
adına Orta İxtisas Musiqi Məktəbini,
2021-ci ildə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının
(BMA) bakalavr pilləsini
fərqlənmə diplomu
ilə bitirib. Hazırda BMA-nın magistr pilləsində Xalq artisti, professor
Zəhra Quliyevanın
sinfində təhsilini
davam etdirir.
2014-cü ildə Rusiyanın
Azərbaycandakı Səfirliyinin
təşkilatçılığı ilə keçirilən müsabiqədə I yerə
layiq görülüb. 2015-ci ildə
Oryol şəhərində
(Rusiya) “Delfi oyunları” beynəlxalq müsabiqəsi və Novosibirskdə gənc ifaçıların P.İ.Çaykovski
adına beynəlxalq müsabiqəsində
diplom və sertifikatla təltif olunub.
***
Hüseyn Nağıyev 2004-cü ildə
Bakıda anadan olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyası (AMK) tərkibində
İncəsənət Gimnaziyasını
kamança sinfi üzrə bitirib. AMK-nın İnstrumental
ifaçılıq fakültəsində
təhsilini davam etdirir.
2019-cu ildə Uşaq və gənclər arasında xalq çalğı alətləri
ifaçılarının IV Respublika müsabiqəsində,
2020-ci ildə “World harmony“
III beynəlxalq müsabiqəsində
I yerə layiq görülüb. 2019-cu ildə Rusiyada keçirilən XVI “Moskva
dostları qarşılayır”
festivalında ölkəmizi
təmsil edib. Gənc musiqiçi 2021-ci ildən
Xalq artisti Malik Mansurovun rəhbərliyi ilə “Naz-nazı” instrumental ansamblında
solist kimi fəaliyyət göstərir.
Nurəddin
Mədəniyyət.- 2023.- 17 mart.-
S.3.