Əgər problemi mənəviyyat çözə
bilmirsə...
“Yuğ”un “Şəbədə”sindən
yadda qalanlar
Azərbaycan Dövlət Yuğ Teatrının “Şəbədə”
tamaşası nümayiş
olundu. Böyük mütəfəkkir, millət fədaisi, dramaturq Mirzə Fətəli Axundzadənin
“Mürafiə vəkillərinin
hekayəti” (1855) pyesi
əsasında hazırlanan
səhnə əsərinə
“Yuğ” məktəbinə
sadiq rejissorlardan Gümrah Ömər quruluş verib. Birhissəli mərhəmətsizlik aktının
(bu təyin tamaşa boyu özünü tam şəkildə
doğrultdu) quruluşçu
rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir.
...“Şəbədə” kəlməsi rişxənd,
ələ salmaq, araya qoymaq kimi
mənaları ifadə
edir. “Yuğ”dakı “Şəbədə”
isə, hər şeydən öncə, bir tamaşaçı kimi məni Vaqif İbrahimoğlu (ruhu şad olsun)
zamanına aparmaq istədi. Təkcə
bu cəhdə görə yaradıcı
heyətə – Xalq artisti Vidadi Həsənova (Ağa Mərdan), aktyorlar Elgün Həmidov (Ağa Salman), Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli),
Amid Qasımov (Ağa
Kərim), Elçin Əmirov (Əziz bəy), Mətanət Abbas (Zübeydə), Ləman Mərrih (Səkinə) və Günəş Mehdizadəyə
(Zeynəb) təşəkkür
düşür.
“Mənəviyyatın çözə bilmədiyini
heç bir ədalət məhkəməsi
çözə bilməz!”
ideyalı səhnə
işi xurafat və geriliyin bütün zaman və məkanlarda istənilən dəyərə
zərbə olduğuna
işarə edir.
Məlum olduğu kimi, “Mürafiə vəkillərinin
hekayəti”ndə süjetin
əsasında ictimai-siyasi,
iqtisadi münasibətlərin
və müxtəlif xarakterlər arasındakı
toqquşmaların, ziddiyyətlərin,
münaqişələrin mahiyyətinə
varmaq təşkil edir. Axundzadənin bu komediyasının
qəhrəmanları Səkinə
xanım və Ağa Mərdandır.
Onlar şəxsi mənfəətləri
və məqsədləri
uğrunda çarpışır,
hər ikisi rəqiblərinə qalib gəlmək üçün
qarşılarına çıxan
maneələri yox etmək istəyirlər.
Səkinə xanım çətinlikləri
aradan götürmək
üçün ədalətin
gücünə arxalanırsa,
Ağa Mərdan, əksinə, riyakarlığa,
fitnə-fəsada, hiyləyə,
yalana güvənir.
Əsər və onun bu səhnə həllində diqqətçəkən
əsas məqam tüfeylilərin yaramazlığının
komediyanın əsas qəhrəmanı Səkinə
xanım surəti vasitəsilə ifşasıdır
ki, dramaturq burada haqlı və həm də ağıllı (bir qədər də hiyləgər) qadını problemlərin
mərkəzinə gətirir.
Diqqət eləsək, ədəbiyyatımızda
qadın obrazının
bu cür təqdimatı əsasən
arxa planda olduğunu görərik.
Burada
biz feodal dünyasında
gənc və hüquqsuz bir qızın məhkəməyə
işi düşməsi,
hüquq qayda-qanunları
ilə tanışlığı,
məmurlarla rəftarı,
öz hüququnu müdafiə etməyi bacarması köhnəliyə
qarşı açıq
mübarizə aparması
müsbət, lap görünməmiş
hadisədir. Rejissor da bu maraqlı
detal üzərindən
uğurlu cəhdlərlə
səhnə işinin
əsas ideyasına başqa bir don “geyindirə” bilib...
Əsərin süjeti dələduzlar tərəfindən mərhum
Hacı Qafurun mirasının ələ
keçirilməsi üzərində
qurulub. Bu mirasa
yiyələnmək üçün
çox planlar qurulur, yalanlar uydurulur, kələklər
işlənir, məhkəmə
prosesində çox adamlar ifşa olunur, layiqli cavablarını alır, nəhayət, doğruluq,
ədalət zəfər
çalır.
Rejissor tamaşaçını məsələylə
qısa tanış
edir və yükü obrazlar arasında tam bərabər
bölür. Biz hadisələrin cərəyan
etdiyi Cənubi Azərbaycana vurğunu hər hansı tərtibat və ya geyimdə yox, sadəcə, şivədə və plastik elementlərdə görürük. Sözsüz ki, bundan xoşhal
oluruq. Ümumən, tamaşanın izafi
dekordan (əslində,
heç məkan da buna imkan
vermir) azad olunması sayəsində
biz aktyorun birbaşa təmasını görür
və onun qəhrəmanı ilə
münasibətinə hansı
aspektdən baxıb-baxdırdığına
əyani şahidlik edirik.
Tamaşada iki qadın arasındakı miras davası ətrafında dövrə vuran kişilər – vəkildən
yalançı şahidə
hamının bir məramı var – qamarlamaq. Burada müqəddəs heç nə qalmayıb. Heç gənc Səkinəyə
aşiq Əziz bəy də məsum deyil. Yoğurub yapmadan hazır kökə tapacaq. Özü də gənc qızın əli ilə. Qıza elçi düşən
çoxdur. Bibi də
hər vəchlə subay qardaşı qızını əldən
“çıxarmaq” dərdindədir.
Bibi yaşlı elçiyə
söz verib ki, Səkinəni ona yar edəcək.
Təbii
ki, tacir də onun gözünü-könlünü
doyuracaq. Zeynəbin də,
qardaşının da
ayrı azarı var. İllərdi xəsis tacirə arvadlıq edib, bir uşaq
doğa bilməsə
də, hesab edir ki, miras
məhz onun haqqıdır və bu uydurma haqq
üçün bacı-qardaş
bir-birini gözüyumulu
güdaza verə bilərlər.
Səhnə əsərində biz iki qütbə bölünən
obrazlar arasında lirik-dramatik qəhrəmanlardan
daha çox mənfəət güdən,
məkrli tipləri görürük. Bu mənada yalançı şahidlər,
rüşvətxor vəkillər,
vicdanını çoxdan
qəpik-quruşa satan məhkəmə
hakimləri xirtdəyə
çıxıb... Səkinə inadkar və məqsədli olsa da, Zeynəb bir məqsəd üçün hər şeyə “hə” deyə bilən, ağıllı görünməyə
çalışan kütbeyindir.
Ortada bir də hər iki tərəfin vəkillərini pulla ələ alıb, bütün mirasa sahiblənmək istəyən
Ağa Mərdan var... Qısacası, biz naqolay yollarla da olsa, xeyirin
şər üzərində
klassik qələbəsinə
ekssentrik yolla getdik...
İndi gələk rejissorun duyum və təqdimatına. Axundzadənin komediyası bayağılığı, daha doğrusu, lağlağını sevmir və biz tamaşa zamanı bəzi hissələrdə bunun lap əndazədən çıxdığını gördük. Güldükmü? Əlbəttə. Amma böyük Mirzə bizdən bunumu istəyirdi deyə düşünəndə birmənalı yox deyəcəm. Ola bilər ki, heç bu rejissorun da istəyi olmasın və aktyorlar improvizə ilə bu oyuna başqa bir yanaşma qatmaq istəsinlər. Bu da qəbul olunandır. Çünki improvizə bacarmayan aktyorun səhnədə yeri yoxdur. Ələlxüsus o “yuğ” poetikasında və üslubunda oyun-ünsiyyətdədirsə. Amma yenə də deyirəm, Mirzə Fətəlinin qəhrəmanları nə qədər rəzil, axmaq, kütbeyin olsalar da, hər birinin bəraəti və sözsüz ki, onu müdafiə imkanları var. Məhz burada söz və əməl mütləq bərabər bölünür.
Əməl demişkən, tamaşanın plastik həllinə diqqət yetirək. Aktyorların dar macal və məkanda hərəkət inikası ehtiras yaratmağa hesablandığı üçün oyunları statik alınmışdı. Bu da, sözsüz ki, sönük təəssürat yaratdı. Xüsusən Ləman Mərrih və tamaşaya (məkana) inteqrasiya edə bilməyən Günəş Mehdizadə bunun üçün xeyli səy göstərdilər.
Rejissor əsərdən irəli gələrək qadın qəhrəmanları nə qədər ön plana çəksə də, Amid-Elgün-Vüqar üçlüyü buna mane oldu.
Bu arada “Yuğ”da ilk dəfə gördüyüm gənc aşiq Əziz bəy rolunun ifaçısı Elçin Əmirov yaxşı təsir bağışladı və rolunun öhdəsindən məharətlə gəldi. Bunu həyəcanını asanlıqla ram etməyindən də sezmək olardı.
Vidadi Həsənovun Ağa Mərdanı rəzil və bir o qədər də vicdansız olsa da, tamaşaçı ona nifrət etmir. Çünki ali məqsədləri arasındakı pul və qadınlar özü onu axtarıb tapırlar. Vidadi müəllimin özündən gənc həmkarlarına inad plastikası və çevik manevrləri baxımlı, inandırıcı idi.
Sadəcə, tamaşada ara söz-söhbətlərdən “bəhrələnmə”nin dialoqlara, monoloqlara, oyun və hərəkətlərə köçürülməsi bir az çox idi və tamaşaçını, əslində, dramatik situasiyadan ani gülüşə çəkib aparırdı...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2023.- 17 mart.-
S.7.