“Ortaq mədəniyyətimizi
qarşılıqlı tədqiq və təbliğ etməliyik”
Eldor Şermanov:
“Azərbaycanda tədris olunan bir sıra ixtisasların institutumuzda
olmasını istərdim”
Xəbər verdiyimiz kimi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə (23-28 fevral) ölkəmizdə olub. Eldor Şermanovun səfər təəssüratını öyrəndik.
– Deyəsən, ölkəmizə – Bakıya ilk dəfə səfər edirsiniz...
– Bəli, bu mənim və heyətimizin Bakıya ilk səfəridir. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə institutumuzun bir qrup əməkdaşı ilə Bakıya gəlmişik. Təəssüratımız çox zəngindir.
– Bir sıra ali təhsil ocaqları və AMEA-da görüşlər keçirdiniz. Gələcək əməkdaşlıq üçün hansı perspektivlər var?
– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə qarşılıqlı əməkdaşlıq memorandumu imzaladıq. Digər universitetlərdə də görüşlərimiz, qarşılıqlı əlaqələrlə bağlı müzakirələrimiz oldu. Bizim üçün əsas mədəniyyət və incəsənət sahəsi ilə məşğul olan müəssisələrlə tanış olmaq idi. Azərbaycan Dillər Universitetində 2023-cü ildə Özbəkistan Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulub. Bizim universitetdə də Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Onun fəaliyyətini daha da dinamik şəkildə davam etdirməsini istəyirik.
– Azərbaycan Milli Elmlər Akademiyası ilə hansı sahədə əməkdaşlıq edəcəksiniz?
– AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşdük. Bir çox vacib sahələrdə əməkdaşlığımız mümkündür. Qarşılıqlı olaraq elm adamlarının görüşlərini təşkil etmək və mübadilə həyata keçirməyi qərarlaşdırdıq.
– Universitetinizin tədris sistemi ilə bizim təhsil ocaqlarının fəaliyyəti arasında hansı fərqlər var?
– Bizim universitetdə bakalavr üzrə 28 ixtisas, magistratura üzrə 19 istiqamət
var. İncəsənətin, demək olar ki, bütün sahələri tədris olunur. Azərbaycanda tədris olunub
bizdə tədrisə
salınmayan sahələr
var ki, gələcəkdə
bu sahələri də öz universitetimizdə görmək
istərdim. Məsələn, sizdə teatr rəssamlığı var,
turizm menecmenti kimi ixtisaslar tədris olunur. Bu istiqamətləri öz institutumuzda tətbiq etmək fikrindəyəm. Qarşılıqlı əməkdaşlıq sahəsində
bu sahələr üzrə sizin müəllim heyətinin bizdə tədrisini reallaşdırmaq arzusundayıq.
– Amma Özbəkistanda ümumi rəssamlıq təhsili var...
– Bəli, Daşkənd Dövlət Rəssamlıq
və Dizayn İnstitutu var. Biz öz təhsil müəssisəmizdə
teatr və kino rəssamlığını
açmaq istərdik.
Azərbaycanın bu təcrübəsini
tətbiq etmək işin xeyrinə olar.
– Bundan əvvəl təhsillə bağlı
əməkdaşlığın səviyyəsi necə idi?
– Əlaqələr vardı,
amma çox zəif idi. Bu gün Azərbaycan və Özbəkistan arasında digər sahələrlə yanaşı
mədəniyyət sahəsində
də əlaqələri
ən yüksək səviyyəyə qaldırmalıyıq.
İnanıram ki, bundan sonra bu münasibətlər
daha da inkişaf
edəcək. Qarşılıqlı olaraq ayda dörd
tələbə və
dörd professor mübadilə
edəcəyik. Düşünürəm ki, bu da
təcrübə mübadiləsi
baxımından mühüm
addım olacaq.
– Azərbaycandan ilk olaraq kim nəzərdə
tutulub?
– Tanınmış kinorejissor
Oqtay Mirqasımovla razılıq əldə edildi. O, aprel ayında bizim institutda dərs keçəcək.
– Birgə layihələr nəzərdə tutulub?
– May ayında Daşkənddə
türk dövlətlərindən
tələbələrin teatr
tamaşalarından ibarət
festival təşkil olunacaq.
Festivalda
iştirak üçün
Azərbaycanda memorandum imzaladığımız
bütün təhsil
müəssisələrinə dəvətnamə göndərəcəyik.
Festival TÜRKSOY-un təşəbbüsü
ilə keçiriləcək.
Bundan əlavə, tələbələrin
iştirakı ilə
kinofestival da təşkil edəcəyik.
– Azərbaycanla hansı sahədə əməkdaşlığa
daha çox ehtiyac var?
– Düşünürəm ki,
etnoqrafiya sahəsinə,
folklorumuzun araşdırılmasına
böyük ehtiyac
var. Azərbaycanla bağlı
Özbəkistanda dissertasiya
müdafiə edənlər
azdır, eləcə
də əksinə. Ölkələrimizin etnoqrafiyası, folkloru,
qədim muğam sənəti, rəqslər
sahəsində qarşılıqlı
tədqiqatlar çox
vacibdir.
– Söhbətin əvvəlində
“Bakı bizi təəccübləndirib” dediniz.
Paytaxtımız haqqında təəssüratınız
necədir?
– Dənizkənarı Milli Parkda olduq. Həm orta
nəsil, həm də gənclərdə vətənpərvərlik duyğusunu
gördük. Təəccüb etdiyim və Özbəkistanda da bölüşmək istədiyim
məqam isə bu məkanlarda Üzeyir bəyin musiqisinin, muğam musiqilərinin səsləndirilməsidir.
Bu, çox qürurverici
haldır. Ölkə öz
mədəniyyətini, musiqisini
təbliğ edir.
Həmçinin Beynəlxalq Muğam
Mərkəzi bizdə
böyük təəssürat
yaratdı. Şəhərin görkəmli yerində belə bir mərkəzin
olması könülaçan
mənzərədir. Ümumiyyətlə, mədəniyyətimiz birdir,
dillərimiz yaxındır.
Həm keçirdiyimiz görüşlərdə,
həm də şəhərdə gəzərkən
çox böyük sevgi ilə qarşılandıq.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 17 mart.-
S.7.