Ədəbiyyat və kinoya
həsr olunan ömrün
səhifələri vərəqləndi
“Hər həyat sonu ölüm olduğu üçün “məğlubiyyət”dir. Amma onu olduğu kimi qəbul edib həyata gülümsəyə bilmək, bax bu, əsl istedaddır” – Rüstəm İbrahimbəyovun (1939-2022) bu sözləri onun qəbirüstü abidəsində yazılıb...
Martın 11-də dünyaca məşhur kinodramaturq və yazıçının vəfatının bir ili tamam oldu. İldönümü ərəfəsində, martın 10-da Fəxri xiyabanda Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin (müəllif Aydın Zeynalov) açılışı keçirildi.
Beynəlxalq Muğam Mərkəzində isə Rüstəm İbrahimbəyovun vəfatının ildönümünə həsr olunmuş anım gecəsi keçirildi. Tədbirdə qonaqlara kino xadiminin dostlarının və həmkarlarının xatirələrinin, eləcə də özünün müsahibələrinin yer aldığı “Rüstəm İbrahimbəyov” toplusu da təqdim edildi.
Xalq yazıçıları – Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birinci katibi Çingiz Abdullayev, Rusiya Rəssamlıq Akademiyasının üzvü, heykəltəraş Aydın Zeynalov Rüstəm İbrahimbəyovun ədəbiyyat və mədəniyyətə töhfələrini qeyd edərək xatirələrini bölüşdülər.
Qeyd edildi ki, Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli nümayəndələrindən biridir. Çoxşaxəli fəaliyyəti ilə ölkəmizdən kənarda da şöhrət qazanan kinorejissor bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynayaraq yarım əsrdən artıq müddətdə ədəbi-mədəni mühitin inkişafına töhfələr verib. Onun ssenariləri əsasında 40-dan çox bədii və televiziya filmi çəkilib. Mühüm ictimai reallıqlardan bəhs edən bu ekran əsərləri tamaşaçıların yaddaşında dərin iz qoyub, yazıçıya böyük şöhrət qazandırıb.
Anım gecəsində R.İbrahimbəyovun filmlərindən kadrlar, həyat və yaradıcılığının müxtəlif anlarını əks etdirən fotolar nümayiş olundu. Pianoçu Nizami Əliyevin rəhbərlik etdiyi kollektivin, “Qaya” ansamblı və Əməkdar artist Sevda Ələkbərzadənin ifasında filmlərdən musiqi kompozisiyaları səsləndirildi.
Tədbirin sonunda Fatimə və Fuad İbrahimbəyovlar atalarının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara ailələri adından minnətdarlıqlarını bildirdilər.
L.Azəri
Mədəniyyət.- 2023.- 17 mart.-
S.5.