Heykəltəraşlarımızın Moskva muzeyindəki əsərləri illər sonra sərgidə

 

 

Martın 17-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “1940-1950-ci illər Azərbaycan dəzgah heykəltəraşlığı” sərgisi açılacaq.

Heydər Əliyev Fondunun dəstəyi və Rusiya Dövlət Şərq Muzeyinin iştirakı ilə təşkil edilən sərginin ziyarətçiləri sosializm realizmi dövründə Azərbaycan incəsənəti üçün əlamətdar nümunələr sayılan on monumental işlə tanış olacaqlar. Sərginin yaradılması Rusiya Dövlət Şərq Muzeyinin ehtiyat fondlarında Azərbaycan heykəltəraşları Elcan Şamilov, Fuad Abdürəhmanov, Hüseyn Əhmədov, Cəlal Qaryağdı və Pinxos Sabsayın əl işlərinin tapılması ilə başlayıb. Onların 1940-1950-ci illərdə gips, mərmər və ağacdan hazırlanmış plastika nümunələri müxtəlif sərgilərdən sonra bu muzeyə hədiyyə edilmişdi.

Baxımsız qaldığı illərdə xeyli zədələnmiş bu eksponatlar Heydər Əliyev Fondunun köməyi ilə muzeyin mütəxəssisləri tərəfindən bərpa olunub.

 

Mədəniyyət.- 2023.- 17 mart.- S.1.