Qərb mədəniyyətlərində
islamofobiyanın qarşısını necə almalı?
İslamofobiyaya qarşı uğurla mübarizə aparmaq üçün, ilk növbədə, gənclərin İslamı yaxşı tanımalarına fürsət və şərait yaradılmalıdır. Bu məqsədlə aparıcı beyin mərkəzləri ilə səmərəli əməkdaşlıq həyata keçirilməlidir.
Bu fikir martın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun təşkilatçılığı ilə keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda vurğulanıb.
Konfrans bu il ilk dəfə qeyd olunan 15 mart – İslamofobiya ilə Mübarizə Gününə həsr olunub.
Beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaq məqsədilə keçirilən konfransa 30-dan çox ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri qatılıb.
Beynəlxalq konfransın sessiyalarından biri “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspiroloji nəzəriyyələr: böyük yerdəyişmə nəzəriyyəsi” mövzusuna həsr olunub.
Sivilizasiyaların Mübadilə və Əməkdaşlığı Fondunun təsisçisi və prezidenti Mohamed Başar Arafat (ABŞ), Corctaun Universitetinin müsəlman-xristian anlaşması üzrə Alvaled Mərkəzinin “Körpü təşəbbüsü”nün baş tədqiqatçısı Arsalan İftixar (ABŞ), “Monitor islamofobiya” layihəsində müstəqil tədqiqatçı İneke van der Valk (Niderland) və başqa ekspertlər fikirlərini bölüşüblər.
Qeyd edilib ki, müsəlmanlar əvvəlcə öz aralarında müəyyən məsələlərdə razılığa gəlməlidirlər. Əks halda islamofobiya hallarının güclənməsinin qarşısını almaq mümkün olmayacaq. Bildirib ki, dünyanın bir çox yerində müsəlmanlarla “ikinci dərəcəli” insanlar kimi davranılır. Bəzi ölkələrdə müsəlmanlarla bərabər yəhudilərə qarşı da ayrı-seçkilik nümayiş olunur. Məscidlərə, sinaqoqlara hücumlar törədilir. Avropalılar və digər Qərb ölkələri fikirləşirlər ki, İslam dininin nümayəndələri onların ölkələrinə köçərək gələcəkdə oranı müsəlman etmək niyyətindədir. Müsəlmanlar öz dinini qorumalı, digər dinlərin nümayəndələrinə, gənclərə və gələcək nəsillərə düzgün şəkildə çatdırmalıdırlar. İslamofobiya radikal ideologiyalardan irəli gəlir. Qərbi Avropada artıq 20 ilə yaxındır ki, İslama qarşı müəyyən kampaniyalar təşkil olunur.
15 martın İslamofobiya ilə Mübarizə Günü elan edilməsi ilə bağlı qərar ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasındakı toplantısında elan edilib. 2022-ci il martın 18-də isə BMT Baş Assambleyası bu gün barədə qətnamə qəbul edib. Qətnamədə BMT-yə üzv dövlətlərə islamofobiya ilə mübarizə üçün yerli və beynəlxalq səviyyədə tədbirlər təşkil etmək çağırışı da yer alıb.
Qeyd edək ki, 15 mart
2019-cu ildə Yeni Zelandiyanın Kraystçerç (Christchurch
– ingiliscə “Məsihin (İsa) kilsəsi”)
şəhərində iki məscidə
edilən silahlı basqın zamanı 51 nəfər öldürülmüş, 49 nəfər
yaralanmışdı. Qırğını törədən
avstraliyalı irqçi Brenton
Tarrant əməlini etiraf
etdi və ömürlük
həbsə məhkum edildi. Xristian icmasının çoxluq
təşkil etdiyi şəhərdə
müsəlmanlara qarşı aşırı nifrət
nümunəsi olan qanlı olay dünyada böyük rezonans doğurdu.
Mədəniyyət.- 2023.- 17 mart.-
S.2.