Ölkəmizin turizm
imkanları Moskva və Vyanada
təbliğ edilir
Ölkəmizin turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Moskvada 16-18 mart tarixlərində keçirilən “MITT – 2023” Beynəlxalq Səyahət və Turizm Sərgisində təbliğ edilir.
Milli stendimizdə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, Dağ Yəhudiləri Muzeyi, Abşeron Hotel Qrupu ilə birlikdə 8 yerli turizm sənayesi nümayəndəsi təmsil edir. Ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, dağ və qış turizmi imkanları, eləcə də ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumat verilir. Digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 75 mini keçib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz çoxdur.
Bu il “MITT – 2023” sərgisinə 24 xarici ölkə qatılıb.
***
Martın 16-da Vyanada koronavirus pandemiyası ilə əlaqədar fasilədən sonra beynəlxalq tətil yarmarkası – “Ferien-Messe Wien” yenidən qapılarını səyahətsevərlər üçün açıb. 44-cü dəfə keçirilən Avstriyanın ən böyük yarmarkasında Azərbaycan da öz guşəsi ilə təmsil olunur.
Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı, Azərbaycan Turizm Bürosu və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə qurulan guşədə müxtəlif regionlarımızla yanaşı, Qarabağ və Şuşa haqqında materiallar da təqdim edilir. Bu il turizm yarmarkası Novruz bayramı ərəfəsinə təsadüf etdiyinə görə ziyarətçilərə Novruz atributları, milli şirniyyat və suvenirlər təqdim olunur.
70-dən artıq ölkənin təmsil olunduğu yarmarka
martın 19-dək davam edəcək.
Mədəniyyət.- 2023.- 17 mart.-
S.2.