Mədəniyyətimizin böyük hamisi  

 (əvvəli ötən sayımızda)

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

1979-cu il 4 iyun

Azərbaycanda Özbəkistan SSR ədəbiyyat və incəsənət günləri başlanıb. Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Özbəkistan nümayəndə heyətini qəbul edib.

1979-cu il 16 iyun

Heydər Əliyev Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında bəstəkar Fikrət Əmirovun “1001 gecə” baletinin tamaşasına baxdıqdan sonra yaradıcı heyətlə görüşüb. Fikrət Əmirovu yeni yaradıcılıq nailiyyətinə görə təbrik edən Heydər Əliyev səhnə əsərini yüksək qiymətləndirib. “1001 gecə” baleti SSRİ Dövlət mükafatına təqdim olundu və 1980-ci ildə mükafata layiq görüldü.

1979-cu il 17 iyul

Heydər Əliyev Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış etmişdir. Respublika rəhbəri məruzədə mədəni-maarif işindəki problemlərə, kütləvi incəsənət  sahəsindəki nöqsanlara xüsusi diqqət ayırıb.

“...Yaradıcılıq İttifaqlarının ictimai fəaliyyəti, zəhmətkeşlərlə əlaqəsi möhkəmlənmişdir. Məsələn, rəssamların Bərdə rayonundakı kolxozsovxozlarda uzun müddət işləməsi buna sübutdur. Respublika rəsm qalereyasındakı sərgidə rəssamların Bərdədən gəlmiş qəhrəmanları ilə görüşü çox maraqlı keçmişdir. Abşeronda, Şamaxıda, Lənkəranda, Naxçıvanda və başqa yerlərdə kənd filarmoniyaları yaratmağı qərara almış respublika Bəstəkarlar İttifaqının təşəbbüsü müdafiə edilməlidir... Sumqayıtda “Azərbaycan Filarmoniyası günü” müvəffəqiyyətlə keçmişdir.

 

Respublikada mənfi hallara qarşı aparılan prinsipial mübarizəni əks etdirən pyeslərin teatrlarımızın səhnəsində tamaşaya qoyulmasını müsbət fakt kimi qeyd etmək lazımdır. Bu fərəhli haldır, çünki belə pyeslər incəsənəti həyata yaxınlaşdırır. Lakin ümumən maraqlı olan bu əsərlərin bəzilərində xeyirin əksinə olaraq şər qüvvə müsbət qəhrəmanın mövqeyinə nisbətən son dərəcə geniş və bədii cəhətdən daha inandırıcı verilmişdir, həm də müsbət qəhrəmanın mövqeyi heç də həmişə fəal olmur.

Təəssüf ki, bəzi kitablarda, kinofilmlərdə də müsbət qəhrəmanların obrazları bədii cəhətdən öz antipodlarından geri qalır... Oxucularımıza elə qəhrəmanlar lazımdır ki, onlar həyatda, yaradıcı əməkdə, əxlaqımızın antipodlarına qarşı fəal mübarizədə yüksək nümunə ola bilsinlər.

1977-ci ilin sentyabrında Azərbaycan KP MK “Respublikada musiqi ifaçılığı sənətinin vəziyyəti və onu daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul etmişdir. O vaxtdan təxminən iki il keçmişdir. Lakin bu mühüm qərar hələlik zəif yerinə yetirilir. Mədəniyyət Nazirliyi (Z.Bağırov), digər təşkilatlar tərəfindən lazımi nəzarətin olmaması nəticəsində Azərbaycan Dövlət Konsert Birliyinin, Dövlət TeleviziyaRadio Verilişləri Komitəsinin bir sıra bədii kollektivlərinin və solistlərinin, xüsusən estradavokal instrumental kollektivlərinin professional sənətkarlığı, səhnə və ifaçılıq mədəniyyəti aşağı düşür.

Dövlət Kinematoqrafiya Komitəsinin fəaliyyətində nöqsanlar vardır. Kinofilmlərin səviyyəsi aşağı olduğuna görə, kino şəbəkəsi inkişafdan qaldığına görə, zəhmətkeşlərə kino xidmətinin pis təşkilinə görə biz Dövlət Komitəsinin rəhbərliyini dəfələrlə tənqid etmişik. Respublikamız kinoya gələn tamaşaçıların sayına görə xeyli müddətdir ki, ölkədə axırıncı yeri tutur...

...Bu gün mədəniyyət ustaları nəsillərinin dəyişməsi kimi mürəkkəb bir proses gedir. Çox vacibdir ki, bu proses itkisiz keçsin. Elə etmək lazımdır ki, yaşlı nəsillərin yaratdığı yaxşı və qiymətli nə varsa, hamısı qayğı ilə gənc nəslə verilsin. Milli mənəvi sərvətlər və ənənələr bundan sonra da inkişaf edib təkmilləşsin.

...Tənqid bədii yaradıcılığa ictimai rəyin kəsərli təsir vasitəsidir. Lakin yaradıcılıq ittifaqlarında və idarələrində, respublika mətbuatında müzakirələr zamanı ədəbiyyat və incəsənət əsərləri heç də həmişə lazımi dərinlik və tələbkarlıqla təhlil edilmir. Məsələn, “Ədəbiyyat və incəsənət” qəzetində, digər ədəbi nəşrlərdə, respublika mətbuatında dərc olunan məqalələr və resenziyalar çox vaxt məhz sənətkarlıq cəhətdən axsayır...”.

1979-cu il 19 sentyabr

Şamxor (Şəmkir) rayonunun Çardaxlı (indiki Çənlibel) kəndində Əmək və Döyüş Şöhrəti Muzeyi açılıb. Heydər Əliyev mərasimdə çıxış edib.

1979-cu il 1 oktyabr

Heydər Əliyev Azərbaycan KP MK-da respublika bəstəkarlarını qəbul edib. Görüşdə musiqi sənətinin inkişafı barədə söhbət açılıb.

***

Yaradıcı insanların fəaliyyəti dövlət tərəfindən qiymətləndirilirdi.

1979-cu il 30 iyul

Respublika Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük õidmətlərinə görə bir qrup yazıçı və şairə fəxri adlar verilib.

Xalq yazıçısı” fəxri adı – Əbülhəsən (Əbülhəsən Ələkbərzadə), İmran Qasımov, İlyas Əfəndiyev;

“Əməkdar incəsənət xadimi” – Hüseyn Abbaszadə, Cabir Novruz, Maqsud İbrahimbəyov, İshaq İbrahimov, Əliağa Kürçaylı, Nəbi Xəzri, Fikrət Qoca, Yusif Səmədoğlu;

“Əməkdar mədəniyyət işçisi” – Ələviyyə Babayeva, Vladimir Qafarov, Məmməd Araz.

1979-cu il 27 noyabr

Respublikada xoreoqrafiya sənətinin inkişafında xidmətlərinə görə M.F.Axundov adına Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının quruluşçu baletmeysteri Nelya Nəzirovaya “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 17 mart.- S.5.