Sənətşünas Məmmədağa Tərlanovun yaradıcılığı

 

Azərbaycanda təsviri sənət sahəsinin tədqiqi, tədrisi və təbliği istiqamətində onun mühüm xidmətləri olub. Uzunmüddətli elmi, pedaqojiictimai fəaliyyəti ilə ölkəmizdə təsviri sənət üzrə elmi biliklərin formalaşmasına, sənətşünas mütəxəssislərin yetişməsinə töhfələr verib. Sənətşünaslıq elmləri namizədi, professor Məmmədağa Əlibaba oğlu Tərlanovu (16.3.1918 – 9.12.1988) anadan olmasının 105 illiyi münasibətilə yad edirik.

Məmmədağa Tərlanov Bakının Novxanı kəndində anadan olub. 1938-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1941-1945-ci illər müharibəsində iştirak edib. 1945-ci ildə müharibədə yaralandıqdan sonra Bakıya qayıdıb. Həmin ildən indiki Azərbaycan Milli İncəsənət Muzeyində elmi katib vəzifəsində işləməyə başlayıb. Ali təhsilini İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1947-1951) alıb.

Sənətşünas alim həmçinin Azərbaycan Rəssamlar İttifaqının məsul katibi (1946-1952) və sədri (1952-1962) vəzifələrində çalışıb. 1960-cı ildən Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim işləyib, 1963-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq kafedrası təşkil olunanda orada pedaqoji fəaliyyətini davam etdirib. Sonralar bu təhsil ocağında prorektor vəzifəsində (1973-1982) işləyib, ömrünün son illərində Təsviri sənət nəzəriyyəsi kafedrasının müdiri olub. Sənətşünasın elmipedaqoji fəaliyyəti yüksək qiymətləndirilib, professor elmi adına və “Əməkdar mədəniyyət işçisi fəxri” adına layiq görülüb.

1966-cı ildə “Azərbaycan sovet dekorativ-tətbiqi sənəti” mövzusunda dissertasiyanı müdafiə edərək sənətşünaslıq elmləri namizədi elmi dərəcəsi alan alimin araşdırmaları kitab, dərslik və kataloqlar şəklində nəşr olunub. Bu sırada “Azərbaycan SSR təsviri sənəti” (müştərək, Moskva, 1957), “Azərbaycan sovet heykəltəraşlığı” (müştərək, Bakı, 1958), “Azərbaycan xalq yaradıcılığı nümunələri” (müştərək, Bakı, 1959), “Azərbaycan sovet qrafikası” (müştərək, Bakı, 1963), “Azərbaycan sovet dekorativ-tətbiqi sənəti” (Bakı, 1968, rus dilində) kitablarını, “Bəhruz Kəngərli” (Bakı, 1947, rus dilində), “Lətif Kərimov” (Moskva, 1954), “Azərbaycan xalq-dekorativ sənəti” (Moskva, 1963) və s. kataloqları qeyd etmək olar.

M.Tərlanov öz elmi işində XX əsrin birinci yarısında ölkəmizdə dekorativ-tətbiqi sənət ənənələrinin ayrı-ayrı sahələrinin (xalçaçılıq, ağacoyma, xətəmkarlıq, keramika, metalişləmə) inkişaf xüsusiyyətləri və mövcud vəziyyətini əhatəli və elmi şəkildə tədqiq edib. Sənətşünaslıq namizədi, xalçaşünas alim Nəcibə Abdullayeva onun elmi işi haqqında yazır: Bu elmi xalq sənətinin çoxsaylı mürəkkəb sahələrinin üzə çıxarılmasının, onların həqiqi elmi dəyərinin verilməsinin, həmçinin bu sahələr üzrə professional sənət yolunda təşəkkülünün imkanlarını əsaslandıran uzunmüddətli elmi axtarışların nəticəsi idi”.

Sənətşünas alim eyni zamanda Xalq rəssamları Lətif Kərimov, Elmira Şahtaxtinskaya, Oqtay Şıxəliyev və Cahangir Rüstəmov haqqında monoqrafiyaların müəllifidir. Yetişdirdiyi çoxsaylı tələbələri içərisində bu gün sənətşünaslıq elmində və rəssamlıq sənətində uğurlar qazananlar çoxdur.

Xalq rəssamı Mikayıl AbdullayevUnuda bilmərik...” başlıqlı məqaləsində sənətşünas haqqında xoş xatirələrini bölüşərək yazır: “Yəqin çoxları bilmir ki, Azərbaycan təbiətinin nəğməkarı Səttar Bəhlulzadə məhz Məmmədağa Tərlanovun böyük inad və fəaliyyəti, xeyirxahlığı ilə mənzərə ustası kimi meydana çıxdı. Həyatın bütün həqiqətlərini yalnız faktlar təsdiq edir. Ona görə də hər şeyin düzünü deyib, düzünü yazmalıyıq: əgər 43 yaşlı Səttar 1952-ci ildə vəfat etmiş olsaydı, o zaman müasir Azərbaycan rəssamlığında S.Bəhlulzadədən bir rəssam kimi tutarlı bir iz də qalmazdı. Məhz M.Tərlanov onu yaxın bir dost kimi ayıldıb başa saldı ki, “Sən gəl papağını qoy qabağına fikirləş! Çünki bu nəhəng ölçülüMir Cəfər Bağırov neftçilər arasında” və ya “26-ların güllələnməsi...”, nə bilimSalyut”... Sən gəl bunları at getsin...”. Maral Rəhmanzadə – Səttarın uşaqlıq yoldaşı, dostu da Tərlanova haqq verərək əlavə etdi: Səttar! Gəl get Qubaya. Orada bizim qohumlarımız yaşayır. Get birbaşa onların evinə, mən onlarla danışaram...”.

Bu fikirlərini qeyd edən M.Abdullayev bildirir ki, S.Bəhlulzadəni mənzərə janrında əsərlər yaratmağa M.Tərlanov sövq etmişdi...

Bu il görkəmli sənətşünasın anadan olmasının 105 illiyi, eyni zamanda dünyadan köçməsinin 35-ci ildönümüdür. Məmmədağa Tərlanovun müəllifi olduğu monoqrafiyakitablar, kataloqlara yazdığı mətnlər tədqiqatçılar və sənətsevərlər tərəfindən istifadə edildikcə və nəzərdən keçirildikcə onun özüyad ediləcək, xatırlanacaq...

 

Əsəd Quliyev

sənətşünas, AMEA-nın dissertantı

Mədəniyyət.- 2023.- 29 mart.- S.6.