“Yeni
adlar”da qanun və tar axşamı
Mədəniyyət Nazirliyi tərəfindən
ötən ildən həyata keçirilən
“Yeni adlar” musiqi layihəsi davam edir. Müasir
Azərbaycan ifaçılıq
sənətinin inkişafına,
bu sahədə yeni istedadlı nəslin tanınmasına,
parlaq ifaçıların
yetişməsinə xidmət
edən layihə bu il Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Martın
28-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında layihə
üzrə növbəti
konsert keçirildi.
Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti
ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları
Məhta Məhəmmədəlizadə
(qanun) və Rəhman Abdullayev (tar) çıxış etdilər.
Məhta Məhəmmədəlizadənin ifasında H.Xanməmmədovun
“Kamança və orkestr üçün konsert” (3 hissədə), orkestrin ifasında Arif Məlikovun “Sehrli xalat” (1964) filminə yazdığı
musiqidən fraqment, Rəhman Abdullayevin təqdimatında isə H.Xanməmmədovun “Tar və
orkestr üçün
konsert” (3 hissədə)
əsərləri alqışlarla
qarşılandı.
Qeyd edək ki, Məhta Məhəmmədəlizadə
2001-ci ildə Bakı şəhərində anadan
olub. 2018-ci ildə Şövkət Ələkbərova
adına onbirillik Musiqi
məktəbini qanun sinfi
üzrə bitirib. 2022-ci ildə Azərbaycan
Milli Konservatoriyasını (AMK) həmin ixtisas üzrə başa vurub. 2016-cı ildə “Bakı payızı”
beynəlxalq müsabiqəsində Qran-pri mükafatı, dövlət müstəqilliyimizin
bərpasının 25-ci illiyinə həsr olunmuş
Respublika müsabiqəsində isə I dərəcəli
diplomla təltif olunub.
İfaçının adı 2018-ci ildə dövlət
başçısının müvafiq sərəncamı
ilə Azərbaycanın gənc istedadlarının
“Qızıl kitab”ına yazılıb və xüsusi
aylıq təqaüdə layiq görülüb. 2020-ci ildə “World harmony” III beynəlxalq müsabiqəsində
I dərəcəli diplom
qazanıb.
***
Rəhman Abdullayev 1998-ci ildə Bakı şəhərində
anadan olub. 28 nömrəli Musiqi məktəbində tar ixtisası
üzrə təhsil alıb. 2012-ci ildən təhsilini AMK-nın tərkibində İncəsənət Gimnaziyasında
davam etdirib. 2015-2019-cu illərdə AMK-da bakalavr, 2019-2022-ci illərdə isə magistr təhsili alıb. Hazırda İncəsənət Gimnaziyasında müəllim
işləyir. O, 2010-cu ildə Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi II Respublika müsabiqəsində,
2013-cü ildə Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Respublika müsabiqəsində laureat
adını qazanıb.
2019-cu ildə Bakıda “TasteArt” II beynəlxalq müsabiqəsində
I yerə, 2020-ci ildə
Rusiyada təşkil edilən “Beynəlxalq Art”
festivalında II yerə
layiq görülüb.
Nurəddin
Mədəniyyət.- 2023.- 29 mart.- S.1;2.