Şux notlarla ilahi gücün təfsiri
Rəssam üçün
yaradıcılıq yolu sonsuz,
daimi axtarışlar deməkdir. İndividuallıq isə hər zaman rəssam üçün
ön planda olmalıdır. Gördüklərini, hiss etdiklərini tabloya köçürə-köçürə,
ruhunun ifadəsində
rəngləri naxışa
çevirməklə rəssam
öz bədii duyğuları ilə izləyicilərinin qəlbini
fəth edə bilir. Belə rəssamlardan biri
də Asim Rəsuloğludur. Onun əsərlərinə
nəzər saldıqca
yaradıcı insan dünyasının dəyişən
fantaziya və hisslərlə zənginliyinin
bir daha şahidi oluruq. Rənglərin müxtəlifliyi rəssamın qəlbinə,
onun dünyasına açılan pəncərədir
desək, heç də yanılmarıq.
Asim Rəsul
oğlu Səmədov
(Asim Rəsuloğlu)
3 mart 1955-ci ildə Şəki
şəhərində dünyaya
gəlib. Uşaqlıqdan
təsviri sənətə
olan marağı onu bu sahədə
təhsil almaq üçün Əzim Əzimzadə adına
Bakı Rəssamlıq
Məktəbinə (1971-1975) aparır. Burada dövrün tanınmış
rəssamları Gennadi
Brijyatuk, Murad Əşrəf, Kamal Əhməd və Mircavad Mircavadovun yaradıcılığından yaxşı mənada təsirlənir. Daha
sonra ali
təhsilini Belarus Dövlət
Teatr-İncəsənət İnstitutunun Monumental rəssamlıq
şöbəsində (1975–1980) alan Asim Rəsuloğlu
hələ tələbə
ikən öz fərqli yaradıcılıq
yolu ilə diqqət çəkirdi.
1987-ci ildə Tokioda
müasir incəsənət
mövzusunda keçirilən
sovet-yapon sərgisində
Asim Rəsuloğlu “Böyük dəniz” əsəri ilə iştirak edir və qızıl medalla mükafatlandırılır. 1978-ci ildən müxtəlif sərgilərə qatılan
rəssamın ilk fərdi
sərgisi Parisdə Aleksandr Qalereyasında
(1991) olub. İlk fərdi
sərgisində özü
şəxsən iştirak
edə bilməyən
rəssamın əsərləri
böyük maraqla qarşılanır. Bunun ardınca
Nyu-Yorkda ABŞ-SSRİ müasir
incəsənət sərgisində
(1992), Danimarka və
SSRİ rəssamlarının sərgisində (Odens şəhəri, 1993) iştirak
edib. Daha sonra rəssamın
Almaniya, Türkiyə,
Belçika və Norveçdə fərdi sərgiləri də təşkil olunub.
Ümumiyyətlə, yaradıcı insanın dünyası dəyişik
fantaziya və hisslərlə zəngindir. Abstrakt təsvirlərin
müəllifləri qarşılarına
obyektlərin dəqiq
təsvirini çatdırmaq
vəzifəsini qoymasalar
da, əsas məqsədləri öz
yaradıcılıqları ilə emosiyalar oyatmaqdır. Təbiət, sözsüz ki, mükəmməldir və
onun surətinin çıxarılmasını mənasız hesab etməklə abstrakt rəssamlar ətraf aləmin harmoniyasının
axtarışını ön
plana çəkməyə
çalışırlar. Abstrakt sənət non-fiqurativ və ya predmetsiz
sənət hesab edilsə də, daha diqqətlə baxsaq, ləkə və xətlərin hər hansı bir kompozisiyanı əks etdirdiyini görə bilərik.
Asim Rəsuloğlu isti və soyuq rənglərin
ahəngindən gözəl
lövhələr yaratmaqla
palitra zənginliyi, poetik əhval-ruhiyyə, kolorit gözəlliyi, orijinal üslub və bacarığı ilə milli təsviri sənətimizi
zənginləşdirib. Rəssamın yaradıcılıq
diapazonunda qırmızı
rəngin xüsusi çəkisi var. Bu rəng
damarlarımızda dolaşan
qan və ilahi qüvvə timsalında, bəzən də insana “dur” deyə bilmə gücü kimi sanki yaradıcı
insan dünyasını
özündə ehtiva
edən enerjidir.
Bakıda Xəzəryanı respublikaların
biennalesində (1988) iştirak
edən Asim Rəsuloğlu bu mövzuda bir çox tablolar yaradıb. Onlardan biri “Xəzər
dənizində gəzinti”
adlı əsərdir.
Küləklər şəhəri Bakının sakit dəmlərini kətana köçürən rəssam
Xəzəri də həlim, şux və qüdrətli əks etdirməyə çalışıb. Abşeron torpağı
ilə bütünləşən
Xəzərin tünd
çalarlı göy
suları olduqca fantastik, nağılvarı
təsvir olunub. Monumental rəngkarlıq təhsili almış rəssamın kompozisiyaya yanaşma tərzi unikaldır. Mistik atmosferə
malik olan rəssamın palitrası
Vasili Kandinskinin
(1866-1944; abstraksionizmin banilərindən
biri – red.)
rənglərini xatırladır. Asim Rəsuloğlunun intensiv kolorit həlli kompozisiyanın bədii gücünü artıran əsas nüanslardan biridir.
Professional dərs almasa
da, fleytada ifa etməyi bacaran Asim Rəsuloğlu
musiqi ilə rəssamlığın sintezini
bir araya gətirən silsilə əsərlər də yaradıb. Rəssamın kompozisiyalarındakı fiqurların musiqi ilə vəhdəti tabloya romantika, gözəllik və lirika bəxş edir. Dünyaca məşhur olan
italyan rəssam Mikelancelo deyirdi ki, yaxşı rəsm musiqidir, melodiyadır. Asim Rəsuloğlunun
“Fleytanın aurası”
əsərindən də
zövqlü bir melodiya duyulur. Fleytanın səsi adətən şəffaf və güclü olur. Bu kompozisiyada da
müəllifin duyğu
və düşüncələri
şəffaf, güclü
şəkildə təsvir
edilib. Usta sənətkar ruhu,
daxili aləmi ilə sənəti arasında körpü kimi musiqini seçərək
öz estetik zövqünü izləyicilərə
təqdim edir.
Rəssamın dəfələrlə müraciət etdiyi mövzular arasında xüsusilə seçilən, iki dünyanı özündə ehtiva edən “Keçid” əsəri onun yaradıcılığının bədii-fəlsəfi tərəfini izləyicilərə təqdim edir. İlk baxışdan iki yolayrıcını izləyicilərə xatırladan əsərdə cənnət və cəhənnəmə açılan qapalı qapı təsvirini görürük. Hər iki qapının arasında xeyli məsafə var. Şux, tünd, parlaq rənglərin intensiv şəkildə işləndiyi bu tabloda rəssam bəşəriyyətə belə bir sual ünvanlayır: cənnətə getmək istəyirsən, yoxsa cəhənnəmə? Seçimi tamaşaçıya həvalə edən rəssam bəlkə də insanlara şüuraltı mesaj otürməkdədir.
Sənətkar ruhunun ən qanadlı çağında təşrif buyuran ilahi bir pıçıltı, yəni ilham pərisi yaradıcı adamların düşüncə axarına təsir edir. Asim Rəsuloğlu isə bu ilahi ovqatı öz individual üslubu ilə tamamlayaraq kətana köçürür. Təbin gəlməsi bir sənətkar üçün yeni bir yolun başlanğıcı, yeni bir müəmmanın kəşfi demək, bəlkə də ilahi bir pay qədər dəyərlidir. Bədii hisslərdən doğan enerjinin tünd çalarlı inikası Asim Rəsuloğlunun kompozisiya düzümü ilə bütünləşib. Abstrakt üslubda həll olunan “Sənətkar və ilham pərisi” əsəri forma orijinallığı ilə sənət əsərinin ən mühüm xüsusiyyətlərindən biridir.
Rəssamın bəzi əsərləri Moskvada – Tretyakov Qalereyasında və Rusiya Rəssamlar İttifaqında, Parisdəki Aleksandr Qalereyasında, eləcə də İlayda İncəsənət Qalereyasında və Orkun Ozan İncəsənət Qalereyasında (Türkiyə), Martin Lüter Kinq Kitabxanasında (Nyu-York), başqa xarici qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.
Hazırda Türkiyədə yaşayan Asim Rəsuloğlu bir müddət Akdəniz Universitetində (1999-2005) müəllim kimi fəaliyyət göstərməklə öz bilik və bacarıqlarını tələbələrinə həvəslə tədris edib. Vətənini xaricdə layiqincə təmsil edən rəssama sənət yolunda uğurlar arzulayırıq.
Könül Vəliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi
Mədəniyyət.- 2023.- 29 mart.- S.7.