Qıpçaq abidəsi haqqında ilk monoqrafiya
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyevin “Codex Cumanicus” və kuman dilinin leksikası” monoqrafiyası çap olunub.
İnstitutdan bildirilib ki, monoqrafiya XIII-XIV əsrlərdə Krım bölgəsində italyanlar tərəfindən latın əlifbasında tərtib edilmiş “Codex Cumanicus” lüğətinin kuman (qıpçaq) leksikasının tədqiqinə həsr olunub. O dövrün nadir və həcmli lüğətlərindən olan “Codex Cumanicus” qıpçaq türklərinin dili ilə yanaşı, mədəni və məişət həyatını öyrənmək üçün də qiymətli material ehtiva edir.
Kitabda lüğətin dilində işlənmiş leksik vahidlər tarixi dilçilik prizmasından təhlil edilir, alınma sözlərin qıpçaq dilinə keçdiyi dövrlərə və dilə gəlmə səbəblərinə toxunulur. Həmçinin kuman lüğətinin tematik bölgüsü verilir, dini leksika, dini məna yüklənmiş milli sözlər, kumanların məişət həyatında xəzərlərin izləri, qədim türk inanclarının dildə qalıqları kimi məsələlər tədqiqata cəlb edilib. Ölkəmizdə bu sahədə ilk sistemli elmi araşdırma hesab edilən monoqrafiyanın elmi redaktorları professorlar Nadir Məmmədli və İsmayıl Kazımovdur.
Monoqrafiya görkəmli türkoloq, mərhum professor
Məmmədəli Novruzovun xatirəsinə
ithaf olunub.
Mədəniyyət.- 2023.- 29 mart.-
S.6.