Paytaxtdakı teatrlardan
bölgələrə sənət ərməğanı
Səkkiz teatr – səkkiz
tamaşa
Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz teatrın 20-27 mart tarixlərində bölgələrə qastrol səfərləri həyata keçirilib.
Uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan, peşəkar milli Azərbaycan teatrının 150 illiyinə təsadüf edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
“Yuğ”un “Şəbədə”si Şamaxıda
Novruz bayramının ilk günündə başlayan qastrol proqramı çərçivəsində Azərbaycan Dövlət Yuğ Teatrı “Şəbədə” tamaşasını martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində nümayiş etdirib.
Böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” (1855) pyesi əsasında hazırlanan birhissəli səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. “Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!” ideyalı səhnə işində xurafat və gerilik tənqid hədəfidir.
Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir. Rolları Xalq artisti Vidadi Həsənov (Ağa Mərdan), aktyorlar Elgün Həmidov (Ağa Salman), Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Amid Qasımov (Ağa Kərim), Elçin Əmirov (Əziz bəy), Mətanət Abbas (Zübeydə), Ləman Mərrih (Səkinə) və Günəş Mehdizadə (Zeynəb) canlandırıblar.
Qəbələdəki teatrsevərlər üçün “Pantomima buketi”
Azərbaycan Dövlət Pantomima Teatrı martın 24-də “Pantomima buketi” ilə Qəbələdə teatrsevərlərin qarşısına çıxıb.
Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, rəssamı Əməkdar artist Qurban Məsimov, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.
Nizami yurdunda“Yeddi gözəl”
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə Dövlət Dram Teatrının səhnəsində təqdim edib.
Premyerası 7 dekabr 2012-ci ildə gerçəkləşən tamaşanın quruluşçu rejissoru Yonas Vaytkus, quruluşçu rəssamı Arturas Şimonis, geyim üzrə rəssamı Sandra Straukayte, musiqi tərtibatçısı Alqirdas Martinaytisdir (dördü də Litvadan). Xoreoqrafiya Tahir Eynullayevə, videoinstalyasiya Emin Mirabdullayevə məxsusdur. Rolları Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Maqsud Məmmədov, Murad Məmmədov, Həcər Ağayeva, Teymur Rəhimov, Mariya Dubovitskaya, Bella Safina (Klimaşeva), Oleq Əmirbəyov, Yuri Omelçenko, Natavan Hacıyeva, digər artistlər Rüstəm Kərimov, Yeganə Hüseynli, Zaur Terequlov, Ramil Əliyev, Olesya Qasımova, İoanna Ferştandt, Rumiyyə Ağayeva və başqaları canlandırıblar.
Salyan və Lənkəranda marionet kukla tamaşası
Azərbaycan Dövlət Kukla Teatrı martın 22-də
Salyan Dövlət Kukla Teatrının səhnəsində “Müsyö
Jordan və dərviş
Məstəli şah”
marionet tamaşasını
göstərib.
M.F.Axundzadənin “Müsyö Jordan və
dərviş Məstəli
şah” komediyası əsasında hazırlanan
tamaşanın quruluşçu
rejissoru Aleksandr Maksimıçev, quruluşçu
rəssamı Tatyana Melnikova,
bəstəkarı İqor
Roqalyov, quruluşçu
baletmeysteri Zakir Ağayevdir. Marionet tamaşada qəhrəmanları
Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Elmira Hüseynova canlandırıblar.
Paytaxtın kuklaçıları həmin gün tamaşanı Lənkəran
şəhər O.Mirzəyev
adına uşaq evində də nümayiş etdiriblər. Tamaşadan sonra yaradıcı
heyət bayram tədbirini əyləncəli
oyunlarla davam etdirib. Novruzun əsas personajları
Kosa və Keçəl uşaq evi sakinlərinə Kukla Teatrının bayram hədiyyələrini
təqdim edib.
“Lənkəran xanının
vəziri” Qusarda
Şuşa Dövlət Musiqili Dram Teatrı martın 23-də
M.F.Axundzadənin “Lənkəran
xanının vəziri”
komediyası əsasında
hazırlanan eyniadlı
tamaşanı Qusarda nümayiş etdirib.
Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi səhnə əsəri Qusar Dövlət Ləzgi Dram Teatrının
səhnəsində təqdim
edilib.
Azərbaycan peşəkar milli
teatrının ilk səhnə
(1873) əsəri olan
komediya hazırkı quruluşda 11 il
əvvəl Şuşa
teatrının repertuarına
daxil edilib. Milli dramaturgiyamızın
banisi Mirzə Fətəlinin 200 illik yubileyi münasibətilə
hazırlanan tamaşanın
premyerası 2012-ci il iyunun 25-də gerçəkləşib.
“Molla Nəsrəddinin beş arvadı” Mingəçevirdə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti martın 23-də Mingəçevir
Dövlət Dram Teatrının
səhnəsində məşhur
özbək yazıçısı
İbrahim Sadıqovun
“Molla Nəsrəddinin
beş arvadı” (tərcümə D.Mustafayev)
komediyasını nümayiş
etdirib.
Əməkdar incəsənət xadimi
Əsgər Əsgərovun
quruluş verdiyi tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə,
Nahidə Orucova, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Mehriban Zaliyeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev oynayıblar.
Səhnə əsərinin quruluşçu
rəssamı Əməkdar
rəssam Nabat Səmədova, quruluşçu
baletmeysterləri Əməkdar
artistlər Zakir və Yelena Ağayevlər,
rejissor assistenti Tamilla Aslanovadır.
Mürəkkəb pantomima elementlərinin
icra olunduğu tamaşada Elnur Abbasquliyev, Ceyhun Dadaşov, Bəhruz Əhmədli, Elnur İsmayılov, Nurlan Rüstəmov, Əli Əlizadə, Nuridə Musabəyli, Zəhra Hüseynova, Aydan Həsənova, Elxan Şahaliyev, Elmin Qiyaslı izləyicilərə
xoş anlar yaşadıblar.
Sumqayıt səhnəsində “Dəcəl keçi”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
kollektivi daha yaxında Sumqayıtda qastrolda olub. Yaradıcı heyət martın 26-da Sumqayıt Dövlət
Dram Teatrında “Dəcəl
keçi” tamaşası
ilə çıxış
edib.
Pərvin Nurəliyevanın “Dəcəl
keçi” əsəri
əsasında səhnələşdirilən
tamaşanın quruluşçu
rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən
Sərxanoğludur. Rolları
Səbinə Məmmədzadə,
İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov və Vahid Orucoğlu
canlandırıblar.
Kiçikyaşlı tamaşaçılar üçün
nəzərdə tutulmuş
səhnə əsərinin
əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik,
yalan və lovğalıq kimi mənfi cəhətlərin
tənqididir.
Milli
Dram Teatrı şəkililərin
qonağı olub
Paytaxtda fəaliyyət göstərən səkkiz teatrın bölgələrə qastrol proqramı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Şəki sənətsevərlərinə təqdim etdiyi “Məlikməmməd” tamaşasının nümayişi ilə başa çatıb. Kollektiv martın 27-də – Beynəlxalq Teatr Günündə “Məlikməmməd” tamaşasını nümayiş etdirib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin teatra diqqət və qayğısını əks etdirən videoçarx təqdim olunub. Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov uğurla həyata keçirilən, regionların mədəni həyatı üçün vacib əhəmiyyət daşıyan layihə haqqında danışıb, teatrın rəhbərliyi və kollektivi adından Mədəniyyət Nazirliyinə, Şəki Şəhər İcra Hakimiyyətinə və Şəki Dövlət Dram Teatrına təşəkkürünü bildirib.
Sonra məşhur xalq nağılımızın səhnə təcəssümü nümayiş olunub. Böyük maraqla qarşılanan tamaşanın quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır. Rolları Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Elçin Əfəndi, Şəhla Əliqızı, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova və Tural İbrahimov canlandırıblar.
***
Teatrların bölgələrə qastrol səfərləri “Heydər Əliyev İli”nə sənət töhfəsi olmaqla yanaşı, yerlərdə teatrsevərlərin yaddaşına maraqlı Novruz hədiyyəsi kimi yazılıb. Uşaq və böyüklərin sənət zövqü nəzərə alınaraq hazırlanan qastrol proqramı böyük maraqla qarşılanıb.
Mədəniyyət.- 2023.- 29 mart.-
S.1;3.