“İnam. Ümid. Sevgi”
Moskvada azərbaycanlı həkim-rəssamın
sərgisi
Moskvadakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında azərbaycanlı rəssam İnci Vəliyevanın “İnam. Ümid. Sevgi” adlı sərgisi keçirilib. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
İnci Vəliyeva Bakıda doğulub, Azərbaycan Dövlət Tibb Universitetini bitirib, göz həkimidir. 2017-ci ildə, 45 yaşında V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun Təsviri İncəsənət və Rəsm Məktəbinə daxil olub, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Sərginin bağlanış mərasimində M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin, Azərbaycanın Rusiyadakı Səfirliyinin müşaviri Zaur Paşayev, Heydər Əliyev Fondu nümayəndəliyinin əməkdaşı Tamilla Əhmədova, sənətsevərlər iştirak ediblər.
Tamilla Əhmədova qeyd edib ki, rəssam və həkim İnci Vəliyevanın əsərləri səmimiliyi və xeyirxah ruhu ilə seçilir: “İngilis yazıçısı, Nobel mükafatçısı Doris Mey Lessinq deyir ki, rəssamlar öz əsərlərini sevgi dili ilə yaradırlar və ancaq məhəbbətin gözü ilə onların haqqında mühakimə yürütmək olar: “İnci Vəliyevanın əsərlərinə baxdıqda bu aforizm yada düşür. O, gözün incəliklərini gözəl bilən və öz vəzifə borcuna uyğun şəkildə xəstələrinə görmə qabiliyyətini qaytaran həkim və dünyanın bütün rənglərini, eyni zamanda öz tabloları ilə incəsənəti sevənlərin önündə parlaq və çoxşaxəli dünyanı təsvir edən rəssamdır”.
Qeyd olunub ki, rəssamın tabloları, xüsusilə çəkdiyi portretlər öz qəhrəmanlarına olan sevginin etirafıdır. Təkcə bu adlar çox mətləblərdən xəbər verir: “Qəlb”, “Ata”, “Şıltaq”, “Təmənnasız sevgi”. İnci Vəliyeva bizim hamımızın gözlərini dünyanın gözəlliyinə açır, xeyirxahlığa inamı qaytarır və bu, fiziki görmə qabiliyyətinin bərpası qədər nəcibdir.
M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin deyib: “İnci Vəliyevanın rəsmləri qış mövsümündə, hələ soyuqların davam etdiyi bir dövrdə baharın gələcəyi və problemlərin keçmişdə qalacağına dair ümidlər verir. Onun tabloları gözəllik, qəlb, günəş, aydınlıq deməkdir və bu əsərlərdən ancaq zövq almaq olar”.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva qeyd edib ki, bu sərgi Novruz bayramı – təbiətin oyanması ərəfəsində təşkil olunub. “Qadın hər şeyin başlanğıcıdır. Qadın sevgi, inam və ümid deməkdir və sərgi məhz bu sözlərlə adlanıb”.
İnci Vəliyeva onun yaradıcılığına verilən
yüksək qiymətə görə tədbir
iştirakçılarına minnətdarlıq edib. Bildirib ki, öz tablolarında
pasiyentlərinin emosiyalarını, həyat yolunda
rastlaşdığı maraqlı insanları canlandırıb.
“Mənim üçün əsas vəzifə
portretlərdə emosiyaları, baxışları əks
etdirməkdir və yalnız bundan sonra personajlarım canlanır. Emosiyaları təsvir
etməyə nail olanda,
kətandan sənə canlı baxışı hiss edəndə, sözlə ifadə edə
bilmədiyin hissləri yaşayırsan...”.
Mədəniyyət.- 2023.- 31 mart.-
S.8.