Yaşanan yarım əsr”

 

Teatr rejissoru, aktyor Nicat Kazımovun sənətə bağlı illəri kino dili ilə təqdim edildi

 

Yaşadığı 50 illik ömrün böyük hissəsini teatra, səhnəyə həsr edib tamaşaçı yaddaşında özünə yer tutan Nicat Kazımov yenidən sənətsevərləri bir araya gətirdi. Bu dəfə film təqdimatı ilə. Tələbəsi tərəfindən ömrünün sənətə bağlı illərinin kinoyaddaşa köçürüldüyü sənədli filmlə.

Martın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar artist Nicat Kazımovun 50 illik yubileyinə həsr olunanYaşanan yarım əsr” adlı sənədli filmin təqdimatı keçirildi.

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının, mədəniyyət və incəsənət xadimlərinin  iştirak etdiyi təqdimatda Nicat Kazımovun sənətə olan sevgisinin, yaradıcılıqda qazandığı uğurların və sözsüz ki, bu müvəffəqiyyətlərdə çəkdiyi əzab-əziyyətin ekrana köçə bilən təsvirlərinə şahid olduq.

Hər zaman maraqlı və fərqli olmağa çalışıb, özünü məhz buna görə sevdirməyi bacaran səbəbkar təqdimatda da özü açılış etdi. Əvvəlcə hər kəsə təşəkkürünü bildirərək haqqında çəkilən sənədli filmin yaranma tarixçəsindən danışdı. Yaradıcılığına, sevgi ilə bağlı olduğu sənətinə verilən qiymətə görə müəlliflərdən tamaşaçılaradək hər kəsə təşəkkür etdi.

Sonra filmin yaradıcı heyəti səhnəyə çıxdı. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vüsal Əsgərov, quruluşçu operatoru Teymur Məmmədov, montaj rejissoru Firdovsi Nəbiyev, səs operatoru Nicat Cəbrayılov, qrim üzrə rəssamı Vüsalə Abbasova, prodüseri Əməkdar artist İlham Əsədovdur.

Tanınan mədəniyyət və incəsənət xadimlərinin, rejissorun sənət dostlarının və doğmalarının onun haqqında fikirlərinin cəmləşdiyi ekran işində biz bir rejissor ömrünə, səhnəyə bağlı bir aktyor taleyinə sənədli kino dili ilə nəzər sala bildik.

“Sənət sevgisi, sənət üçün təmənnasızlıq bizim nəslin ən əsas prinsipidir və yaxşı ki, bu zəncir qırılmır, yeni nəsil də gəlir. Bir də sənət fəxri ad, mükafatlar üçün seçdiyimiz deyil, bu, bizim mənəvi ehtiyacımız, həyat qayəmizdir. Mən bu prinsiplə yaşayıram”, – deyən və bunu həyat amalına çevirən Nicat Kazımov haqqında film gənc rejissorun ilk işi olsa da, tamaşaçılar tərəfindən maraqla qarşılandı.

 

Həmidə

Mədəniyyət.- 2023.- 31 mart.- S.3.