“Heydər Əliyev və azərbaycançılıq
məfkurəsi”
Milli Kitabxanada elmi konfrans keçirilib
Martın 30-da Mədəniyyət Nazirliyi, Səbail Rayon İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə qonaqlar Milli Kitabxanada Heydər Əliyevə həsr olunmuş guşədə xalqımızın böyük oğlunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı respublikamızda çoxsaylı tədbirlər təşkil olunur. Heydər Əliyev həmişə Azərbaycan adına, azərbaycançılığa sadiq olub və bununla fəxr edib. Müstəqil Azərbaycan dövləti var olduqca Ulu öndər daima bizim yaddaşımızda qalacaq, onun adı Azərbaycan adı ilə qoşa çəkiləcək.
Səbail Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə Həşimova qeyd edib ki, konfransın Milli Kitabxanada keçirilməsi təsadüfi deyil. Ulu öndər daima kitabxanalara böyük dəyər verib. O, belə tədbirlərin gənclərin Heydər Əliyev irsinin öyrənilməsində rolunu qeyd edib.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, Heydər Əliyev fenomen şəxsiyyət kimi həm də mədəniyyət, iqtisadiyyat və ordu qurucusu olub. Ulu öndərin qayğısı ilə yetişən gənclər onun siyasətini davam etdirirlər.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd edib ki, Heydər Əliyev azərbaycançılıq məfkurəsinə daima xüsusi diqqət göstərib, 70-80-ci illərdən başlayaraq onu ideyadan praktikaya keçirib. Siyasətçinin qüdrəti ondadır ki, o, ideologiyanı həyata keçirsin. Hüseyn Cavid azərbaycançılıq ideologiyasında türkçülüyü, Məhəmməd Hadi müsəlmançılığı, Abbas Səhhət və Abdulla Şaiq maarifçiliyi əsas görürdüsə, Heydər Əliyev azərbaycançılıq ideologiyası ilə göstərdi ki, bu ideologiyanın əsasında həm türkçülük, həm müsəlmançılıq, həm də maarifçilik dayanır.
Milli Məclisin deputatları Tahir Rzayev, Hikmət Babaoğlu, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, publisist-politoloq Reyhan Mirzəzadə mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin sonunda “2023 – Heydər
Əliyev İli” adlı kitab
sərgisinə baxış olub.
Mədəniyyət.- 2023.- 31 mart.-
S.2.