Tbilisidə Azərbaycan və gürcü ədiblərinin
kitablarının təqdimatı
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Gürcüstan Yazıçılar Birliyi ilə əməkdaşlığı çərçivəsində Tbilisidə işıq üzü görmüş Xalq yazıçısı İsa Hüseynovun “Ömür karvanı” və tanınmış gürcü şairi David Şemokmedelinin Bakıda nəşr olunmuş “Astananın iki üzü” kitablarının təqdimat mərasimi keçirilib.
Mərkəzdən bildirilib ki, tədbiri Gürcüstan Elmlər Akademiyasının akademiki Avtandil Arabuli açaraq hər iki kitabın nəşrini Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinə böyük töhfə kimi dəyərləndirib.
Tədbirdə iştirak edən şair və yazıçılar, gürcü ictimaiyyətinin tanınmış nümayəndələri kitablarla bağlı fikirlərini bölüşüblər.
Gürcüstan Yazıçılar Birliyinin sədri şair Makvala Qonaşvili İsa Muğannanın gürcü dilində irihəcmli kitabının Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə müştərək layihə kimi ərsəyə gəldiyini diqqətə çatdırıb: “Kitabın redaktoru kimi deyərdim ki, tərcümə mətninin dili məni çox qane etdi, oxucuda elə təsəvvür yaranır ki, əsərlər sanki gürcü dilində yazılıb”.
Qeyd edək ki, Gürcüstan Yazıçılar Birliyinin “Merani” nəşriyyatında çap edilən kitaba yazıçının “Saz”, “Quru budaq”, “Şəppəli”, “İllər və damcılar”, “Aynalı Əhəd”, “İki xırman”, “Zəhər” kimi povest və hekayələri daxil edilib. Əsərləri gürcü dilinə tanınmış yazıçı-tərcüməçi İmir Məmmədli çevirib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə Heyətinin sədri Xalq yazıçısı Afaq Məsud deyib: “Gürcü həmkarlarımıza belə nəfis nəşrə görə öz minnətdarlığımı bildirirəm. İsa Muğanna 50-ci illərdə ədəbiyyata gəldi və o dövrdə sosialist realizmini deyil, insani dəyərləri ön plana çəkdi, heç vaxt ideologiyanın əsiri olmadı, öz yolunu, öz yazıçı azadlığını heç nəyə dəyişmədi. Bu kitabı neçə ildir hazırlayırdıq, nəşri bu ilə təsadüf etdi. Artıq David Şemokmedelinin şeirləri Azərbaycan, eləcə də İsa Hüseynovun əsərləri gürcü ədəbiyyatı aləminə daxil olub. Düşünürəm ki, qarşıda bizi hələ çox ədəbi mübadilələr, faydalı əməkdaşlıq gözləyir”.
Gürcüstan Yazıçılar Birliyinin sədr müavini, şair Bağater Arabuli, “Merani” nəşriyyatının direktoru Manana Qorqiladze, dramaturq Quram Batiaşvili və digər çıxış edənlər kitablar haqqında fikirlərini bölüşüb, iki ölkə arasında ədəbi əlaqələrindən bəhs edib, bu prosesdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini vurğulayıblar.
Gürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, şair David Şemokmedeli şeirlər kitabının Azərbaycan dilində nəşrinə görə Dövlət Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsuda minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində
Gürcüstanın Əməkdar artisti Paliko Nozadzenin ifasında David Şemokmedelinin
“Astananın iki üzü”
kitabındakı hekayə və şeirlər əsasında
hazırlanmış monotamaşa təqdim
olunub.
Mədəniyyət.- 2023.- 3 may.-
S.3.