45 illik ömrə sığmayan sənət dünyası

 

Xədicə Qayıbovanın 130 illiyinə həsr olunan gecə

 

Bu il Azərbaycanın ilk qadın pianoçularından Xədicə Qayıbovanın (1893-1938) anadan olmasının 130 illiyidir. Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində (BMM) musiqi xadiminin yubileyinə həsr olunan gecə keçirildi.

Tədbirin aparıcısı Hüseynağa Aslanov piano ifaçısının repressiya dalğası ilə kəsilən  nakam həyat yolu və yaradıcılığından söz açdı. Diqqətə çatdırıldı ki, Xədicə Qayıbova 45 illik ömründə həm bir musiqiçi, həm də ictimai fəaliyyətlə məşğul olub. Xədicə xanım səhnə üçün yaranmışdı və səhnə də ona qollarını geniş açmış şəkildə gözləyirdi. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı. Görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının yüksək mədəni təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclislərinin sədası onun evindən ətrafa yayılırdı. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, Türkiyədən gələn alimlər, şairlər olurdu. Araşdırmalarda göstərilir ki, bu musiqi məclislərində həm də Ü.Hacıbəyli, R.Qliyer, H.Sarabski, Bülbül, F.Köprülüzadə, İ.Hikmət və başqa mədəniyyət, elm xadimləri yaxından iştirak ediblər.

Musiqili gecədə pianoçunun həyatından fraqmentlər nümayiş olundu, musiqilər səsləndirildi. Fortepiano əsərləri ilə yanaşı, muğamxalq mahnılarına geniş yer verilmişdi. Bu da əbəs deyildi. Çünki Xədicə xanım muğam variasiyalarını fortepianoda ilk dəfə ifa edən musiqiçilərimizdən idi.

Bədii proqramın vokalçı, Əməkdar artist İlham Nəzərovun ifasında “Ana” mahnısı (söz – Fikrət Qoca, musiqiSevil Əliyeva) ilə açılması da gecəyə xüsusi lirik ahəng gətirmişdi.

Bu ifadan sonra Xədicə Qayıbovanın nəticəsi Nuridə Sultanova səhnəyə çıxaraq ulu nənəsinin yubileyinin qeyd edilməsində əməyi keçənlərə və bütün ifaçılara öz təşəkkürünü bildirdi. O, Ulu öndər Heydər Əliyevin musiqi sənətimizin inkişafını və təbliğini daim diqqətdə saxladığını dedi.

Xatirə gecəsi klassik musiqiBMM-in solistlərinin ifasında muğamxalq mahnılarından ibarət proqramla davam etdi.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 3 may.- S.3.