“Uşaq yaşlarımdan oxuduğum
kitablara illüstrasiyalar çəkirdim...”
Firəngiz Qurbanova: “Şanlı Zəfərimizi
yeni nəsillərə xeyirin şər üzərində qələbəsi
kimi çatdırmalıyıq”
O, görkəmli aktyor, Xalq artisti Ağadadaş Qurbanovun ailəsində dünyaya gəlib. Bu ailə Azərbaycan incəsənətinə sevilən adlar bəxş edib. Kim tanımır bu adları: aktrisa Gülşən Qurbanova, aktyor Hamlet Qurbanov və Əməkdar incəsənət xadimi, kino rəssamı, animasiya rejissoru, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, “Birlik” animasiya studiyasının rəhbəri Firəngiz Qurbanova.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) məzunu olan Firəngiz Qurbanova C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb. “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Gümüşü furqon” və digər sevilən bədii filmlərin quruluşçu rəssamı, “Seans”, “Bulud niyə ağlayır?”, “Anam ağacda” və s. cizgi filmlərinin quruluşçu rəssamı və rejissorudur.
Bu il Firəngiz xanımın 80 illiyidir. Bu
münasibətlə sənətkarla Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasındakı (ADRA) iş
otağında görüşüb həmsöhbət olduq.
– Firəngiz
xanım, studiyanızda görüşməyimiz də maraqlı
olardı.
–
Düzü etiraf edim ki, mənim evim də, studiyam da
emalatxanamda yerləşir. Ulu öndər Heydər
Əliyevin rəssamlara verdiyi bu emalatxanada oğlum, gəlinim
və nəvəmlə birgə yaşayırıq. Bu gün mən heç nədən şikayətçi
deyiləm. Çalışmışam
tapşırılan işin öhdəsindən gəlim.
Hərənin öz yaşam faktoru var.
– “Birlik” animasiya studiyası necə yarandı?
– 1985-ci
ildə, keçmiş ittifaqda elan edilən yenidənqurma
dövründə belə bir qərar verildi ki, yaradıcı
insanlar öz yaradıcı qruplarını yarada bilərlər.
Bu zaman özüm yaradıcı
proqramımı hazırlayıb təqdim etdim və müstəqil
yaradıcılıq birliyi təşəbbüsümü irəli
sürdüm. O zaman kinostudiyada
çalışırdım. Filmlərim
olduğu üçün məni Moskvada
tanıyırdılar və studiya orada təsdiq edildi, 1988-ci
ildə fəaliyyətə başladı. Təqdimatda görkəmli kinodramaturq Rüstəm
İbrahimbəyov da iştirak edirdi. Yəni
Moskvanın proqramı təsdiqləyən idarə heyətinin
tərkibinə Rüstəm müəllim də daxil idi.
– Buna qədər
də siz bir çox məşhur filmlərin rəssamı
kimi tanınırdınız və böyük bir yol gəlmişdiniz?
– Bəli,
mən quruluşçu rəssam ixtisası üzrə
oxumuşdum. Bakıya qayıdan kimi də birbaşa
mənə film verildi. Həyat
yoldaşım Fikrət Əhədov da Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunu bitirmişdir. O, məndən əvvəl
kinostudiyada çalışırdı. Bizim
birlikdə işlədiyimiz ilk ekran işi Yalçın
Əfəndiyevin “Xatirələr sahili” filmi oldu. Bəzən ikimiz də ayrı-ayrı filmlərdə
çalışdığımızdan oğlumuzun
üzünü belə gec-gec görürdük.
–
Müsahibələrinizin birində deyirsiniz ki, atanız və
əminizin gözəl rəsm çəkmək
bacarığı olub. Yəqin
bu istedad sizə gendən gəlir?
– Əmim mənim kiçik yaşlarımdan rəsm
çəkməyimi çox bəyənirdi. Anam mütaliəni
çox sevirdi və bizə də kitab oxutdururdu. Mən hələ uşaqlıqdan oxuduğum
kitablara illüstrasiyalar çəkirdim. Bu
illüstrasiyalar sanki kadrlara bənzəyirdi. Yəni hekayəni kadr-kadr çəkirdim. O
vaxt, təbii ki, heç bilmirdim kino nədir, kadr nədir. Amma kinonu sevirdim. İndi baxanda
görürəm bunlar eksplikasiyadır. Anam
o vaxt biləndə ki, ÜDKİ-də belə bir ixtisas var məni
ora oxumağa göndərdi.
– Bədii
filmdən animasiyaya gəlmək. Nədir sizə
animasiyanı sevdirən?
– Öncə
onu deyim ki, Azərbaycan animasiyası həmişə
tanınıb, sevilib. Filmlərimiz həmişə
festival və müsabiqələrdə mükafatlar
qazanıb. Mən kinonun bütün
formalarının sintezini yaratmaq istəyirdim. “Arzunu yarat” adlı ilk filmimdən sonra “Seansı”
işlədim. Bu mövzular məni
çox düşündürürdü. Bu film beynəlxalq arenada böyük uğur
qazandı. O zaman bütün sifarişlər Moskvadan gəlirdi.
Mərkəzi Televiziyanın sifarişi ilə
Dinara Seyidovanın ssenarisi əsasında ərsəyə gələn
“Kürən”i də qeyd etməliyəm. Bu
film sifariş əsasında çəkilmişdi və
çox bəyənilmişdi. Düzü,
öz stilistikam var, canlı mövzular məni daha çox cəlb
edir. Həm də diqqətinizə
çatdırmaq istərdim ki, “Birlik” animasiya studiyası fəaliyyətini
davam etdirir. Biz vaxtilə digər ölkələrdən
də sifarişlər alırdıq. 2021-ci
ildə studiya Azərbaycan Kinematoqrafçılar
İttifaqı ilə birlikdə “Sərçə” filmini
(rejissor Gülnar Əliyevanın diplom işi) çəkib.
Studiyanın “Qarabağ nağılı”
adlı layihəsi isə Mədəniyyət Nazirliyi tərəfindən
keçirilən “Böyük Qayıdış” müsabiqəsinin
qalibi olub. Film “Mənə nağıl
söylə” adlı serialın ikinci seriyasıdır. Animasiya filminin birinci seriyası olan “Araqçın”
2020-ci ildə çəkilib və festivallarda uğur
qazanıb. Amma bütün bunların
fonunda mən “Naməlum torpaq” (1992) filmindən söz
açmaq istərdim. 90-cı ilin 20 Yanvar
hadisələrindən sonra mən belə bir filmin ərsəyə
gəlməsinə qərar verdim. Çəkiliş
qrupumuz kiçik idi. Sifarişlə
çəkdiyimiz filmlərdən əldə etdiyimiz vəsaitlə
1991-ci ilin birinci yarısında rejissor Leyla Səfərova ilə
birlikdə “Naməlum torpaq” filminin çəkilişlərinə
başladıq. Bədii-publisistik sənədli
filmdə Azərbaycan xalqının tarixi kökləri
araşdırılır, sübut olunur ki, indiki Azərbaycan
Respublikasının ərazisi azərbaycanlıların əbədi
vətənidir və xalqımızın tarixi qədim
olduğu kimi, mədəniyyəti də qədim və zəngindir.
Film ərsəyə gələndə Rüstəm
İbrahimbəyov onu Moskvada nümayiş etdirdi. Nümayiş zamanı ermənilər bərk narahat
olmuş, təxribata əl atmışdılar. Bu gün ən böyük istəyim bu filmin ikinci
hissəsinin ərsəyə gəlməsidir.
– Vətən
müharibəsindəki Qələbəmizi animasiya dili ilə
uşaqlara necə təbliğ edə bilərik?
– Biz
şanlı Zəfərimizi yeni nəsillərə xeyirin
şər üzərində qələbəsi kimi
çatdırmalıyıq. Uşaqlara ağ-qara
qüvvələr, qorxmazlıq, mübarizlik, mərdlik kimi
xüsusiyyətlər aşılanmalıdır. Atalar
övladlarına deməlidirlər ki, sən heç vaxt qara
qüvvələrdən qorxma, əgər sən ədalətlisənsə,
qara qüvvələrə hər zaman qalib gələcəksən...
– Dövlət
Rəssamlıq Akademiyasında tədrisə yeniliklər gətirmisiniz...
– Buna
görə uzun illər akademiyanın rektoru olmuş Ömər
Eldarova təşəkkür edirəm. Onun sayəsində
ADRA-nın Qrafika kafedrası nəzdində animasiya filmi
üzrə quruluşçu rəssam ixtisası
açıldı. Onlar bakalavr mərhələsini
bitirirlər. Tələbələrimin əksəriyyəti
kino sahəsində çalışırlar. Onlara bu sahənin bütün incəliklərini
öyrədirəm. Tələbələrim
filmi əvvəldən görürlər. Rejissor yaxşıdırsa, aktyor da yaxşı
oynayacaq. Animasiyada əsas çəkə
bilmək, görmək bacarığıdır. Rəssam varsa, animator tapmaq asan məsələdir.
Son dövrlər animasiyada kompüter
qrafikası geniş yer alıb. Cizgi
animasiyasının 3D animasiyadan üstünlüyü
personajın xarakterinin tam dolğunluğu, bütün incəlikləri
ilə açılmasıdır. Mən
cizgi animasiyasının tərəfdarıyam. Oğlumsa 3D ilə işləyir. Əvvəllər animasiyaya peşəkarlar gəlirdi.
Amma indi sanki hər kəs
özü-özünə öyrənir. Bizdə
peşəkar hazırlıq yoxdur. Bu gün istənilən
adam həm animasiya, həm də film
çəkə bilər. Çünki
müasir texnoloji yeniliklər buna imkan verir. Buna baxmayaraq, peşəkarlıq mütləqdir.
Bu gün rejissor və rəssam işini bir arada
görür, tələbələrimə də bunu öyrədirəm.
– Bu sahə
üzrə nələri təklif edirsiniz?
– Mənim
təklifim animasiya filmləri toplusunun yaradılmasıdır.
Bu gün Azərbaycanda mövcud olan
bütün studiyalarda cizgi filmlərinin istehsalı 3D animasiya
proqramlarında aparılsa da, “Birlik” studiyası
hazırladığı filmləri qrafik üsuldan istifadə
etməklə yaradıb. Çünki bu,
hər bir rejissorun öz bədii üslubunda işləməsinə
imkan verir. Bunun sayəsində studiyamızın, demək
olar ki, bütün filmləri beynəlxalq animasiya
festivallarında iştirak edib və uğur qazanıb...
Təlim metodumun effektivliyini sübut etmək
üçün tələbələrimin diplom işlərini
“Birlik” studiyasında işləyib hazırlanmasını təklif
etdim. Bu ideya akademiya rəhbərliyi tərəfindən bəyənildi.
Diplom işi olan 1,5 dəqiqəlik “Sərçə”
filmi üzərində studiyamızın bütün
yaradıcı heyəti çalışıb. Film İtaliyanın Neapol şəhərində
keçirilən Tələbələrin Beynəlxalq
Kinofestivalının iştirakçısı oldu. Bu istiqamətdə fəaliyyətimizi davam etdirmək
üçün maliyyə dəstəyi lazımdır.
İldə 3-4 məzun buraxılır. Diplom işlərinin xronometrajı 2 dəqiqədən
çox olmamalıdır. Maddi dəstək
olarsa, 2-3 ildən sonra tələbələrimizin müəllif
işlərindən ibarət animasiya filmləri toplusu
yaranacaq. Bu gün əminəm ki, tələbələrim
bu işi layiqincə davam etdirəcəklər.
– Sizcə,
filmlər festivala hesablanmalı, yoxsa yerli tamaşaçı
auditoriyası üçün?
– 3D və yaxşı keyfiyyətli animasiya
filmləri kommersiya məqsədi daşıyır. Məsələn,
“Maşa və Ayı” kimi. Bunu festivala göndərmək
olmaz. Festival individual yanaşma istəyir.
Buna görə də festival animasiyası əldə
toxunan xalçaya bənzədilir. Müəllif
işi olur. Sənət nümunəsi və
kommersiya fərqlidir. Mən tələbələrimlə
animasiyanı əl ilə işləməyi öyrədirəm.
3D cizgi filmlərinə fikri versəniz, onlarda
hamının eyni göz, eyni sifət cizgiləri, baş verənlərə
eyni reaksiyasını görəcəksiniz. Müəllif animasiyası mütləq inkişaf
etməlidir. İstər animasiya, istərsə
də bədii filmlər olsun, festivala gedən işlərin əksəriyyətində
Azərbaycanımızı təbliğ edən nəcib niyyət
yoxdur. Niyə gənclərimiz
xalqımızı bu formada təqdim edirlər? Niyə hansısa xalq bizi belə
tanımalıdır. Bizim axı
istedadlı uşaqlarımız var. Əfsus ki, bizdə kino tənqidi
yox dərəcəsindədir.
– “Özümü ailəmlə birlikdə xoşbəxt hiss edirəm”, – deyirsiniz. Ailəniz Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Sənətkar ailəsində doğulmaq nə deməkdir?
– Atam 24 yaşında “Əməkdar artist” fəxri adı almışdı. Onun 14 kvadratlıq evi vardı. Bacımla mən bu evdə dünyaya gəlmişdik. Atam heç vaxt gileylənmirdi. Amma anamın təkidi və səyləri nəticəsində bizə “Sovetski” deyilən ərazidə ev verdilər. Maraqlıdır ki, atam vaxtilə elə burada dünyaya gəlmişdi. Ailəm həmişə orta səviyyədə yaşayıb. Atam 4 il deputat oldu və hamıya kömək etməyə çalışırdı. Anam Kübra xanım Əməkdar həkim idi. Atası Həbibullaxan Nəbibəyov 1910-cu ildən İran konsulu idi, 1932-ci ildə vəfat etmişdi. Anam çox gözəl qadın idi. Nə mən, nə də Gülşən anamıza, yox atamıza oxşamışıq. Hamletdən isə, əfsus ki, çox danışa bilmərəm. O, çox gözəl xarakterə malik idi. Heç kimə bənzəmirdi. Bir neçə dəfə bu haqda demişəm. Hamleti atamın 40 mərasimində ilk dəfə gördüm və o, atama necə oxşayırdı. Mən onun bu oxşarlığına mat qalmışdım. Bundan sonra biz tez-tez zəngləşir, görüşürdük. O, dünyasını dəyişənə qədər bizim əlaqələrimiz kəsilmədi.
***
Firəngiz xanım söhbətimizin
bütün məqamlarında animasiya ilə bağlı
düşüncələrini bölüşür. Hiss olunur ki, indinin dəbli
3D animasiyası ilə heç arası yoxdur. Klassik
animasiyanın statusunu bərpa etmək onun əsas amalıdır.
“Mədəniyyət” qəzeti olaraq sənətkarı
yubileyi münasibətilə təbrik edir, möhkəm
cansağlığı, yeni yaradıcılıq ovqatlı
illər arzulayırıq.
Lalə
Azəri
Mədəniyyət.- 2023.- 3 may.-
S.7.