“Qayınana” Özbəkistan Dövlət Musiqili Teatrının səhnəsində

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kinematoqrafiyasının şah əsərlərindən sayılan “Qayınana” komediyasının premyerası olub.

Nümayişdən öncə səhnəyə çıxan AMM-in direktoru Samir Abbasov “Qayınana” komediyası haqqında məlumat verib, bu əsər əsasında çəkilmiş filmin təkcə Azərbaycanda deyil, Özbəkistanda da çox məşhur olduğunu qeyd edib. Direktor səhnə əsərinin AMM ilə Muqimi adına teatr arasında uğurlu əməkdaşlıq nəticəsində ərsəyə gəldiyini diqqətə çatdırıb.

Özbəkistan Dövlət Musiqili Teatrının direktoru Özbəkistan və Qazaxıstanın Əməkdar artisti Azim Mullaxanov əməkdaşlıq və diqqətə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. O, bundan sonra da əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu deyib.

Sonra tamaşa nümayiş olunub.

Böyük maraqla qarşılanan səhnə əsərinə Özbəkistan Dövlət Musiqili Teatrının baş rejissoru Dastan Xaqberdiyev quruluş verib. Tamaşanın musiqi tərtibatçısı Karima Uzakova, dirijoru Akmal Turayevdir.

Qayınana (Cənnət) obrazını Özbəkistanın Əməkdar artisti Məhəbbət Sotvaldiyeva canlandırıb, digər rollarda Qulasal Rahmanova, Omon Yuldaşev, Arofat Erqaşova, Ravşan İbraqimov, Özbəkistanın Xalq artisti Mexri Bekçanova, Bazarbek Xolmuminova, Zilola Abdullayeva çıxış edirlər.

Qeyd edək ki, yazıçı Məcid Şamxalovun 1964-cü ildə qələmə aldığı “Qayınana” pyesi 1974-cü ildə bəstəkar Zakir Bağırovun musiqi tərtibatı ilə Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) ən populyar səhnə əsərlərindən birinə çevrilib.

“Qayınana” komediyası əsasında “Azərbaycanfilm”də çəkilmiş eyniadlı bədii film (1978, rejissor Hüseyn Seyidzadə) də milli kinomuzun ən dəyərli nümunələrindəndir. Film bir sıra ölkələrdə, o cümlədən Özbəkistanda böyük maraqla qarşılanıb. Görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin filmə yazdığı musiqilər isə ekran əsərinin təsir qüvvəsini daha da artırıb. Filmin finalında səslənən “Biz mehriban ailəyik” mahnısı təkcə Azərbaycanda deyil, Özbəkistanda da böyük sevgi ilə qarşılanaraq dillər əzbərinə çevrilib.

Xatırladaq ki, “Qayınana” komediyası bundan öncə Özbəkistanın Səmərqənd vilayətində, Kattakurqon Şəhər Dram Teatrında tamaşaya qoyulub. Səhnə əsərinə Azərbaycanın Əməkdar incəsənət xadimi Əsgər Əsgərov quruluş verib. 2022-ci ilin dekabrında özbək teatrı bu tamaşa ilə Bakıda qastrol səfərində olub.

 

Mədəniyyət.- 2023.- 3 may.- S.1;2.