Mədəniyyət naziri dövlət kino təsisatlarının vəziyyəti ilə tanış olub

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli aprelin 27-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında olub.

“Azərbaycanfilm”in direktoru Nazim Hüseynov naziri kinostudiyanın ərazisi, inzibati binalardakı şəraitlə tanış edib.

Müəssisəyə baxış zamanı fəaliyyətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

 

***

 

Mədəniyyət naziri Adil Kərimli daha sonra Azərbaycan Dövlət Film Fonduna baş çəkib.

Fondun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev öncə nazirə müəssisə  barədə məlumat verib. Bildirib ki, Dövlət Film Fondu Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2008-ci ildə Dövlət Film Fondu üçün yeni bina istifadəyə verilib.

Adil Kərimli Azərbaycan Dövlət Film Fondunun texniki avadanlıqlarla təchiz edilmiş  otaqları, laboratoriya, tamaşa salonu, yardımçı otaqlar, həmçinin burada filmlərin saxlanılma və bərpa şəraiti, digər texniki imkanları ilə tanış olub.

Nazirə Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən kino muzeyinin eksponatları haqqında geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, hər il Film Fondunda Azərbaycan kino xadimlərinə həsr olunmuş tədbirlər, yubiley və xatirə gecələri təşkil olunur, şəxsi arxiv fondları yaradılır. Fondda qorunan ümumi saxlanma vahidlərinin  sayı 80 mini ötüb.

Mədəniyyət naziri Film Fondunun hazırkı dövrdə qarşılaşdığı problemlərlə də maraqlanıb və müəssisənin gələcəkdə də dövlət qayğısı ilə əhatə olunacağını vurğulayıb.

 

Mədəniyyət.- 2023.- 3 may.- S.3.