Tarixçi, tərcüməçi və
təyyarəçi
Tağı Musəvi Cənubi Azərbaycanda
milli hərəkatda da
fəal iştirak edib
Bu il Cənubi Azərbaycanda milli hərəkatın və Azərbaycan Demokrat Partiyasının fəallarından biri, tarixçi, tərcüməçi, hərbi təyyarəçi Tağı Musəvinin anadan olmasının 105 illiyi tamam olur.
Tağı Məmmədəli oğlu Musəvi (Tağıyev) 1 may 1918-ci il tarixdə Təbrizdə dünyaya göz açıb. T.Musəvi 1923–1930-cu illərdə Təbrizdə “Gülzar” adlı yeddiillik məktəbdə oxuyub, bir müddət şəhərdəki xalça fabrikində fəhlə işləyib. 1934-cü ildə Təbrizdə “Ədib” adlı orta məktəbi, sonra isə hərbi məktəbi bitirib. Sonra Tehran Ali Hərbi Universitetinə göndərilib. 1941-ci ildə universiteti leytenant-şturman olaraq bitirib və xidmət etmək üçün İran Hərbi Hava Qüvvələrinin birinci alayına təyinat alıb. Eyni vaxtda İran Xalq Partiyasının (Tudə) sıralarına daxil olub. 1942-ci ildə xidmət ixtisasını artırmaq üçün Tehran Təyyarəçilik Məktəbinə göndərilib. 1942–1945-ci illərdə Tehran, İsfahan və Kirmanşahda İran Hərbi Hava Qüvvələrinin təyyarəçi-şturmanı olaraq xidmət edib.
Cənubi Azərbaycanda milli hərəkatın fəalı kimi 1945-ci ildən 1946-cı ilədək gizli şəkildə partiya fəaliyyəti ilə məşğul olub və partizan dəstəsinə başçılıq edib. Cənubi Azərbaycanda Milli Hökumət qurulduqdan sonra 1946-cı ilin aprel ayında Azərbaycan SSR-ə ezam olunub, Kirovabad (Gəncə) Hərbi Təyyarəçilik Məktəbində hərbi təyyarəçi-kapitan kimi ixtisaslaşıb. O, 1947–1951-ci illərdə Azərbaycan KP MK nəzdində Partiya Məktəbində təhsil alıb, 1952–1956-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Marksizm-Leninizm kafedrasının aspiranturasında təhsil alıb. 1956–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Radio Verilişləri və Televiziya Komitəsində radionun xarici verilişlər redaksiyasında redaktor və tərcüməçi, 1980-ci ilədək isə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsindən baş elmi işçiliyədək yol keçib.
T.Musəvi 1979-cu ildə İranda İslam inqilabından sonra ailəsini Azərbaycanda qoyub İrana qayıdır. 1981-ci ildə Bakıda qalmış həyat yoldaşı Tuğra Məmməd qızı Musəvinin (1929-cu il təvəllüdlü) ağır xəstə olması xəbərini alır və Bakıya geri dönür. Ancaq həyat yoldaşı 52 yaşında Bakıda vəfat edir. T.Musəvi bundan sonra yenidən İrana qayıdır. Lakin daha orada çox yaşaya bilmir. Siyasi təqiblərə məruz qalır. 1982-ci ildə dostlarının köməyi ilə Əfqanıstan tərəfdən SSRİ ərazisinə keçir. Yenidən Bakıda yaşamağa başlayır. 1994-cü ildə insult keçirir. Bir müddət sonra İsveçin Lund şəhərində yaşayan qızı Azərinin yanına gedir və ömrünün sonunadək orada yaşayır.
30 iyul 2000-ci il tarixdə, 82 yaşında Lund şəhərində dünyasını dəyişib və vəsiyyətinə əsasən, bu şəhərdəki qəbiristanlığın müsəlmanlar üçün ayrılmış hissəsində dəfn olunub.
T.Musəvinin 1952-ci il təvəllüdlü oğlu Yusif ABŞ-da, 1954-cü il təvəllüdlü qızı Azərin İsveçdə yaşayır. 1962-ci il təvəllüdlü oğlu Ruzbeh isə 30 il Almaniyada yaşayıb və 2022-ci ildə orada da vəfat edib.
T.Musəvi 1960–1970-ci illərdə Azərbaycan tarixçiliyində çox məhsuldar fəaliyyət göstərib. Onun rəhbərliyi və iştirakı ilə Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Seyid Cəfər Pişəvərinin seçilmiş əsərləri toplanılıb tərcümə edilib və geniş müqəddimə ilə 1965-ci ildə ərəb qrafikalı Azərbaycan əlifbası ilə Bakıda çap olunub. Müəllifi olduğu “Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər” (1965), “Bakı tarixinə dair Orta əsr sənədləri” (1967) kitabları maraqla qarşılanıb. O, həmçinin “F.Rəşidəddinin “Vəqfnameyi Rəbi-Rəşidi” əsərində Azərbaycan tarixinin ictimai-iqtisadi, mülki və hüquqi məsələlərinə dair” çoxcildlik üçün geniş məqalə də yazıb.
Rahim Həsənov
AMEA Şəki Regional Elmi Mərkəzi Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri
Aydın Məmmədov
M.F.Axundzadə adına Şəki Mədəniyyət
Mərkəzinin əməkdaşı
Mədəniyyət.- 2023.- 3 may.-
S.6.