Kinorejissor Nicat Feyzullayevin
xatirəsi anılıb
Sənədli kino salnaməsinə
retrospektiv baxış
davam edir
Dövlət Film Fondunun Azərbaycan
kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi
münasibətilə həyata
keçirdiyi “Azərbaycanın
sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış layihəsi davam edir.
Aprelin 28-də keçirilən
növbəti tədbir
kinorejissor Nicat Feyzullayevin (1945–2015) yaradıcılığına
həsr olunub. Tanınmış
rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın
ailəsində dünyaya
gələn Nicat Feyzullayev Azərbaycan kinosuna “Küçələrə
su səpmişəm”
bədii filmi və çoxsaylı sənədli ekran əsərləri bəxş
edib.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə
Nicat Feyzullayevi nəcib insan, istedadlı rejissor, ziyalı və vətəndaş kimi xarakterizə edib.
Xalq artisti, kinorejissor Ramiz Həsənoğlu, Əməkdar artist, kinorejissor
Elxan Qasımov, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət
xadimi, kinooperator, rejissor Nizami Abbas, Xalq artisti,
kinoaktyor Şamil Süleymanlı çıxış
edərək mərhum
sənətkar haqqında
xatirələrini bölüşüblər.
Ailə üzvləri adından Məhərrəm Məhərrəmov
tədbirin təşkilinə
görə Dövlət
Film Fondunun kollektivinə
təşəkkürünü bildirib.
Sonda Nicat Feyzullayevin “Azərbaycan rəngkarlığının kraliçası”
(2009) sənədli filmi
nümayiş olunub.
“Yaddaş” studiyasında
çəkilən ekran
əsəri Azərbaycanın
ilk peşəkar qadın
rəssamlarından Vəcihə
Səmədovanın həyat
və yaradıcılığından
bəhs edir. Filmdə rəssamın
müasirləri və həmkarları Tahir
Salahov, Ömər Eldarov,
Tokay Məmmədov, Həyat Abdullayeva, həmçinin bəstəkar Xəyyam
Mirzəzadənin xatirələrinə də yer
verilib.
Mədəniyyət.- 2023.- 3 may.-
S.5.