Aktyor Rəzzaq Məmmədov vəfat
edib
Uzun illər Dövlət Gənclər Teatrında və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmış aktyor Rəzzaq Məmmədov mayın 3-də, ömrünün 75-ci ilində vəfat edib.
Rəzzaq Qüdrət oğlu Məmmədov 2 noyabr 1948-ci ildə Lənkəran rayonunun Liman qəsəbəsində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra institutun Tədris teatrında fəaliyyətə başlayıb. 1989-cu ildən Dövlət Gənclər Teatrında çalışıb. Teatr 2009-cu ildə Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən sonra 2021-ci ilədək burada fəaliyyətini davam etdirib. “Leyli və Məcnun”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Mənim ağ göyərçinim”, “Ağ ölüm”, “Şeyx Sənan”, “Sarıköynəklə Valehin nağılı” kimi tamaşalarda bir-birindən yaddaqalan rollar ifa edib.
Aktyor kinoda da çəkilib, “Yalan”, “Biz qayıdacağıq”, “Dolu”, “Sübhün səfiri”, “Nar bağı” və s. filmlərdə rol alıb.
Rəzzaq Məmmədov doğulduğu Lənkəran rayonunun Liman qəsəbəsində dəfn edilib.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2023.- 5 may.-
S.6.