Sərrast tuşlayıcı
Lənkəranda şəhid qəhrəmanın
xatirəsi anılıb
Tariximizə şanlı Zəfərlə həkk olunan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canını və qanını əsirgəməyən qəhrəman oğullardan biri də şəhid əsgər Sənan Ağazadədir.
Sənan Nizami oğlu Ağazadə 2000-ci il may ayının 1-də Lənkəranın Göyşaban kəndində dünyaya göz açıb. 2006-cı ildə M.F.Səhban adına Göyşaban kənd məktəbinin 1-ci sinfinə gedib. O, 2017-ci ildə S.Kazımbəyov adına Lənkəran şəhər 6 nömrəli tam orta məktəbi bitirib. 2019-cu ildə Vətən qarşısında əsgəri borcunu yerinə yetirməyə başlayıb.
2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Sənan artıq hazır döyüşçü idi və torpaqlarımızın düşmən əsarətindən qurtulması üçün o da silahdaşları kimi ön cəbhədə yerini almışdı. O, Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə minaatan batareyasında tuşlayıcı kimi fəaliyyət göstərib. Hədəfi sərrast nişan alması sayəsində düşmənin bir neçə hərbi texnikası və 30-dan çox canlı qüvvəsi məhv edilib.
Bir neçə yaşayış məntəqəmizin yağıdan azad edilməsində iştirak edən Sənan Ağazadə oktyabrın 14-də şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.
Mayın 1-də Sənan Ağazadənin doğum günündə, Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. Ziyarətçilər daha sonra şəhidin ailə üzvlərinə baş çəkiblər. Söhbət zamanı Sənanın Vətənə, yurduna sonsuz sevgisindən, müharibədə göstərdiyi igidlikdən danışılıb. Bildirilib ki, dövlətimiz, xalqımız var olduqca torpaqlarımızı canı-qanı bahasına düşməndən azad edən Vətən övladlarının əziz xatirəsi daima uca tutulacaq, hər zaman hörmətlə anılacaq.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Mədəniyyət.- 2023.- 5 may.-
S.6.