İnadkar bir ömrün 70-ci dayanacağında

 

“Ömrüm qaçaqaçla, çox işləməklə, qayğılarla döyüşməkdə keçdi. Nə yaşamağa, nə də yaşlanmağa vaxtım olmadı...”

 

 

Məhz bu başlıq yaraşdı onunla etdiyim uzun müsahibədən yazıya köçənlərə. Bu minvalla o, ağır, hüznlü və ən əsası da inadkar bir ömrün 70-ci dayanacağında həm dərindən nəfəs aldı, həm də çoxdandı ürəyində yükə döndərdiklərini boşaltdı.

Həmsöhbətim Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Kazım Abdullayevdir.

– İllər əvvələ qayıtsaq, balaxanılı oğlan teatra sevgidən gəldi, yoxsa dövrün əyləncələri az idi?

– Bu il ömür yaşımın 70-i, səhnə yaşımın da 55-i geridə qalır. Yadımdadı, 8-ci sinfin axırları idi. Ədəbiyyat müəlliməmiz sinifdən 4 uşaq seçdi. Dedi “Balaxanı Mədəniyyət evinə gedin, komsomolun yubiley ili ilə bağlı tədbirdə şeir deyəcəksiz”. Kompozisiya hazırlandı, səhnəyə çıxdıq, alqış-filan... Bir də onda gördüm ki, aludə olmuşam. Hə, beləcə, səhnəyə atdılar məni. Onu deyim ki, Balaxanıda teatr, mədəniyyət daim ön planda olub. Beləcə, klubda, dram dərnəyində müxtəlif tamaşalarda oynamağa başladım. Bilirsiniz, həmin dövrdə indiki kimi əyləncələr, məşğuliyyət sahələri geniş deyildi. Biz nəsil gənclər özümüzü ya səhnədə, ya da musiqidə tapdıq. 4 il orada məşğul oldum. Sonra o vaxtkı İncəsənət İnstitutuna qəbul olundum. 4 il əla proses getdi. Adil İsgəndərov kimi nəhəngin seçmə uşaqlardan yığdığı kinoaktyorluq kursunda oxudum. Zarafat deyil, o fakültənin ilk, şansızlığa bax ki, elə son məzunları da biz 10 nəfər olduq. Sənətdə başı daşdan-daşa dəyən 10 nəfər...

– Müəlliminizin uğradığı haqsızlıq sizin də taleyinizdən yan keçməyib, deyəsən.

– Özü də necə. Biz kinoaktyorlar kursu həvəslə diplom tamaşamızı hazırladıq.vecimizə, iş yerimiz də hazır idi. Müəllimimiz kinostudiyanın direktoru idi. İnstitutu bitirən kimi hamımızı orada işə götürəcəkdi. Eh, sən saydığını say, gör... Keçmiş gündür, amma dünənki kimi yadımdadır: yayın istisində diplom tamaşamızın son məşqini edirik. Birdən kimsə “Uşaqlar, Adil müəllimi işdən çıxartdılar” dedi. Təsəvvür edirsiniz nə günə düşdük? Kor-peşman tamaşanın başlanmasını gözləyirdik ki, dəhlizdən doğma səs eşidildi: “Qadam, niyə bikefsən, keç zala, tamaşa başlayır axı”. Adil müəllim idi. Hamımız yanına qaçdıq. Qürurlu adam idi. Təbəssümünü üzündən əskik etmədən ömrüm boyu qəlbimdə iz salacaq “Uşaqlar, bağışlayın, sizin üçün heç nə edə bilmədim”, – dedi. Beləcə, diplomumuzda “dram və kino aktyorluğu” qeydi ilə ətrafa səpələndik.

– Maraqlıdır, sonralar sizi səhnəyə atan ədəbiyyat müəlliminizi qınadınız, yoxsa kurs rəhbərinizi?

– Heç birini. Ruhları şad olsun. Elmira müəllimə bizə ədəbiyyatı elə sevdirmişdi ki, ondan öyrəndiklərim həmişə dadıma yetdi. Adil müəllimə gəlincə, o, mənim sənət və həyat idealım idi. Onsuz da uşaqlıqdan çətinlikdə olmuşam. Böyüyüb sənətə gələndən sonra da hər şeyi dişimlə, dırnağımla qazanmışam. Sənətdəki, yəqin ki, tək şansım Adil İsgəndərov kimi dahinin kursuna düşmək, onun tələbəsi olmaq idi.

– Kinoaktyor olmaq, sürətlə məşhurlaşmaq arzuları quran gənc məzun gəldi oldu teatr aktyoru...

– Siz deyən kimi asan olsaydı, nə dərdim? (gülür). Əlimdə diplomla qaldım belə. Kinostudiyanın təzə direktoru “Bizə aktyor lazım deyil”, – dedi. Üz tutdum nazirliyə ki, mənə iş verin. İndiki halıma baxmayın, gənclik dəliqanlılıq, iddialı olmaqmış həm də. Mədəndə traktorçu işləyən fəhlənin oğlu olasan, gedib nazirlikdən iş tələb edəsən. Sağ olsunlar, dedilər, gözlə, boş yer olanda özümüz deyərik. Bir az cəhddən sonra Lənkəran teatrında boş ştat olduğunu bildirdilər.

– Siz də indiki gənc aktyorlar kimi “Mən hara, bölgə hara?!”, – dediniz.

– Hə. Niyə həmin bölgələrdən gələnlər şəhər teatrlarında qalmalıydı, mən bölgəyə getməliydim?

– Yəqin uzun müddət iş tapmadınız.

– Tapdım (gülür). Nazirliyə ikinci gəlişimdə Sumqayıt teatrının baş rejissoru Vaqif Şərifovla rastlaşdım və o, məni teatra dəvət elədi. Düzünü deyəcəm, heç bu da ürəyimcə deyildi. Amma yenə də razılaşdım. Sevincək evə gedib sənədlərimi hazırlayırdım ki, çağırış gəldi və getdim hərbi xidmətə. Sumqayıt teatrında xidmətimi başa vurandan sonra – 1976-cı ildən işləməyə başladım. Düz 20 il. Tale elə gətirdi ki, dram dərnəyi kimi burada da ilk rolum “Komsomol” poemasında Şahsuvar oldu. 1996-cı ilin yanvarınadək orada çalışdım. Bir çox tamaşalarda oynadım, əsasən də baş rollarda.

– 90-cı illər teatrların çətin dönəmi idi...

– Çətin də sözdür? Qəpik-quruş maaşa hər gün Bakıdan Sumqayıta getmək, oradan qayıtmaq... Elə olurdu ki, gün ərzində 3-4 dəfə gəl-get edirdim. Teatrın maaşı ilə dolanmaq olmurdu axı. Kinostudiyaya dublyaja qaçırdım. Ailə-uşaq, dolanışıq çətin idi.

– Dublyaj demişkən, özündən çox səsi “oynayan” aktyor kimi ekranda sizin səsinizlə görünənlərə paxıllıq etməmisiniz ki?

– Riyakarlıq edə bilmərəm, bəli, sözsüz ki, olub. Olur da, aktyor qısqanclığıdır. Amma heç kimin paxılı olmamışam. Əksinə, çalışmışam gənclərə kömək edim, əllərindən tutum. Düzdü, yaxşılığım pisliklə də qarşılanıb. Amma barışmışam, bağışlamışam.

– Anlaşılandır. Sənətdə, teatrda intriqa qazanı həmişə qaynayır. Özəlliklə də böyük teatr kollektivində.

– Vallah, bu, daha çox kənardan belə görünür. Mən ora gələndən elə bir intriqa görməmişəm. Amma gəlin, onu da etiraf edək ki, o teatr da, onun aktyorları da ayrı-ayrılıqda seçiləndirlər. Əksəriyyəti də ömrünü bu yolda fəda edib. Düzdü, əvəzində xalq sevgisi, dövlətin diqqətini də görmüşük. Amma bunlar da heç də asanlıqla olmayıb. Hə, hər şey rəvan gedərkən biri gəlib deyir ki, “Siz daha tamaşaçıya lazım deyilsiniz, başqa üslubda teatr və aktyor lazımdır”. Belə olanda da siz deyən qazan qaynadıqca qaynayır. Ondan qalanı, adi, cari teatr, kulis məsələləridir. Məsələn, rol üstündə mübahisələr, ənənəvi “rejissor niyə məni yox, onu seçdi” kimi məsum mübahisələr, giley-güzarlar anlaşılandır.

Teatrların kulis arxasında zaman-zaman mediaya da səs salan münasibətlərin səbəbkarı aktyor-rejissor-direktor üçlüyündən daha çox hansıdır?

– 55 ildir ki, sənətdəyəm. Az-çox təcrübəm var. Görün, neçə direktor görmüşəm. Ümumən aktyorun yeri səhnədir. O, direktor olanda...

– Nə olur?

– Aktyorlar müdir olanda lap çətin olur. Təcrübələr var, tarix var, yaddaş var. Sadalayıb heç kimin ruhunu incitmək istəmirəm. Amma rəhmətlik Azər Paşa müəllim başqa idi. Gözəl rəhbər, yaxşı rejissor və əsl pedaqoq idi. Aktyorlarını çox sevirdi. Sadəcə, kimə nə sərf edirsə, onu da danışır. Azər Paşa müəllim nəhəng rejissor və yaxşı idarəçi idi.

– Amma siz Sumqayıtdan “Azdrama”ya deyil, Bakı Bələdiyyə Teatrına gəldiniz...

– Bəli, bu yol-kol məşəqqətindən bezib Sumqayıt teatrından ayrılmağa məcbur oldum. Çatdıra bilmirdim heç nəyi. İşdən evə gecə saat 11-12-də zorla gəlib çatırdım. Amaliya xanımın yaratdığı Bakı Bələdiyyə Teatrı mənə yeni yurd oldu. Qısa zamanda bu teatrda da müxtəlif xarakterli rollar oynadım.  Yadımdadır, o vədələrdə tədbirlərin birində Azər Paşa müəllimlə görüşdüm. Dedi “Gəl, Turabova deyim, səni “Azdrama”ya götürsün”. Çox sevindim. Amma bu sevda da baş tutmadı. Baxmayaraq ki, onunla 2-3 filmdə oynamışdım, məni tanıyırdı, lakin götürmədi. Əvəzində öz tələbələrinə ştat verdi. Müəllim idi axı, həm də. Anlayıram onu. Düzü, heç mən də qapı-baca döymədim. Bakı Bələdiyyə Teatrındakı işimdən bərk yapışdım. 10-dan artıq tamaşada əsas rolları oynadım. Cəbhə bölgələrində tamaşalar göstərdik, səngər-səngər gəzdik. Amaliya xanıma minnətdaram. “Əməkdar artist” fəxri adını da onun teatrında olarkən aldım, teatrın 10 illiyi münasibətilə mən də təltif olundum. Sonra “Azdrama”ya iş üçün müraciət etdim. Rəhmətlik Əliabbas Qədirov onda teatrın direktoru idi. Məni yaxşı qarşıladı, amma ştata götürülməyim iki il sürdü. Çünki o biri teatrdan məni buraxmaq istəmədilər. Nəysə, keçənə güzəşt deyiblər. İki il ərzində dörd tamaşada əsas rolları oynadım. Sonra işə götürüldüm.

– Yəqin böyük kollektivdə özünə yer eləmək müşkül idi...

– Bəli, bu teatrda özünə yer eləmək çox çətindir. Ora elə bir yerdir ki, o, hər aktyoru qəbul edib, barındıra bilmir. Bunun ştat vahidi olaraq anlamayın. Baxın, elə aktyor var ki, 50 ildir teatrda, aktyor ştatındadır. Amma səhnə, tamaşaçı onu qəbul eləmir. Mənim nədənsə bu barədə bəxtim gətirdi və 7-8 ilin içində 40-dan çox rol oynadım. Düzdü, pandemiya məni aktyor olaraq çox geri saldı. Əvvəlcə ürək əməliyyatı olundum, sonra uzun müddət teatrdan ayrı düşdüm. İki dəfə ağır xəstələndim və ən dəhşətlisini yaşadım – yaddaşımı itirdim. Dəftər-dəftər söz əzbərləyən adam olasan, 2-3 cümlə yadında qalmaya. Hər şey bir yana, aktyor üçün rollarını unutmaq faciədir və o da gəldi başıma. Şükür, artıq yavaş-yavaş özümə gəlirəm.

– Yaddaşı itirməyin yaxşı tərəfləri də var yəqin. İnsan bəzən nələrisə unutmaq istəyir.

– Amma bəla burasındadır ki, unutmaq istədiyim hər şeyi elə bil beynimi oyaraq yazıblar.

– Siz daha çox nələri unutmaq istərdiniz?

– Belə fikirləşəndə çox ağır həyat yaşamışam. Gözümü açandan zillətdə olmuşam. Buna məhrumiyyətlərdən daha çox mənəvi yükü, mümkünsüz halları qatsam, adamın bağrı çatlayar. İstər maddi, istərsə də mənəvi əzablarımı kiməsə göstərməmək üçün öz üzərimdə, öz başıma açdığım oyunlar ən amansızıdır. Təsəvvür edirsiniz də halımı?! İndi oturub o illərə baxanda az qalır başıma hava gəlsin. Şükür ki, balalarımı böyüdüb ərsəyə gətirdim. Hər ikisinin ailəsi, təhsili, öz çevrəsində hörməti var. Valideyn kimi rahatam artıq.

– Sizin qəribə bir həyat hekayəniz var və mən bundan yola çıxaraq bir sual vermək istəyirəm: sevgi, yoxsa fədakarlıq? Hansı daha vacibdir?

– Hər ikisi və bu həyatda mən bunun hər ikisini eləmişəm. Məncə, yaxşı dost, həyat yoldaşı, ata olmuşam. İndi ailəmdən danışmaq istəmirəm. Kədərlidir, istəmirəm oxucularınız bu yaşlı aktyorun darıxdırıcı söhbətlərindən bezsin (gülür, daha doğrusu, gülməyə çalışır, mən isə sözü dəyişirəm. Amma nədənsə o, yenə istəmədən də olsa, dünənə dönür və söhbət bu nota köklənir – H.N).

– Hansı istəklər həmişə əlçatmaz olur?

– Cavanlıqda istəklərim çox böyük idi: işləmək və çoxlu pul qazanmaq. Ailə-uşağımın tam təmin olunmasını istəyirdim. İndi isə sadəcə yaşamaq.

– İndi təksiz, yoxsa tənha?

– Hər ikisi.

– Hansı daha ağırdır: fiziki, yoxsa ruhi təklik?

– Hər ikisi cəhənnəm əzabıdır. Adam qorxur ki, birdən yıxılıb ölər, heç kim xəbər tutmaz. Hərçənd öləndən sonra nə mənası var bunun? Onu da bilmirəm. Amma qorxduğum başıma gəldi, tək qaldım. Düzdü, uşaqlarım tez-tez zəng edirlər, oğlum qonaq gəlir. Amma nəticədə yenə təkəm.

– Aktyor daha çox nəyə ehtiyac duyur?

– Diqqətə, hörmətə. Çünki ehtiyac içində yaşasalar da, yenə də səhnəni, sənəti divanə kimi sevirlər. Bizdə dövlət sənət adamına hər zaman lazımi qayğını göstərir və şəxsi nümunəmdə buna şahidəm. Amma mən ümumi planda, cəmiyyətdə, kütləvi şəkildə diqqətdən danışıram.

– Yəqin sosial şəbəkələr, mediada təqdimatları nəzərdə tutursunuz. Məsələn, “Akademik teatrın aktyorları pafosdan əl çəkmirlər” kimi iradlar tuturlar...

– Bax, bütün məsələ də budur. Bu teatrın öz oyun üslubu, ənənəsi var. Qəbul etməyən getsin öz teatrını yaratsın. Bunu deyənlər anlamırlar ki, aktyor yüzlərlə tamaşaçının oturduğu zalda səsini, oyun texnikasını hamıya eyni cür ötürməlidir. Pafos yoxdur, sadəcə, bir balaca hündürdən danışırıq. Buna da məcburuq. Ay bala, kim kimi məcbur edir ki, gəl məhz bu aktyora, tamaşaya bax. Seçim azaddır, istəməyən getsin sükutla, pıçıltılı danışılan 10-15 tamaşaçılıq tamaşalara, teatrlara.

– Siz özünüz sonuncu dəfə hansı başqa teatrda tamaşaya baxmısınız?

– Ara-sıra gedirəm. Gənc Tamaşaçılar Teatrında olmuşam. Cənnət Səlimovanın, Nicat Kazımovun da tamaşalarına baxmışam. Bizim yanımızda olanda Yuğ teatrının tamaşalarına baxırdım. Bələdiyyə teatrının da. İndi deyəcəksiniz ki, saydıqlarınız köhnələrdir. Amma müqayisə üçün köhnə-təzə fərqi yoxdur.

– İnsan həyatda ən çox nəyə öyrəşir?

– Ən dəhşətlisi biganəlikdi, ona da öyrəşir. Oturub öz-özümə deyirəm, ay Kazım, 70-dəsən artıq. Vallah, heç bilmədim nə vaxt gəldi. Ömrüm qaçaqaçla, çox işləməklə, az qazanmaqla, qayğılarla döyüşməkdə keçdi. Nə yaşamağa, nə də yaşlanmağa vaxtım olmadı. Ancaq özün üçün yaşayanda yəqin dərd də çəkməzsən. Amma bu mənim həyatımdır və onu belə yaşamışam.

– 70-dən sonradan nə istəyirsiniz?

– Cansağlığı. Şükür, fəxri adım, təqaüdüm, ölkə başçısı tərəfindən hədiyyə edilən mənzilim də var. Maddi cəhətdən özümü tam dolandırıram. Bundan sonra cansağlığı lazımdı ki, istədiyim rolları ifa edim.

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 5 may.- S.7.