“Heydər Əliyev və Milli Kitabxana” kitabının təqdimatı keçirilib

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşri olan “Heydər Əliyev və Milli Kitabxana” adlı kitab işıq üzü görüb.

Mayın 4-də Heydər Əliyev Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.

Əvvəlcə Ulu öndərin 1995-ci ilin 3 iyun tarixində ilk dəfə Azərbaycan Milli Kitabxanasına gələrkən miniatür kitab sərgisinin açılışında və “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat mərasimində çıxışının lent yazısı səsləndirilib.

Tədbirin moderatoru Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mərasimi açaraq Heydər Əliyevin Milli Kitabxanaya səfərlərindən, öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı hədiyyə etməsindən danışıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu gün ölkənin hər yerində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycan mədəniyyətinin də intibah dövrüdür.

Ulu öndərin Milli Kitabxanaya hər səfərinin böyük əhəmiyyət daşıdığını, yeniliklərlə müşayiət olunduğunu bildirən nazir müavini deyib ki, bu gün müasir texnoloji yeniliklərin tətbiqi ilə kitabxana inkişaf edir. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlər həyata keçirilib, 6 milyondan artıq kitab çap edilərək kitabxanalara pulsuz paylanılıb.

Təqdimatı keçirilən kitab haqqında danışan nazir müavini qeyd edib ki, yeni nəşr Milli Kitabxana üçün xüsusilə əlamətdardır. Bu il kitabxananın da 100 illik yubileyidir. Yeni kitab hər iki yubileyə dəyərli töhfədir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, “Heydər Əliyev və Milli Kitabxana” kitabı Ulu öndərin kitabxana işi sahəsində professional xidmətlərini görməyə imkan verir. Bu nəşr Heydər Əliyevin bioqrafiyasını zənginləşdirməyə imkan yaradır: “Bu kitab həm də Heydər Əliyevə olan minnətdarlıq duyğusunu ifadə edir”.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Heydər Əliyevin mədəniyyətə göstərdiyi diqqət onun kitabxanalara, kitaba, mütaliəyə verdiyi dəyərdən başlayır. Bu kitab Heydər Əliyevin 100 illik yubileyinə qiymətli hədiyyədir.

Yazıçılar Birliyinin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, Heydər Əliyev mədəniyyətə çox böyük dəyər verirdi. Milli Kitabxana millətin sərvətidir. Kitabxananın uğurlu fəaliyyətində Ulu öndərin böyük rolu var.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Milli Məclisin üzvü professor Anar İsgəndərov, AMEA-nın MexanikaRiyaziyyat İnstitutunun baş direktoru müxbir üzv Misir Mərdanov, Bakı Dövlət Universiteti Kitabxanaçılıq və informasiya fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxışlarında Ulu öndərin Milli Kitabxanaya olan münasibətindən danışıb, yeni nəşrin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda “Heydər Əliyev və Milli Kitabxana” kitabının müəllifi, Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2023.- 5 may.- S.1;2.