Çexiya ilə diplomatik
əlaqələrin 30 illiyi münasibətilə
Bu il Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələrin qurulmasının (27 yanvar 1993) 30 illiyidir. Mayın 2-də bu münasibətlə Azərbaycan Dövlət Akademik Filarmoniyasında tədbir keçirilib.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlaçek çıxış edərək vurğulayıb ki, ötən 30 il ərzində Çexiya ilə Azərbaycan arasında əlaqələr dinamik şəkildə inkişaf edib. Səfir əmin olduğunu bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələr bundan sonra davamlı inkişaf edərək daha da dərinləşəcək. “İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıraraq mən də son bir ildə bu əlaqələrin inkişafında iştirak etməyə nail olmuşam. Azərbaycan və Çex Respublikası arasında tarixi nöqteyi-nəzərdən ortaq cəhətlər çoxdur. Xalqlarımız arasında dostluğun möhkəmlənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – deyə diplomat bildirib.
Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələrimiz arasında əlaqələrin zəngin tarixi olduğunu qeyd edib. Bildirib ki, bu münasibətlərin zəngin tarixi ilə yanaşı, çoxlu perspektivləri də mövcuddur.
Tədbir daha sonra konsert
proqramı ilə davam edib. Konsertdə
Xalq artisti Fəxrəddin Kərimovun
rəhbərliyi ilə
Qara Qarayev adına Dövlət Kamera Orkestri, Çex Respublikası
Plzen Konservatoriyasının professoru Roman Fedçuk, həmin konservatoriyanın
tələbəsi, skripkaçı,
respublika və beynəlxalq müsabiqələr
laureatı Canel Nəcəfli çıxış
edib.
Proqramda Fikrət Əmirov, Qara Qarayev, V.A.Motsart,
L.V.Bethoven və A.Dvorjakın əsərləri
səsləndirilib.
Lalə
Mədəniyyət.- 2023.- 5 may.-
S.3.