Ankarada Heydər Əliyevin xatirəsi anılıb

 

 

Ankarada Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestr Salonunda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Mərasim Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə iki ölkə parlamentinin deputatları, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Türkiyə Prezidentinin baş müşaviri İlnur Çevik, Ankarada yaşayan azərbaycanlılar iştirak ediblər.

Çıxışçılar Heydər Əliyevin müasir Azərbaycan tarixində xidmətlərindən, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Heydər Əliyevin müstəsna rolundan bəhs ediblər, Ulu öndərlə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Heydər Əliyevin fəaliyyətləri, Türk dünyasına verdiyi töhfələr bütün türk gənclərinə aşılanmalıdır.

Tədbirdə “Heydər Əliyev 100 yaşında” adlı fotosərgi təşkil edilib, Ümummilli lider haqqında sənədli film nümayiş olunub. Heydər Əliyevin sevdiyi mahnılar Türkiyədə milli ruhlu ifaları ilə tanınan azərbaycanlı müğənni, Xalq artisti Azərinin ifasında səsləndirilib.

 

Mehparə Sultanova

Ankara

Mədəniyyət.- 2023.- 5 may.- S.8.