Tarixin ən böyük savaşı”

 

Mayın 9-da İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 78-ci ildönümü tamam oldu. Bu münasibətlə bölgələrdəki mədəniyyət müəssisələrində tədbirlər keçirilib.

Masallı rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə qeyd olunub ki, Azərbaycan xalqı faşizm üzərində Qələbəyə böyük töhfələr verib. 1941-1945-ci illərdə xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. 170 mindən artıq əsgər və zabitimiz müxtəlif ordenmedallarla təltif edilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları faşizm üzərində Qələbənin ildönümü münasibətilə rayonun Viləş kəndində II Dünya müharibəsi veteranı Cənnət Teymurovu ziyarət ediblər.

Quba rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “9 May faşizm üzərində Qələbə Günüdür” adlı viktorina keçirilib.

Sabirabad rayon Heydər Əliyev Mərkəzində əlamətdar günlə əlaqədar sənədli film nümayiş olunub.

Şirvan şəhər Mərkəzi Kitabxanasında “Böyük Vətən müharibəsində Azərbaycan xalqının rolu” adlı tədbir keçirilib. Çıxış edənlər müharibədə azərbaycanlıların göstərdikləri şücaətlərdən söz açıblar.

Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi “Ölməzlər və unudulmazlar” adlı tədbir keçirib. Muzeyin əməkdaşları, Kərimli kənd məktəbinin müəllim və şagirdləri həmin kənddəki II Dünya müharibəsinə həsr olunmuş abidənin önünə tər çiçəklər düzüblər. Sonra müharibə haqqında məruzə dinlənilib, “Vətən eşqi” adlı videoçarx nümayiş olunub.

Yevlax şəhər Mədəniyyət Mərkəzi şəhər MKS ilə birlikdə Qələbə Günü münasibətilə “Tarixin ən böyük savaşı” adlı dəyirmi masa təşkil edib.

 

Mədəniyyət.- 2023.- 10 may.- S.4.