Rejissorların fəaliyyətini təşviq etmək, kinoya yeni adlar qazandırmaq

 

“START – 2023” müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə mayın 5-də Nizami Kino Mərkəzində “START-2023” film layihəsi üzrə qaliblərin mükafatlandırılması mərasimi və mətbuat konfransı keçirildi.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyasının keçirdiyi müsabiqəyə ümumilikdə 45 ssenari təqdim olunub. “Tammetrajlı bədii film layihəsi” kateqoriyasında “Özgə ağrı” (Rövşən İsgəndərov), “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında “Erkən hisslər” (Nurlan Həsənli) və “Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç), “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında isə “Balıq” (Fuad Quliyev) və “Sonuncu lələk” (Firəngiz Bağırova) ssenariləri qalib olub. Qaliblər kinostudiyanın nəzdində yaradılmış Ekspert şurası tərəfindən müəyyənləşdirilib.

“Azərbaycanfilm”in mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov bildirdi ki, kinostudiyanın keçirdiyi əvvəlki müsabiqədən fərqli olaraq, bu il ilk dəfə ssenarilər Ekspert şurasının üzvlərinə anonim formada təqdim edilib.

“Azərbaycanfilm”in direktor müavini Emil Nəcəfov müsabiqələrin əhəmiyyətindən danışdı. Dedi ki, məqsəd milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaqbu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaqdır. Müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub. Müsabiqədə janrmövzu məhdudiyyəti qoyulmayıb. Qalib layihələrin növbəti illər ərzində kinostudiyada istehsala buraxılması nəzərdə tutulur.

Ekspert şurasının sədri Əməkdar incəsənət xadimi Elxan Cəfərov: “Oxuduğumuz 45 ssenari o deməkdir ki, 45 şəxs bu barədə düşünür, kino arzusu ilə yaşayır. Qaliblər ən dəyərli ssenarilərdir”.

Ekspert şurasının üzvlərindən Əli İsa Cabbarov dedi ki, ssenari müsabiqələri nə qədər çox olsa, bu, bir o qədər keyfiyyətli işlərin ortaya çıxmasına şərait yaradacaq: “Ümid edirəm ki, qalib ssenarilər Kino Agentliyinin və “Azərbaycanfilm” kinostudiyasının ən birinci istehsalata buraxılmış layihələri olacaq”. Vidadi Həsənov isə bildirdi ki, ssenarilər müxtəlif mövzularda idibu da sevindirici haldır: “İnsanlar yeni düşüncəni, yeni baxışı ssenariyə, kinoya gətirirlər”.

Sonda müsabiqə qaliblərinə diplomlar təqdim olundu.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 10 may.- S.7.