Ulu öndərin yubileyi
münasibətilə klassik musiqi gecəsi
Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 5-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi gecəsi təqdim olundu.
Tədbirdə dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, paytaxt ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Səhnədə quraşdırılmış monitorlarda Ulu öndərin məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” fikrinin yer aldığı çıxışının lent yazısı nümayiş olundu.
Sonra Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dahi bəstəkarın “Koroğlu” operasından “Uvertüra”nı səsləndirdi.
Tədbirdə diqqətə çatdırıldı ki, Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk illərdən etdibarən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması məqsədilə filarmoniyada musiqi axşamları təşkil olunub. Həmin konsertlərdə dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçiləri, elm və mədəniyyət xadimləri, partiya, həmkarlar ittifaqları, bir sözlə, o vaxtkı siyasi elita dinləyici kimi iştirak edib. Vaxtının məhdudluğuna baxmayaraq, Ulu öndərin özü də çox zaman həmin konsertləri dinləyib.
Heydər Əliyevin sənət adamları ilə görüşləri, həyat və fəaliyyətinin unudulmaz anlarını əks etdirən foto və video görüntülərlə müşayiət olunan gecədə orkestrin və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə Üzeyir Hacıbəyli, Qara Qarayev, Müslüm Maqomayev, Cahangir Cahangirov, Arif Məlikov, Niyazi, Vasif Adıgözəlov, Sevil Əliyeva, Kamal, Ruslan Zeynalov və başqalarının əsərləri və xalq mahnıları səsləndi.
Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İlham Nəzərov, Anar Şuşalı, Ceyla Seyidova, Xəyyam Mustafazadə, Afaq Abbasova, Sahib Paşazadə və ifaçı Amil Həsənoğlu tərəfindən səsləndirilən musiqi nömrələri alqışlarla qarşılandı.
L.Azəri
Mədəniyyət.- 2023.- 10 may.-
S.3.