“Heydər Əliyev – 100: sevimli əsərlər”

 

Görkəmli fırça və tişə ustalarının əsərlərindən ibarət sərgi açılıb

 

 

Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli liderin yubileyinə həsr olunan “Heydər Əliyev – 100: sevimli əsərlər” adlı sərginin açılışı keçirildi.

Muzeyin direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev çıxış edərək dedi ki, yüzdən artıq eksponatın nümayiş olunduğu sərgidə Ulu öndərin yaradıcılıqlarına xüsusi sevgi və hörmətlə yanaşdığı görkəmli fırça və tişə ustalarımızın əsərləri yer alıb. Muzeyin fondunda qorunan və Heydər Əliyevin hər zaman sevərək izlədiyi əsərlər Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar ölkəmizlə yanaşı xaricdə də nümayiş olunur.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov diqqətə çatdırdı ki, istedadlı insanları heç bir zaman diqqətdən və qayğıdan kənar qoymayan Ulu öndər müasirləri olan sənətkarlarla daim ünsiyyət qurub, onlarla dəfələrlə şəxsən görüşərək yaradıcılıq fəaliyyətləri ilə maraqlanıb, eləcə də yeni rəssamlar nəslinin yetişməsinə böyük stimul yaradıb. Bununla dahi rəhbər Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub.

Qeyd edildi ki, Azərbaycanın dövlətçilik tarixində silinməz iz qoyan Ulu öndər Heydər Əliyev elm, mədəniyyət və incəsənətimizin inkişafında da əvəzsiz xidmətləri olan dahi şəxsiyyətdir. Heydər Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmağa başladı, incəsənət xadimlərinin yaradıcılıq üfüqləri daha da genişləndi. Təsviri sənət sahəsi də bu inkişaf prosesində əsas mövqedə idi. Özübir zamanlar rəssam olmaq arzusunda olan Heydər Əliyev bu sənətin yaradıcılarına xüsusi diqqət və qayğı ilə yanaşır, onları emalatxanalarında ziyarət edir, sərgi və abidələrin açılışında şəxsən iştirak edirdi.

Üç ay davam edəcək sərgidə Ümummilli liderin həmin görüşlərdən və tədbirlərdən xatirə qalan fotoşəkilləri ziyarətçilər tərəfindən maraqla qarşılandı.

Tahir Salahov imzalı rəngkarlıq və Ömər Eldarovun müəllifi olduğu heykəltəraşlıq əsərlərində təsvir olunan Heydər Əliyevin obrazları sərginin xüsusi maraq doğuran eksponatlarından idi. Elm, incəsənət, ictimai həyatımıza böyük töhfələr verən dahi şəxsiyyətlərin obrazlarının həyat tapdığı portret nümunələri, təbiətimizin füsunkar gözəlliklərini əks etdirən mənzərələr, bol-bərəkətli Azərbaycan torpağının nemətlərini canlandıran natürmortlar...

Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Hüseyn Əliyev, Oqtay Sadıqzadə, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə, Mircavad Cavadov, Tofiq Cavadov, Rasim Babayevbaşqa görkəmli rəssamların təfəkkürünün bədii məhsulları olan bu əsərlər tamaşaçılarda zəngin təəssürat yaratdı.

 

Lalə

Mədəniyyət.- 2023.- 10 may.- S.3.