10 may, 100 il və
əbədi xatirə...
Ulu öndər Heydər Əliyevi sonsuz minnətdarlıqla yad edirik
Heydər
Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan
şəhərində anadan
olub. 1939-cu ildə
Naxçıvan Pedaqoji
Texnikumunu bitirdikdən
sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil
alıb. 1941-ci ildə başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan
verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə
Naxçıvan MSSR Xalq
Daxili İşlər
Komissarlığında və
Naxçıvan MSSR Xalq
Komissarları Sovetində
müxtəlif məsul
vəzifələrdə çalışıb. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında
işə göndərilib.
1949-1950-ci illərdə
SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinin Leninqraddakı
(indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində
təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət
Təhlükəsizliyi Komitəsində
bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan
Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin qiyabi şöbəsini bitirib. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi
Komitəsi (DTK) Əks-kəşfiyyat
şöbəsinin rəisi,
1964-cü ildə DTK-nın
sədr müavini təyin edilib. 1967-ci ildə Azərbaycan
DTK-nın sədri vəzifəsinə təyin
edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin
(MK) 1969-cu il iyulun 14-də keçirilmiş
plenumunda Heydər Əliyev Azərbaycan MK-nın Birinci katibi seçilib və respublikanın rəhbəri olub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
(Sov. İKP MK) Siyasi Bürosunun üzvlüyünə namizəd
seçilib.
1982-ci ilin dekabrında
Siyasi Büronun üzvü seçilib və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilib. Heydər Əliyev bu
vəzifədə işləyərkən
SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının
ən mühüm sahələrinə rəhbərlik
edib.
1987-ci ilin oktyabrında
Sov. İKP MK-nın Baş katibi Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən
istefa verib.
Heydər
Əliyev 22 il
Azərbaycan SSR Ali Sovetinin
və SSRİ Ali Sovetinin
deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.
1990-cı ilin 20 yanvarında
sovet qoşunlarının
Bakıda törətdiyi
qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı
nümayəndəliyində bəyanatla çıxış
edərək Azərbaycan
xalqına qarşı
törədilmiş cinayətin
təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb edib. 1990-cı ilin iyulunda Azərbaycana
qayıdıb, Naxçıvanda
yaşayıb, həmin
ilin sentyabrında Azərbaycan Ali Sovetinə
deputat seçilib.
Heydər
Əliyev 1991-ci il sentyabrın 3-də
Naxçıvan Muxtar
Respublikası Ali Sovetinin
sədri seçilib. Bu vəzifədə 1993-cü ilin iyununadək çalışıb. 1992-ci il noyabrın
21-də Yeni Azərbaycan
Partiyasının Naxçıvan
şəhərində keçirilmiş
təsis konfransında
Heydər Əliyev partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda Azərbaycanda hakimiyyət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalqın tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət edilib. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də növbəti seçkilərdə yenidən dövlət başçısı seçilib.
2003-cü il dekabrın 12-də ABŞ-nin Klivlend Klinikasında vəfat edib. Dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn edilib.
Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı, keçmiş SSRİ-nin, eləcə də bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub, həmçinin bir çox beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.
Müasir Azərbaycan tarixinin bütöv bir qərinəsi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. O, müstəqil Azərbaycanın xilaskarı kimi dövlətimizi zamanın ağır sınaqlarından çıxararaq davamlı inkişafının təməlini qoyub.
2003-cü ildən sonra Heydər Əliyevin dövlətçilik siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi, Ali Baş Komandanı olduğu müzəffər Azərbaycan Ordusu ilə Ulu öndərin ən böyük arzusunu – ata vəsiyyətini yerinə yetirdi. Bu gün sərhədləri bütöv Azərbaycan Heydər Əliyevin xatirəsinə ən böyük abidədir.
Mədəniyyət.- 2023.- 10 may.-
S.1;2.