Kəlağayı əlvan...

 

Ağlım kəsəndən evimizdə nənəmin bir-birindən fərqli yelənli, göyərçin kimi ağappaq kəlağayılarını görmüşəm. Onlara heç birimiz əl vurmağa cürət etməzdik. Nənəm kəlağayılarına qarşı çox həssas idi. Hətta yuyulub sərilməsinə belə diqqətlə yanaşardı. Kəlağayılarını adətən özü yuyardı, özüxüsusi sevgi ilə. Bəzən nənəm hər hansı məclisdən gələndə tez bacımla kəlağayısını başımıza atıb güzgünün qarşısına keçərdik...

Yadıma düşür, kəlağayı ilə bağlı ənənələrimiz var. Məsələn, nişan günü qırmızı kəlağayı örtmək, hüzn və matəm günlərində isə evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda ziyarətgahlara kəlağayı bağışlamaq buna nümunədir.

Dünya xəzinəsindəki irsimiz” rubrikasında bu dəfə kəlağayıdan söz açacağıq.

Kəlağayı Azərbaycan qadınının ən gözəl və qədim baş örtüyüdür. İpəkdən hazırlanan kəlağayı incəliyinə və orqanizmə sağlamlıq baxımından digər baş örtüklərindən fərqlənir. Kəlağayıya bənzər ipək örtüklərin hazırlanması eramızdan əvvəlki dövrə gedib çıxır. Sonradan Azərbaycanda fərdi şəkildə kustar üsulla ev şəraitində kəlağayılar hazırlanıb. Kəlağayıçılıq sənətinin əsas ünvanlarından İsmayıllı rayonunun Basqal kəndidir. Daha sonra Şəki, Şuşa və Gəncə şəhərlərinə də bu sənət yayılıb və kəlağayılar keyfiyyətinə və gözəlliyinə görə seçilib. Azərbaycan kəlağayıları əcnəbilərin də diqqətini çəkib və onlar haqqında ötən əsrlərə aid səyahətnamələrdə qeydlərə rast gəlinir.

Alman coğrafiyaşünası və etnoqrafı Georq Forsterin 1784-cü ilə aid məlumatında qeyd edilir ki, Şirvandan 400 tona qədər ipək Həştərxana göndərilirdi. Ədəbiyyat və çöl-etnoqrafik materialları isə sübut edir ki, həmin ipəyin mühüm bir hissəsi Basqalın payına düşüb. XVIII əsrdən dünya bazarlarında xüsusi dəyər qazanan Basqal kəlağayıları Qafqaza səfər edən səyyahların da əsərlərində yer alır. 1862-ci ildə Azərbaycanda olmuş rus səyyahı Pyotr PaşinoKafkazskiy vestnik” qəzetində yazırdı ki, ucqar Basqal əyalətində kustar üsulla toxunan parçalar, o cümlədən kəlağayılar öz bədii xüsusiyyətlərinə görə heçdövrün toxuculuq sənayesi nümunələri səviyyəsindən geri qalmırdı.

Professor, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva kəlağayı haqqında məqaləsində yazır: “Azərbaycanda baş örtükləri bir neçə cür olub, onlardan lap qədim dövrlərdən başlayaraq heyvan yunlarından istifadə edilərək toxunan yun parçalardan olan örtüklər – baş örtükləri, kişilərdə isə bir qayda olaraq, qoyunya dovşan dərisindən düzəldilən müxtəlif formalı çalmalarpapaqlardan istifadə edirdilər. Qadınlar isə, bir qayda olaraq, qışda şal adlanan örtüklərdən – iri, kürəyi və başı örtən yun şallar, çox zaman isə bahalı tirmə şallardan, yayda isə ipək örtüklərdən istifadə edirdi. Ən çox dəbə düşən və bir-birindən ölçüsünə, bədii tərtibatına görə fərqlənən ipək örtüklər Azərbaycanda əsrlər boyu qadınlar tərəfindən sevə-sevə istifadə edilmişdir. Bu yaylıq adlanan ipək örtüklər Azərbaycanın sərhədlərindən kənara belə yayılaraq kəlağayı adını da qazanır... Müasir günümüzdən fərqli olaraq, ötən əsrin əvvəllərinə qədər Azərbaycanda gəlinin geyimi və başına örtdüyü yaylıq ancaq qırmızı rəngdə olmalı idi. Bu gün bu ənənə duvaq və xına mərasimlərində qırmızı geyim və kəlağayı hələ də qorunub saxlanılır. Gənc subay qızlar, uşaqlar tam rəngli, kənarları bir sıra incə haşiyə ilə əhatə edilən ipək yaylıqlardan istifadə edirdilər”.

Hazırda xanımlar arasında kəlağayı örtənlərin sayı artmaqdadır. Kəlağayıdan həm baş örtüyü, həm də geyimdə dekor kimi istifadə edilir. Kəlağayı Azərbaycan qadınının həyatında təkcə baş örtüyü deyil. O həm də ismət, sevgi rəmzidir. Qədim zamanlardan əgər bir qız bir oğlana kəlağayısını verərdisə, deməli, ona könlünü bağışlamış sayılardı. Bu nüansa biz görkəmli rejissor Tofiq Tağızadənin “Görüş” filmində də rast gəlirik.

Rənginə və dizaynına görə ən çox sevdiyim kəlağayı “Ağzəmin” kəlağayıdır. Bu növ vaxtilə daha çox istifadə edilirdi. Zəmini, yəni yerliyi , qıraqlarında göy naxışlar olan kəlağayılar.

Kəlağayının boyanmasında təbii rənglərdən istifadə edilir. Bu rənglər nar qabığı, zirinc, zəfəran, narınc, qarağatbaşqa bitkilərdən alınır. Yazıçı, tərcüməçi Xanım Aydının yazısında Basqaldan olan usta Zülfüqar deyir ki, kəlağayı həm də mənəvi dəyədir: “Kəlağayı baramaqurdunun yaratdığı saplardan hazırlanır. O da çox əziyyətli və mistik bir işdir. Orda mütləq bir halallıq olmalıdır. Olmasa, ipək əmələ gəlməz. İpək də olmasa, kəlağayı olmaz. Hər bir ipəkçi, kəlağayı ustası işinə həssaslıqla yanaşır. Ona ürəyini, ruhunu, sevgisini qoymasa, heç nə alınmaz. Üç növ parça var ki, ondan bədənə zərər gəlməz: ipək, pambıq və yun. Sintetik parçaların orqanizmə ziyanından həkimlər çox danışıb. Adlarını çəkdiyim parçalar isə çox faydalıdır. Onlardan yun bir qədər allergik olsa da, ipək və pambıq belə deyil. İpəkdən hazırlanmış kəlağayılar boyun, baş ağrılarını aradan qaldırır. Müasir dildə desək, miqrenosteoxondroz kimi xəstəliklərdə müalicəvi effekti var”.

Əsrlər boyu xanımlarımızın sevə-sevə istifadə etdiyi yaylıq-kəlağayılar müxtəlif naxışlar vasitəsilə tərtib edilib. Onlardan sadə gül, budaqlı gül, ləçəkli payız gülü, dörd ləçəkli alça gülü və başqaları daha yayğın olub. Xalq arasında daha çox sevilən və kəlağayıların bəzənməsində istifadə edilən basmanaxış üsullarından biri də butalardır. Butalar forma etibarilə bir növ badama bənzəyir və Azərbaycanda daha çox dəbdə olub. Butanın mənasına gəlincə, buta sözü, əslində, müqəddəs ağaclar, “həyat ağacı” hesab edilən sərv ağacının simvolik işarəsidir.

Kəlağayı ədəbi nümunələrimizdə də əsrlərdir tərənnüm olunur. Molla Pənah Vaqif məşhur “Hayıf ki yoxdur” qoşmasında yazır:

 

Ucu əşrəfili, bulud kimi saç,

Dal gərdəndə hər hörüyü bir qulac,

Kəlağayı əlvan, qəsabə qıyğac,

Altından cunası, hayıf ki, yoxdur!

 

Aşıq ƏləsgərTellərinrədifli gəraylısında da gözəlin başına örtdüyü kəlağayının əlvan olduğuna işarə edir:

 

Gözəl, sənin vədəndi,

Kəsilib qısa tellərin?

Kəlağayı əlvan, qıyqacı

Üstündən basa tellərin.

 

 Azərbaycan kəlağayılarının ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq Paris, London, Sankt-Peterburq, Moskva, Tiflis və digər şəhərlərdə beynəlxalq sərgilərdə nümayiş olunub, mükafatlar qazanıb.

Azərbaycan kəlağayısı bu gün dünyada məşhurdur. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da Parisdə keçirilən 9-cu iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.

Xanımların gözəlliyinə rəng qatan, ulularımızdan bizə yadigar qalan, həm də bəşəriyyətin incisi statusunu qazanmış kəlağayının istehsalı və baş örtüyü kimi istifadəsi təbliğ olunmalıdır. Qadın baş örtüklərinin başında gəldiyi kimi...

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 12 may.- S.6.