Ulu öndərin qəlbinə
yol tapan musiqi inciləri
Azərbaycan musiqi mədəniyyətinin
inkişafında Ulu öndər Heydər Əliyevin müstəsna
rolu olmuşdur. Heydər Əliyev özü də Azərbaycan
musiqisinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının
vurğunu idi. Ümummilli lider deyirdi: “XX əsrdə Azərbaycan
musiqi mədəniyyətində böyük nailiyyətlər
əldə edilmişdir. Milli musiqi incəsənətini
inkişaf etdirən görkəmli musiqi xadimləri və
onların qiymətli əsərləri xalqımızın
çox böyük milli sərvətidir. Xalqımız Azərbaycana dünya şöhrəti
qazandıran istedadlı musiqiçiləri ilə haqlı
olaraq fəxr etmiş, edir və edəcəkdir”.
Məhz
buna görə də Heydər Əliyev Azərbaycan musiqi mədəniyyətinin
böyük yaradıcıları olan dünya şöhrətli
bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov,
məşhur müğənnilər Bülbül, Rəşid
Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova,
Zeynəb Xanlarova və başqalarının sənətinə
yüksək qiymət verərək onların fəaliyyətlərinin
beynəlxalq arenaya çatdırılması
üçün çalışmışdır. Digər
önəmli faktlardan biri də odur ki, Ulu öndər
işinin gərginliyinə baxmayaraq, Azərbaycan Bəstəkarlar
İttifaqının müxtəlif tədbirlərində,
müəllif və yubiley gecələrində, bəstəkarlarımızın
yeni səhnə və konsert əsərlərinin
premyeralarında iştirak edərək tamaşaya qoyulmuş
və yaxud ifa olunan musiqi əsərləri haqqında dəyərli
fikir və mülahizələrini söyləmiş, bəstəkar
və ifaçılara böyük dəstək olmuşdur.
Azərbaycan
Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz
Əlizadə bu haqda
deyir: “Heydər Əliyev zəngin ensiklopedik biliyə
malik olan şəxsiyyət idi. Onun maestro Niyazi
ilə olan dostluğu bir çox layihələrin həyata
keçməsində mühüm rol oynamışdı.
1970-ci illərin əvvəllərindən başlayaraq Heydər
Əliyevin təşəbbüsü ilə maestro Niyazi tərəfindən
hər ayın cümə günləri M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında simfonik musiqi axşamları təşkil
edilirdi. Bu konsertlərin ən böyük əhəmiyyəti
təbliğat xarakteri daşıması, yəni insanların
klassik musiqi ilə maariflənməsi idi. Həmin
musiqi axşamlarında o vaxt Mərkəzi Komitənin
bütün üzvləri, bəstəkarlar,
musiqişünaslar və digər peşə, elm sahibləri
iştirak edirdilər. Heydər Əliyev həyat
yoldaşı Zərifə xanımla bu konsertlərdə
müntəzəm iştirak edir, hər dəfə də
musiqiçilərlə görüşüb onlarla öz
fikirlərini bölüşürdü. Hətta
musiqi ilə bağlı çox ciddi suallar da verirdi. Odur ki, bütün musiqiçilər onunla
görüşəndə özlərini sanki imtahan
verirmiş kimi hiss edirdilər”.
Azərbaycan musiqisi, görkəmli sənətkarlar daim
Ulu öndərin diqqət mərkəzində olmuşdur. Milli və
professional musiqimizin dünyada təbliği, bəstəkarların,
ifaçıların və musiqişünasların fəaliyyətinin
yüksək qiymətləndirilməsi, fəxri adlar, orden və
medallarla təltif olunması Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyinin
hər iki dövründə milli musiqimizlə bağlı bir
çox fərmanlar, sərəncamlar imzalamış, onun təşəbbüsü
ilə bağlı klassiklərimizin ev və
xatirə muzeyləri yaradılmışdır. Böyük dövlət xadimi milli
muğamımızın, aşıq sənətinin
inkişafını da diqqətdə saxlayıb, bu qədim
mirasın yaşadılması və təbliğinə dəstəyini
əsirgəməmişdir. Ümummilli
lider dövlət tədbirlərində, konsert
proqramlarında müntəzəm iştirak edər, hətta
səhnədə kimlərin çıxış etməsi və
hansı əsərləri səsləndirəcəkləri
ilə bağlı dəqiq məlumat alardı. Konsertdən sonra səhnəarxası sənətçilərlə
görüşər, onların problemləri ilə maraqlanar,
gənc istedadların üzə çıxmasında
böyük rol oynayardı. Heydər Əliyev deyirdi: “Mədəniyyət,
musiqi xalqımızın ən dəyərli sərvətlərindən
biridir. Mədəniyyət hər bir xalqı
dünyada daha da çox tanıdan, onu təbliğ edən
vasitələrdən biridir. Biz isə
xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti,
musiqisi, incəsənəti var və bunlar həm
xalqımızın özünə mənəvi qida verir, həm
də onu dünya xalqları içərisində fərqləndirir,
tanıdır, başını ucaldır”.
Ulu öndər Heydər Əliyev bəzi xalq və bəstəkar
mahnılarını çox sevər, hərdən zümzümə
edərdi. Onun ifa etdiyi mahnılardan nə qədər yüksək
musiqi duyumuna malik olduğunu görə bilərik. Bu nəğmələrdən
biri “Küçələrə su səpmişəm” xalq
mahnısıdır:
Küçələrə
su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin,
elə getsin,
Aramızda söz olmasın.
“Küçələrə su səpmişəm”
mahnısı məşhur müğənni SSRİ və Azərbaycan
Respublikasının Xalq artisti Rəşid Behbudov tərəfindən
ifa olunduqdan sonra daha da məşhurlaşmışdı. Onun ifası
mahnının həzinliyini olduqca yüksək səviyyədə
dinləyiciyə çatdırır, sevdirirdi. Rəşid Behbudov bütün konsertlərində və
qastrol səfərlərində mütləq bu mahnını
ifa edərdi. Məhz Heydər Əliyev də
Rəşid Behbudovun ifasında bu mahnını sevib, bəyənmişdi.
Ulu öndər Rəşid Behbudov sənətinə hər
zaman yüksək qiymət verib və sənətkarın 85
illik yubiley tədbirində unudulmaz nitq söyləmişdir:
“Rəşid Behbudov Azərbaycan mədəniyyəti sahəsində
bənzərsiz incəsənət ustasıdır. O öz səsi
və artistlik istedadı ilə böyük musiqiçidir. O
həm xalq mahnılarının, həm folklor nümunələrinin,
həm də estrada janrının mahir
bilicisidir. Rəşid Behbudovun XX əsrdə Azərbaycan
musiqisində rolu danılmazdır”.
2016-cı
il oktyabrın 4-də dünya şöhrətli
müğənninin Bakı şəhərində abidəsinin
açılış mərasimində çıxış
edən Prezident İlham Əliyev Ulu öndərlə Rəşid
Behbudovun dostluğu barədə demişdir: “...Mən onu
uşaqlıqdan tanıyırdım. Çünki
mənim atam Heydər Əliyev ilə onu çox səmimi
dostluq əlaqələri bağlayırdı. O, bizim
evimizdə dəfələrlə olmuşdur. Mən
o görüşlərin bəzilərində olmuşam,
görmüşəm, özüm şəxsən
müşahidə aparmışam. Görürdüm
ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi”.
Haqqında bəhs edəcəyim növbəti nəğmə
Heydər Əliyevin sevərək zümzümə etdiyi
“Alagöz” mahnısıdır. Görkəmli bəstəkar
Cahangir Cahangirovun ötən əsrin 60-cı illərində
yazdığı mahnının sözləri şair Zeynal
Cabbarzadəyə məxsusdur. İlk dəfə
həmin mahnı Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının ifasında xoreoqrafik quruluşda səslənmişdir.
Vokal versiyada həmin mahnının ilk
ifaçısı Şövkət Ələkbərova, daha
sonra Fatma Mehrəliyeva olmuşdur. Bütün
bu ifaların ardınca mahnı özünün ən
uğurlu ifaçısını tapmışdır desək,
heç də yanılmarıq. Həm ifa tərzi, həm
səs diapazonu, həm də müşayiət
baxımından mahnının ən cəlbedici və bu
günə kimi aktuallığını qoruyub saxlayan
versiyası Rəşid Behbudovun ifasında olub:
Kirpiklərin
oxdur, qaşın kamandır,
Ay
qız, məndən üz döndərmə, amandır!
Gözəl,
məndən üz döndərmə, amandır!
Həsrətinlə
hər zaman,
Gözüm
qaldı bu yollarda, alagöz...
Heydər Əliyevin sevdiyi növbəti mahnılardan
biri də sözləri Xalq şairi Məmməd Arazın,
musiqisi və ifası Xalq artisti Niyaməddin Musayevə məxsus
olan “Dünya sənin, dünya mənim, dünya heç
kimin” mahnısıdır. Ulu öndərimizin “Məmməd
Arazın, şübhəsiz ki, şeirləri çoxdur, amma
“Dünya sənin, dünya mənim” kimisi yoxdur”, – deməsi bu
mahnının sözlərinin dərin mənaya malik
olduğunu bildirir. Heydər Əliyev M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında konsert zamanı Niyaməddin Musayevin
ifasında bu mahnıya qulaq asarkən göz
yaşlarını saxlaya bilmir... Məhz bu
mahnıya görə Heydər Əliyev Niyaməddin Musayevi 60
illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə
təltif etmişdir.
Heydər
Əliyevin çox sevdiyi musiqi əsərləri arasında
Müslüm Maqomayevin məşhur “Azərbaycan” (1974)
mahnısının da xüsusi yeri var. Sözləri Xalq
şairi Nəbi Xəzriyə məxsus olan mahnıda Vətənimizin
əsrarəngiz təbiəti, sərvətləri yüksək
sənətkarlıqla, sevgiylə tərənnüm olunur. Ən əlamətdar cəhət budur ki, bəstəkar
bu əsrarəngiz mahnını məhz Heydər Əliyevə
həsr edib. Hər dəfə bu
mahnını eşidəndə bir vətəndaş kimi qəlbimiz
sözlərə sığmayan böyük qürurla, fəxarətlə
dolur, azərbaycanlı olmağımızla, vətənimizlə
öyünürük. Bu mahnı hər dəfə
səslənəndə istər-istəməz müğənniyə
qoşulub bu vətən nəğməsini oxuyuruq.
Ümummilli lider Heydər Əliyev həm də
Üzeyir Hacıbəyli musiqisinin böyük vurğunu idi. Bunun bariz nümunəsi
olaraq Heydər Əliyevin 1995-ci ildə dahi bəstəkarın
110 illik yubileyi zamanı etdiyi çıxışını
xatırlatmaq istərdik: “Üzeyir Hacıbəyov fövqəladə
fitri istedadı ilə, böyük fədakarlığı,
mükəmməl təhsili, elmi ilə, vətənpərvərliyi,
ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan xalqının
böyük şəxsiyyətlərindən biri olmuş,
dünya korifeylərinin ön sıralarında duran və Azərbaycanı
təmsil edən görkəmli şəxsiyyət
olmuşdur”.
Prezident
Heydər Əliyevin 1995-ci ildə – bəstəkarın 110
illik yubileyi münasibətilə imzaladığı fərmanla
hər il sentyabrın 18-i ölkəmizdə
Milli Musiqi Günü kimi qeyd olunur. Prezident
İlham Əliyevin imzaladığı müvafiq sərəncama
əsasən, 2009-cu ildən etibarən Azərbaycanda
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil
olunur.
Ulu öndər Tofiq Quliyevin mahnılarını xüsusilə çox sevirdi. Bəstəkarın 80 illik yubiley gecəsində (1997) etdiyi çıxışı onun Tofiq Quliyev musiqisinə olan sevgisini bir daha nümayiş etdirir. Heydər Əliyev bəstəkarın yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək belə demişdir: “Tofiq, sən fəxr edə bilərsən ki, 80 yaşını belə gümrah, sağlam, gözəl şəraitdə keçirirsən. Sən bundan sonra da yaradacaqsan, yazacaqsan, bizi sevindirəcəksən, yeni-yeni mahnılar, musiqilər yazacaqsan. Mən sənə cansağlığı, yeni yaradıcılıq uğurları arzu edirəm. Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır. Eşq olsun musiqiyə! Eşq olsun incəsənətə! Yaşasın Tofiq Quliyev!”.
***
Ulu öndər Heydər Əliyevi yaxından görmək mənə də nəsib olmuşdur. 1998-ci il sentyabr ayının 24-də dayım, Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın büstünün açılışında Heydər Əliyev şəxsən iştirak edirdi. O, bizim ailə üzvlərimizlə yaxından tanış olub, ürək sözlərini söylədi: “Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, dəfələrlə danışmışam. Yazıçılar qurultaylarında, yazıçılarla görüşlərdə, bəzən rayonlarda səfərlərdə bir yerdə olmuşuq. Onun haqqında mənim ən gözəl xatirələrim var... Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur”.
Ümummilli lider Heydər Əliyevin “Mən şeirə də, mahnıya da hissiyyatlı adamam!” – deməsi onun qəlbində yaşatdığı sənət incilərinin Azərbaycan musiqi mədəniyyəti tarixində yaşayacağından xəbər verir. Ulu öndərin əziz xatirəsi təkcə qəlblərdə deyil, həm də musiqidə əbədiləşərək tarixin yaddaşına köçmüşdür.
Nigar
Bayramova
BMA-nın
Elmi-tədqiqat laboratoriyasının elmi işçisi
Mədəniyyət.-
2023.- 12 may.- S.7.