Şuşa Türk
dünyasına qucaq açır
“Türk
dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılışı
keçiriləcək
Azərbaycanın qədim şəhəri, tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, söz və sənət beşiyi Şuşa 2021-ci ilin 7 may tarixində ölkə başçısının müvafiq sərəncamı ilə rəsmən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bununla da otuzillik işğal və ayrılıqdan sonra əzəli sahiblərinə – doğma xalqına qovuşan qala-şəhərimizin salnaməsində yeni tarixi mərhələ başlanıb.
2023-cü il isə bu salnamənin ən zəngin səhifələrindən biri olacaq. Bu il Azərbaycanın mədəniyyət paytaxtı həm də Türk dünyasının mədəniyyət paytaxtıdır. Xatırladaq ki, Şuşa şəhəri 2022-ci il 31 mart tarixində Türkiyənin Bursa şəhərində TÜRKSOY ölkələri Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Mayın 12-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçiriləcək.
“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqların iştirakı nəzərdə tutulur.
Rəsmi açılış mərasimindən sonra qonaqlar Türk dünyasının incəsənət kollektivlərinin çıxışlarını izləyəcək, sərgilərlə tanış olacaqlar. Qeyd edək ki, 9-11 may tarixlərində Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi və rəqs qrupları, sənət adamları da qatılıb. Festival başa çatsa da, Şuşada Türk dünyası mədəniyyətinin təntənəsi hələ bir çox layihə və mərasimlərlə ilin sonunadək davam edəcək.
Qeyd edək ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir.
Bu günə qədər Astana
(2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə),
Kazan (2014, Tatarıstan – Rusiya
Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki
(2016, Azərbaycan), Türküstan (2017,
Qazaxıstan), Kastamonu (2018, Türkiyə),
Oş (2019, Qırğızıstan), Xivə
(2020, Özbəkistan) və Bursa (2022,
Türkiyə) şəhərləri “Türk
dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.
Mədəniyyət.- 2023.- 12 may.- S.1.