Mədəniyyətimizin böyük
hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
(əvvəli ötən sayımızda)
1982-ci il 4 iyun
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Bakı şəhərində qastrolda olan SSRİ Böyük Teatrının (indiki Rusiya Dövlət Akademik Böyük Teatrı) yaradıcı heyətinin bir qrupunu qəbul edib.
1982-ci il 5 iyun
Heydər Əliyev S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında səhnəyə qoyulmuş Anatoli Şafronovun “Ürəkdə əməliyyat” pyesinin premyerasına tamaşa edib.
1982-ci il 10 iyun
Heydər Əliyev Bakıda görkəmli müğənni Bülbülün xatirə muzeyinin açılışında iştirak edib.
“...Bülbülün xatirə muzeyinin açılışı mədəni həyatımızda böyük hadisədir. Şübhə yoxdur ki, muzey Azərbaycan musiqi sənətinin, bütün və çoxmillətli sovet musiqi sənətinin görkəmli nümayəndəsi Bülbülün yaradıcılığını layiqincə təbliğ edən mərkəzə çevriləcəkdir. Bülbül özünün bütün parlaq, ilhamlı yaradıcılığı ilə, gözəl həyatı, zəngin bədii irsi ilə ümumxalq məhəbbəti və hörməti qazanmışdır. Ona böyük ehtiram bəslənir. Onun parlaq istedadı, gözəl obrazı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır...”.
1982-ci il 22 iyun
Heydər Əliyev Azərbaycanda keçirilmiş SSRİ xalqlarının poeziya bayramının və SSRİ Dövlət Nəşriyyat Komitəsi Uşaq ədəbiyyatı üzrə Şurasının iclasının iştirakçılarını qəbul edib.
1982-ci il 17 iyul
Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 60 illik yubileyi münasibətilə təntənəli gecə keçirilib. Heydər Əliyev tədbirdə nitq söyləyib.
“Azərbaycan professional musiqisinin banisi və klassiki, böyük bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan orkestr öz fəaliyyətinin lap başlanğıcından professional musiqi mədəniyyətinin təbliğində mühüm rol oynamışdır... Azərbaycan musiqi mədəniyyətində simfonik janrın bərqərar olmasında və inkişafında, onun hazırkı böyük nailiyyətlərində orkestrin xidmətləri böyükdür...
Simfonik musiqi sahəsində Azərbaycan bəstəkarlarının müvəffəqiyyətləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Orkestr haqlı olaraq Azərbaycan simfonizminin əsl “yaradıcılıq laboratoriyasına” çevrilmişdir. Yaşlı və gənc nəsildən olan Azərbaycan bəstəkarlarının, demək olar, bütün simfonik əsərləri orkestrlə ünsiyyət sayəsində yaradılmışdır...
Janr və forma etibarilə simfoniya musiqi sənətinin nailiyyətlərinin zirvəsidir, qiymətli mənəvi sərvətlərin təcəssümüdür. Məhz buna görə də simfonik musiqinin bədii cəhətdən yüksək səviyyədə ifa olunması ifaçılıq sənətinin məsul vəzifəsidir, onun nailiyyətlərinin meyarıdır. Orkestr bu mürəkkəb yaradıcılıq vəzifəsini öz işində müvəffəqiyyətlə yerinə yetirir.
Orkestrin səmərəli işi onun rəhbəri, görkəmli sovet dirijoru və bəstəkarı, SSRİ Xalq artisti Niyazinin yorulmaz fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Qırx il ərzində Niyazinin rəhbərliyi altında orkestr professional ustalığın zirvələrinə yüksəlmiş, parlaq, fərdi ifaçılıq dəst-xətti kəsb etmişdir... Görkəmli sovet və xarici ölkə dirijorları və musiqi ifaçıları ilə çıxışlar orkestrin tarixində gözəl səhifələrdir.
Kollektivin əsasını təşkil edən bütöv musiqiçilər nəslinin formalaşmasında orkestrin xidməti böyükdür... Respublikanın şəhərlərində və rayonlarında müntəzəm surətdə konsertlər verən orkestr zəhmətkeşlərin estetik tərbiyəsi işinə mühüm kömək göstərir. Orkestrin Moskvada, Leninqradda (Sankt-Peterburqda – red.), ölkənin başqa şəhərlərində konsertləri daim böyük müvəffəqiyyətlə keçir, Azərbaycan musiqisi nailiyyətlərinin geniş miqyasda təbliğinə kömək edir.
Qazandığı nailiyyətlər sayəsində orkestrə respublikanın Əməkdar kollektivi, Azərbaycan Lenin Komsomolu mükafatı laureatı adları verilmişdir. O, ölkənin bədii kollektivlərinin Ümumittifaq müsabiqəsinin laureatıdır. Sovet musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə və yaradılmasının 60 illiyi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Simfonik Orkestri respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Orkestr artistlərinin böyük bir qrupu respublikanın fəxri adlarına layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur.
...Əmin olduğumuzu bildirmək istəyirəm ki, orkestr bundan sonra da yeni yaradıcılıq zirvələrini fəth etməyə çalışacaq, musiqi mədəniyyətinin ən qabaqcıl mövqelərində dayanacaq, sovet incəsənətinin yüksək ideallarına sadiq qalacaqdır...”.
Heydər Əliyev orkestrin kollektivinə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanını təqdim edib.
***
1982-ci il 30 iyul
Azərbaycan KP Mərkəzi Komitəsi Azərbaycan operasının 75 illiyi haqqında qərar qəbul edib. Qərarda Mədəniyyət Nazirliyi tərəfindən 1983-cü il yanvarın 25-də Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının 75 illiyinin keçirilməsi, həmçinin 1983-cü il ərzində yubileylə bağlı Opera və Balet Teatrın kollektivinin Naxçıvan, Kirovabad (Gəncə – red.), Stepanakert (Xankəndi – red.), Sumqayıt, Mingəçevir, Lənkəran şəhərlərində yaradıcılıq hesabatları və çıxışları, Moskvaya qastrolunun təşkili və s. məsələlər nəzərdə tutulmuşdu.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 12 may.- S.5.