Şuşa dost qəlbləri birləşdirir

 

“33 il sonra yenidən “Xarıbülbül” festivalına gəlmişəm...”

 

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının konsert proqramları, rəngarəng təqdimatlar və təbii ki, ilk növbədə, mədəniyyət paytaxtımız Şuşanın günü-gündən dirçələn, gözəlləşən siması dost ölkələrdən gələn qonaqları da heyran edib.

Özbəkistanlı müğənni Gülçöhrə Ruzukulova ilk dəfə ölkəmizə, Qarabağa, Şuşaya gəlib: “Belə bir gözəl, unudulmaz festivalda iştirakdan çox məmnunam. Çox gözəl və həyəcanlı atmosfer var. Şuşa kimi cənnət bir guşədə türkdilli xalqların bir yerdə öz mədəniyyətini, incəsənətini təqdim etməsi olduqca qürurvericidir. Bu, bizim birliyimizi daha da möhkəmləndirir. Özbəkistandan bura gəldiyimiz üçün çox xoşbəxtik. İlk dəfədir Şuşadayam və qismət olsa, növbəti festivallarda da böyük həvəslə iştirak edəcəyəm”.

Qırğızıstanın Xalq artisti, Dövlət mükafatı laureatı Salamat Sadıqova isə Şuşada hələ 33 il əvvəl “Xarıbülbül” festivalında iştirak edib: “O günlər yaxşı yadımdadır. “Xarıbülbül” festivalı hələ ilk addımlarını atmağa başlayanda biz bu musiqi bayramına qatılan ilk iştirakçılardan idik. Onda festival yeni beynəlxalq status almışdı. O vaxt festivalda dünyanın 16 ölkəsindən nümayəndələr iştirak edirdi. Ondan sonra Azərbaycana gəlmək imkanı olmadı. İllər sonra yenidən Şuşaya gəlmək və belə bir festivala yenidən qatılmaq olduqca xoş hisslərdir. 33 il bundan əvvəl olduğu kimi, yenə də mən festivala öz doğma qrupum – “Kambarkanfolklor-etnoqrafik ansamblı ilə qatılmışam. Festival çox yüksək səviyyədə təşkil olunub. Bu gözəl imkanı bizə yaradanlara çox minnətdaram. Şuşa turizm baxımından da çox əlverişli bir yerdir. İnanıram ki, yaxın illərdə bu festivalın coğrafiyası daha da genişlənəcək”.

Rusiya Federasiyası Tıva Respublikasının “Edegey” Rəqs və Kostyum Teatrının direktoru Kima Donqak da Azərbaycanda olmaqdan məmnundur. Ölkəmizə ilk dəfədir gəldiyini bildirən K.Donqak deyib: “Burada gördüyüm səmimiyyət, insanların qonaqpərvərliyi məni heyran etdi. Bu gözəl diyara indiyədək gəlməməyimə çox təəssüflənirəm. Hazırda Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak edirəm. Festival çox gözəl təşkil olunub. Burada olmağımızdan çox məmnunuq. Qismət olsa, növbəti illərdə də bu musiqi festivalında iştirak edəcəyik”.

Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər.

 

Mədəniyyət.- 2023.- 12 may.- S.3.