Orta əsr Şəmkir şəhər
yerindən tapılan dəmir məmulatlar
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində arxeoloji qazıntılar zamanı müxtəlif nümunələr aşkar olunub. Orta əsr Şəmkir şəhər yerində aparılan araşdırmalarda əldə olunan xeyli sayda maraqlı, unikal maddi mədəniyyət nümunələri bu məkanın tarixindən, Orta əsr insanlarının məşğuliyyətindən, həyat tərzindən xəbər verir.
Sözsüz ki, tarixdən günümüzə insanların gündəlik həyatı üçün önəmli olan bir çox əşyalar içərisində dəmir məmulatları xüsusi əhəmiyyət kəsb edir. Məhz o dövr üçün xarakterik olan dəmir məmulatları haqqında qısa məlumat vermək istərdim.
Orta əsr Şəmkir şəhər yerindən tapılmış maddi mədəniyyət nümunələri arasında xeyli sayda təsərrüfatda, inşaat işlərində, məişətdə işlədilən müxtəlif təyinatlı dəmir məmulatı vardır. Nal, midbər, halqa, doğanaq, toqqa başlığı, qıfıl, cəftə gözü, bərkidici, ilişgə, rəzə, mıx, dəmir çubuqlar və s. bu qəbildəndir.
Nallar təkdırnaqlı, cütdırnaqlı ev heyvanlarının nallanması və ayaqqabıların dabanına vurmaq üçün istehsal olunurdu. Təyinatına uyğun olaraq, nallar üç qrupa ayrılır. Yarımdairəvi, böyük ölçülü nallar təkdırnaqlı heyvanların nallanması üçündür. Cütdırnaqlı heyvanların nallanması üçün hazırlanan aypara formalı nallar azlıq təşkil edir. Ayaqqabı dabanına vurulan nallar isə əsasən yarımdairəvi olub ucları qatlanmış formadadır. Ucları qatlanmış, enli, qalın, lentşəkilli dəmir əşyanın təyinatı hələlik dəqiq müəyyənləşdirilməyib.
Arxeoloji qazıntılar zamanı tapılan halqalar dairəvi, yarımdairəvi və oval formada olub, təsərrüfat və məişətdə müxtəlif məqsədlərlə istifadə edilib.
Tapıntılar arasında bərkidici və midbərlər də çoxdur. Bərkidicilər ucları qatlanmış, orta hissəsi nisbətən qalın dəmir çubuqdan ibarət olub, ağac elementlərin bir-birinə bənd edilməsi üçün hazırlanıb. Bərkidicilər bəzən daşları bənd etmək, bağlamaq üçün xüsusi olaraq düzəldilib. Bu həm yazılı qaynaqlarda, həm də arxeoloji faktlarda öz təsdiqini tapır. Bu halda daşlarda oyuq açılaraq bənd həmin oyuqlara keçirilir və yapışdırıcı məhlulla möhkəmləndirilirdi.
Arxeoloji qazıntılar zamanı midbərlərin iki tipinə rast gəlinir: yuxarı tərəfi halqa forması almış daralaraq sivriləşən ucları biri digərinə sıx yaxınlaşdırılmış və dəmir çubuğun bir tərəfinin əyib halqa formasına, aşağı ucunun daralaraq ucda sivriləşdiyi midbərlər.
Maraqlı artefaktlardan biri də dəmir çubuqdan hazırlanmış qıfıla bənzər əşyanın fraqmentidir. Açara bənzər əşyanın dil tərəfi sınıqdır. Orta əsr məişətində qıfıl və açardan geniş istifadə olunması heç də şübhə doğurmur. Təsadüfi deyil ki, dövrün bədii ədəbiyyatında qıfıl və açarla bağlı motivlərə tez-tez rast gəlinir. Bu mənada Xaqani Şirvaninin işlətdiyi təşbehi xatırlatmaq yerinə düşər:
Açar ilə qıfıl kimi erkək-dişidir onlar,
Tutduqları işdən bağlılıq hasil olar...
Dəmir lövhədən bucaq altında qatlamaqla hazırlanmış, kvadrat formalı, içərisi boş əşya da maraqlıdır. Dəmir məmulatı arasında toqqa başlığına da rast gəlinir. Onların arasında kvadrat formalı, dili əsasa bərkidilmiş həm də iki bölməli, ortadakı milə bərkidilmiş toqqa başlıqları vardır.
Orta əsr Şəmkir şəhər yerindən əldə olunan kütləvi tapıntılar sırasında mıxları da qeyd etmək olar. En kəsiyi dördkünc çubuqdan hazırlanan, tədricən daralaraq sivri ucla tamamlanan bu əşyaların başlığı öz müxtəlifliyi ilə fərqlənir: dairəvi, oval, dördkünclü, bir tərəfə çıxıntılı, iki tərəfə çıxıntılı. Mıxların ölçüləri də fərqlidir. Hündürlüyü 10-15 sm və daha artıq olan nümunələrlə yanaşı, kiçik, hətta 2-3 sm ölçüdə nüsxələrə də rast gəlinir. Başlığı böyük olan qısa, göbələkşəkilli mıxlar da az deyil. İnşaat və məişətdə işlədilən həmin mıxlardan fərqli olaraq, heyvanların nallanmasında tətbiq edilən kiçikölçülü mıxların başlıqları düzbucaqlı və ya dördbucaqlıya yaxın formadadır.
Təsərrüfat, inşaat işləri, məişətdə işlədilən müxtəlif təyinatlı dəmir məmulatının istehsalında yerli dəmirçilər müxtəlif üsullardan, o cümlədən isti və soyuq döymə, qaynaqetmə, qatlama, kəsmə, deşmə və s. üsullardan istifadə edilib.
Aləmzər Hüseynova
“Qədim Şəmkir Şəhəri”
Dövlət Tarix-Mədəniyyət Qoruğunun
elmi işçisi
Mədəniyyət.- 2023.- 17 may.-
S.7.