Uzaqdakı yaxın adamlar

 

Qusarda teatr sevdalıları ilə söhbət-təəssürat...

 

Mədəniyyət evinin binasına daxil olanda içəridəki qələbəliyi görüb xeyli sevindim. Qapıda məni Qusar Dövlət Ləzgi Dram Teatrının üz-gözündən təbəssüm heç vaxt əskik olmayan direktoru Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov qarşıladı. Teatr bu gün qonaq-qaralı idi. Bakıdan həmkarları gəlmişdi. Azərbaycan Dövlət Kukla Teatrı. Qonaqsevər qusarlılar tamaşanın başlamasına yarım saatdan da çox vaxt qalmasına rəğmən zalın qapısı önündə dayanmışdılar.

Vəziyyətdən məmnun teatr rəhbəri “Bizim tamaşaçılar çox sənətsevərdir. Təkcə qonaq teatrların deyil, öz tamaşalarımızı da belə maraqla gözləyirlər”, – deyib bayaqdan dialoqumuzu izləyən yaşlı kişini göstərdi: “Bax, bu ağsaqqal heç bir tamaşamızı qaçırmır. Həmişə də həyətində əkib-becərdiyi gülləri dəstələyib gətirir”.

Qırmızı, sarı zanbaqları sinəsinə sıxan kişi bir addım bizə tərəf gəldi, gül dəstəsini uzadıb “Qusara gələn zanbaqsız getməz”, – dedi. Ardınca daÖzüm kimi uşaqlarım, indi də nəvələrim teatrı çox sevirlər. Aktyorları səhnədə görəndə bilirsiz necə həyəcan keçirdirəm?! Az qalıram onlara qoşulub mən də səhnəyə çıxım. Düzdü, daha məndən keçib, indi səhnəyə çıxan yaşım deyil. Ona görə mən də hər tamaşadan sonra səhnəyə çıxıb aktyorlara gül verirəm”, – deyib gülümsündü. Sonra da uşaqlara qoşulan nəvəsinin əlindən tutub yenicə açılan qapıdan içəri keçdi.

Teatrın tarixi, repertuarı haqqında məlumatlar verən Faiq müəllimlə birgə otaqları, məşq zalını, rekvizit və dərzi sexlərini dolaşdıq.

Direktor teatrın yaradıldığı gündən Mədəniyyət evinin binasında fəaliyyət göstərdiyini yada saldı. Bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli qərarı və Mədəniyyət Nazirliyinin 26 iyul 1992-ci il tarixli əmri ilə yaradılan Qusar Dövlət Ləzgi Dram Teatrının rəsmi açılışı 3 aprel 1993-cü ildə olub. Yerli sənətsevərlərlə  ilk görüşə “Ezop” tamaşası ilə gələn teatr 30 ildir rayonun, ümumən bölgənin mədəni həyatında mühüm rol oynayır.

Teatr rəhbəri hazırda cari repertuarda 10-dan artıq tamaşanın olduğunu, həmçinin  paralel olaraq böyüklər və uşaqlar üçün 3 tamaşanın məşqinin getdiyini də əlavə etdi.

Bilavasitə yaradıcılıq məsələləri ilə bağlı sənət ocağının quruluşçu rejissoru Bağır Əhmədov məlumat verdi: “Teatr yaranandan buradayam. Çalışırıq tamaşaçılarımızı  maraqlı, rəngarəng səhnə işləri ilə sevindirək. Bölgələrdə əsas əyləncə, mədəni istirahət yerləri teatr-konsert müəssisələridir. Bizişimizi, sənətimizi və tamaşaçılarımızı çox sevirik. Bildiyiniz kimi, bizdə aktyor truppası əsasən həvəskarlardan, qusarlı teatrsevərlərdən ibarətdir. Onlar bacardıqları qədər bu işin öhdəsindən gəlməyə çalışırlar. Bir sıra tamaşalarda həm də aktyor kimi çıxış edirəm. Əsas problemimiz peşəkar aktyorlarla bağlıdır. Ümumən 90-cı illərdən bu yana nəzər salsaq, ümumilikdə mədəniyyət sahəsi üzrə alitəhsilli insanlarımızın sayı azalıb. İllərdir bu teatrda çalışanlar da yavaş-yavaş yaşa dolurlar. Axı, yeni nəsil gəlməli, teatr yaşamalıdır.

Bu mənada yenə ümidimiz daha çox həvəskarlaradır. Yeni gələnlərə əvvəlcə kiçik rollar verir, bildiklərimizi öyrədirik. Əsasən səhnədə “bişirlər”, ilk səhnə təcrübələrini tamaşaçı ilə birbaşa ünsiyyətdə qazanırlar. Sözsüz, biz də təhsilli aktyolarımızın gəlməsini istəyirik. İstərdik ki, teatrımızı yaşadaq, bundan sonra da xalqımız gəlib tamaşalarımıza baxsınlar”.

Repertuara da toxunan rejissor daha çox klassik nümunələrə üstünlük verildiyini və qusarlı teatrsevərlərin də məhz bu nümunələrə daha çox baxdıqlarını deyir: “Əsərləri həm Azərbaycan, həm də ləzgi dilində oynayırıq. Ən çox da ailə-məişət mövzusu, komediyalar, musiqili əsərlər maraqla qarşılanır. Qusarlı teatr həvəskarları dolğun dekorasiyası, özünəməxsus koloriti, musiqixoreoqrafik həlli olan nümunələrə xüsusilə maraqla baxırlar”.

Foyedə yeni tamaşanın – M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər”inin afişası önündə dayanan yubilyar – 65 yaşı yenicə tamam olan aktyor Pirverdi Pirverdiyev diqqətimi cəlb elədi.

Ömrünün 20 ildən artıq dövrünü bu sənət ocağında keçirən aktyor ayaqüstü söhbətdə teatra gəlişindən oynadığı rollaradək keçən bu illərə qısa nəzər saldı: “Musiqiçiyəm, uşaqlıqdan sənətə marağım var idi. Zaman ötdükcə anladım ki, mən teatra bağlıyam. Hələ uşaq ikən kəndimizdə – Düztahirdəki mədəniyyət evində teatr dərnəyinin tamaşalarına baxardım. Orta məktəbdə oxuyurdum, “Məşədi İbadda Qoçu Əsgər rolunu mənə tapşırdılar. Oynadım və elə o vaxtdan teatr havası başımda qaldı...”.

Həmsöhbətimin çatılan qaşları, ciddi görkəmi altındakı yumoru sezdiyimdən “Maşallah, elə Qoçu Əsgərə oxşarlığınız da var”, – dedim. Qımışaraq “Mənim kimi onu da qocalanda görmüsüz?”, – deyib göz vurdu. Güldük, ətrafdakılar da bizə qoşuldular.

Sonra bütün qusarlılar kimi o da doğma yurdu və insanlarını öyməyə başladı: “Bayaq teatra marağımın necə yarandığını soruşursunuz. İnanın, buranın insanlarının teatra, musiqiyə, rəqsə, sənətə çox marağı var. Ona görə də əsasən musiqili əsərləri sevirlər. Daha çox komik rollar oynasam da, sənətdə ideallarım Məlik Dadaşov, Həsən Turabov olub. Bilmirəm, elə indi də onları gözümün önünə gətirib oynayıram. Bizim nəsil səhnəni, sənəti onlara, elə qüdrətli sənətkarlara görə daha çox sevdi...”.

Aktyor həmkarı, teatrın ilk tamaşasından səhnədən qopmayan Həsrət Nəsrullayev onun fikrini təsdiqlədi. Deyir biz o vaxtlar bölgə-paytaxt fərqini bilməzdik. Bir amal vardı: teatronu yaşatmaq. Bu mənada biz də üzərimizə düşəni edib, rayonumuzda yaranan teatrı saxlamağa, yaşatmağa çalışdıq. Nə qədər nail olduq, bunu tamaşaçı deyər.

Bir qədər fərqli ovqata köklənən söhbətə davam edir: “Repertuardakı bütün tamaşalarda oynamışam. Aktyor üçün fərqi yoxdur, əsas rol olsun. Darıxıram səhnədə olmayanda, elə bilirəm nəinki başqasına, heç özüm-özümə də lazım deyiləm. Bilirəm, bəlkə də məni bu mənada yaxşı başa düşməz, hətta ürəyinizdə “Onsuz da əbədi heçyoxdur”, – deyə bilərsiniz. Amma məncə teatr, səhnə əbədidir. Aktyorlar da bu həyatdan başqasına keçir, yaddaşlarda iz qoyurlar, rollarında yaşayırlar. Baxın, az qala mən bütün tamaşaçılarımızı tanıyıram, nəyə gülüb, nəyə kədərlənəcəklərini bilirəm. Əsas da sevgilərini hiss edirəm. Bizim tamaşaçılar səhnəyə heyranlıqla baxırlar. “Məşədi İbadda Soltan bəy, “Arşın mal alanda Rüstəm bəy ən sevdiyim rollarımdı. Oyunla oxumaq, söz ilə musiqi bu çox sevdiyim iki səhnə əsərini mənə daha doğma edir. Ümumən daha çox  baş rollar oynamışam. Amma heç vaxt bunun iddiasında olmamışam. Arzularım da sadə idi. Məsələn, aktyor təhsili almaq istəyirdim. Amma həyatdır da, ailə vəziyyətimə görə alınmadı. Aktyor üçün təhsil vacibdir axı. Amma arada həm də özümə təsəlli verirəm ki, istedad, səhnə bacarığı fitrətən olur. 64 yaşa çatmışam. Yenə enerjim, yumor hissim məni tərk eləmir. Həyatı çox sevirəm. Ən çətin anda da gülməyi bacarıram”.

Həzin notlarla bitən müsahibimlə sağollaşıb təzəcə məşqdən çıxıb otaqlarına tələsən aktrisalara yaxınlaşıram.

Hə, onu da deyim ki, bu teatrın özünəməxsus qaydaları var. Məsələn, tamaşa, məşq zamanı aktyorlar tərəf-müqabilləri ilə səhnədə birlikdə oynasalar da, zalotaqlarda ayrı-ayrı otururlar. Yəni qadın aktyorların ayrı, kişi heyətin də ayrıca otaqları var. Bunu bildiyimdən, necə deyərlər, həmcinslərimin yanına ürəklə gəldim. İçəri girəndə aralarında qızğın müzakirə getdiyini gördüm.

Yarı azərbaycanca-yarı ləzgicə bir-birlərinə mizanlar, replikalar barəsində nələrsə deyirdilər.

Lalə Qurbanova 13 ildir bu teatrda çalışır. Gəldiyi gündən tamaşalarda baş rollarda oynayır. Repertuarın yükünü çəkən aktrisadır. Teatra gec gəlsə , çox görüb. Bunu da söhbət əsnasında bildim: “Teatra marağım müğənni olmaq kimi dəlisov arzumun nəticəsidir. Eh, lap uşaqlıqdan müğənni olmaq istəyirdim.  Anamın toy paltarlarını, dikdaban ayaqqabılarını geyinib hündür bir yerə çıxıb ürəklə mahnılar oxuyurdum. Elə bilirdim məni televizorda göstərəcəklər, adamlar hamısı baxıb tanıyacaqlar. Ən ümdə uşaqlıq arzum olsa da, gerçəkləşməsi üçün cəhd belə edə bilmədim. Dövr, mühit, bilim, bəlkə utancaqlığım mane oldu. Neynək, müğənni olmasam da, aktrisa oldum, ölkədə olmasam da, Qusarda tanındım, sevildim. Teatr mənə çox şey qazandırdı. Ən əsası da özümə inamımı...”.

Növbəti müsahiblərim teatrın ali ixtisas təhsilli baş rəssamı Bədəl Bədəlov   tərtibatçı rəssamı Marina Mahmudovadır.

M.Mahmudova deyir ki, bizim əsas məqsədimiz tamaşaçının gözünə, könlünə xitab etməkdir. Paltarlardan adi butafora hər elementi yerində istifadə daha vacibdir. Tamaşaçının əsas diqqəti aktyorda olmalıdır. Aktyor səhnə əsəri, oyunu üzərində daha çox dayanmalıdır. Mədəniyyət evində uyğunlaşdırılmış səhnəmizin elə texniki imkanları yoxdur. Deməli, başdan sona əsasən bir tərtibat həlli verilir o, mütləq çoxfunksiyalı olmalıdır.

Gənc baş rəssam təcrübəli həmkarının fikrinə əlavə edir: “Üstəlik, biz tərtibat zamanı işıqları, zalın səhnə ilə hündürlük məsafəsi kulisin dərinliyini işə qatırıq. Istənilən tərtibatı işıqsız təsəvvür etmək mümkün deyil”.

Bu vəzifəyə yeni təyin olunan B.Bədəlov ilk tamaşasının – “Məlikməmməd”in eskizlərini göstərərək rəng seçimi uşaqlar üçün maraqlı olacaq yeni vizual effektlərdən bəhs edir.

Beləcə, qusarlı teatr sevdalıları ilə söhbətdə olduğum müddətdə Bakıdan qonaq gələn teatrın kukla tamaşası da başa çatır. Mən tamaşanın təəssüratı altında zaldan çıxıb həyətə axışan uşaqlara qoşuluram...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 17 may.- S.6.