Teatr içində teatr,
tamaşa içində tamaşa
– Otellonu necə dəyişməli?
Akademik Rus Dram Teatrında Elçinin yeni əsərinin premyerası
Reallıq və təxəyyül arasında sərhəd harada silinir? Səhnə
işıqları sönəndən
və pərdə enəndən sonra aktyorlar nə hiss edirlər? Bir aktyor üçün
eyni rolu illər boyu oynamaq nə deməkdir?
Bu kimi suallara Xalq yazıçısı
Elçinin Azərbaycan
Dövlət Akademik Rus Dram Teatrında səhnəyə qoyulmuş
“Otellonu dəyişmək”
pyesində cavab axtarılır. İlk tamaşa mayın
13-də, müəllifin 80 illik yubileyi münasibətilə təqdim
edilib. Anşlaqla keçən premyerada
müəlliflə bərabər
tanınmış ictimaiyyət,
mədəniyyət, ədəbiyyat,
elm xadimləri, sənətsevərlər
iştirak edirdilər.
Tamaşadan öncə səhnəyə
çıxan Akademik Rus Dram Teatrının baş rejissoru Xalq artisti Aleksandr
Şarovski yubilyarı
təbrik etdi. Baş rejissor teatrın uzun illərdir Elçinlə səmərəli
yaradıcılıq əməkdaşlığı
etdiyini bildirdi və onun bu
səhnədə tamaşaya
qoyulan əsərlərini
(“Salam, mən sizin dayınızam”, “Mənim
ərim dəlidir”, “Teleskop”, “Şekspir”, “Sənətkarın taleyi”
və s.) diqqətə
çatdırdı.
Xalq yazıçısı, publisist
Elmira Axundova çıxış
edərək Elçinin
yaradıcılıq yoluna
qısa nəzər saldı, onun nəsr əsərləri
ilə, eləcə də son otuz ildə dramaturq kimi məhsuldar yaradıcılığı ilə
Azərbaycan ədəbiyyatına,
teatr sənətinə
töhfələrindən bəhs
etdi, yubilyara ən xoş arzularını çatdırdı.
“Otellonu dəyişmək” – teatr içində teatr, tamaşa içində tamaşa, aktyor obrazlarında aktyorlardır... Məşhur artist Qəmərli (Xalq artisti Məbud Məhərrəmov) 16 ildir fasiləsiz olaraq Şekspirin “Otello”sunda baş rolda səhnəyə çıxıb və indi 500-cü tamaşaya hazırlaşır. Onun üçün gerçəklik və oyun, səhnə və real həyat arasında sərhədlər çoxdan yox olub.
Onun üçün teatrdan, səhnədən başqa heç nə, şəxsi həyat da yoxdur və özünü bütünlüklə bu aləmə verib. Onun üçün məhəbbət də yalnız səhnədəki Dezdemonadır. İndiyədək səhnədə tərəf-müqabil olduğu beş Dezdemona dəyişib, o isə Otello kimi dəyişməz olaraq qalır. Qəmərli hətta tərəf-müqabillərinin adlarını belə xatırlamır, onların hamısı onun üçün sadəcə, Şekspirin qəhrəmanlarıdır. Artıq otuzuncu dəfə onunla birgə səhnəyə çıxacaq “beşinci Dezdemona” (Əməkdar artist Natəvan Haçıyeva) isə hələ bu teatra gəlməzdən əvvəl, tələbəlik vaxtından Qəmərliyə aşiqdir, amma o bunu görmür...
Xalq artisti Lyudmila Duxovnaya, Əməkdar artistlər Salman Bayramov, İnna İmranova, aktyorlar Yaroslav Trifonov, Gövhər Şabanova və başqalarının da rol aldığı tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Umay Həsənova, dekor üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Səmra Axundova, xoreoqrafı Raulya Türkkandır.
Mədəniyyət.- 2023.- 17 may.-
S.5.