Abad Ağalıya musiqi
sovqatlı səfər
Axşamdan saatı səhərə
yaxın – dörd tamama
qurmuşam. Ancaq dərin yuxuya getməkmi olar. “Quş yuxusu” adlanan bir vəziyyət.
Mayın
5-i. Saatın zəng çalmasına imkan verməyib rejimdən çıxarıram. Sevinc və
həyəcanla vədələşdiyimiz
ünvana – Heydər Əliyev Mərkəzinin qarşısına çatıram.
Bir qədər tez gəlmişəm. Yoldaşların gəlişini səbirsizliklə
gözləyirəm. Və budur,
avtobusda yerimizi alırıq. İstiqamət
Zəngilan torpağı,
abad Ağalı kəndi...
Bu, işğaldan azad
olunmuş ərazilərə
ikinci səfərimdir. Keçən
ilin may ayında Şuşada keçirilən
V “Xarıbülbül” festivalına
görə mədəniyyət
paytaxtımıza yollanmışdıq.
Yenə də ilk səfərin həyəcanı, sevinci qüvvədədir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
Mədəniyyət Nazirliyi,
Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət
Festivalının birinci
mərhələsi üzrə
azad Zəngilan torpağında ilk incəsənət
layihəsi reallaşacaq...
Müharibədə özləri, indi isə şəkilləri...
Avtobus Şərqi
Zəngəzura doğru
şütüyür. Biləsuvar rayonunda
5-10 dəqiqə dayanırıq.
Bir qədər gəzib ayaqlarımızın keyini
açırıq. Mayın ilk günləri
olsa da, hava çox istidir. Kölgələnmək üçün yer axtarırıq. Bu zaman maraqlı
bir mənzərənin
şahidi oluram. Yolçulardan bir neçəsi
şəhid qəhrəmanlarımızın
şəkilləri olan
lövhələrin arxasında
kölgələnirlər. Düşünürəm ki,
44 günlük Vətən
müharibəsində canlarını
Vətən üçün
sipər edən şəhidlərimiz bu dəfə də öz şəkillərinin
yer aldığı lövhələrlə insanların
dadına çatırlar...
Füzuli rayonunun Horadiz şəhərinə daxil
oluruq. Bayraq meydanın yanında
avtobusumuz dayanır, bizimlə Zəngilana gedəcək istedadlı uşaqlar öz yerlərini alırlar.
Azad Zəngilan torpağına yaxınlaşdıqca
sevincim coşub-daşır.
Avtobusdakı uşaqlar da
sevinclidirlər. Çünki ata yurdlarını ilk dəfə görəcəklər.
Yolboyu oxuduqları “Qarabağ şikəstəsi”,
“Bayatı-Şiraz”, “Xudayar
təsnifi”nə qulaq asdıqca sanki ruhum pərvazlanır, azad torpaqlarımızın
səmasında dövrə
vururdu. “Anadır
arzulara hər zaman Qarabağ”... bu misralarsa məni
uşaqlığıma aparır.
7-8 yaşım olardı. Bir toy məclisində belə bir sağlıq deyilirdi: “...Arzu edirəm ki, Qarabağ torpaqları qayıtsın, belə məclisləri doğma yurdumuzda qeyd edək”. “Qarabağ
torpaqları qayıtsın”.
Bu cümlə məni hər zaman çox düşündürürdü. Axı torpağın əli, ayağı yoxdur, o, necə qayıda bilər? 44 günlük
Vətən müharibəsindəki
tarixi Zəfər təkcə mənim bu sualıma cavab olmadı, həm də bütün dünyaya torpaqlarımızın necə
qaytarıldığını göstərdi...
Uşaqların səsləndirdiyi vətənpərvər
ruhlu mahnı və şeirlərlə Füzulini və Cəbrayılı – 30 illik
işğal zamanı
viran qalmış əzəli yurd yerlərimizdən ötürük. Bəşəriyyətin üz qarası olan ermənilərin viran qoyduğu yaşayış məntəqələri
qəlbimi qana döndərir. Günəşin qızmar şüaları
torpağa dəydikcə
gözlərim önündə
qıpqırmızı bir
mənzərə canlanır.
İkinci Qarabağ müharibəsində ən
qanlı döyüşlər
bu istiqamətdə olduğundan fikirləşirəm
ki, bəlkə də şəhidlərimizin
qanı ilə suvarıldığından torpaq
belə qırmızıdır...
Bir məqam
xüsusilə diqqətimizi
çəkir. Xaraba yurd yerlərimizi
gördükcə uşaqların
da gözləri böyüyür, qaşları
düyünlənir, çöhrələrinə
hüzn çökür.
Çox
güman ki, onların da qəlbində mənfur düşmən haqqında
dövlət başçımızın
“Elə bil bu yerlərdən vəhşi qəbilə keçib” fikirləri dolaşır. Elə
ki abad Ağalıya
çatırıq, onların
siması işıqlanır,
qürur dolu baxışları ətrafa
müsbət enerji bəxş edir...
Solumuzda Zəngəzur dəhlizindən
keçəcək dəmiryolu
xətti də göz işlədikcə
uzanıb gedir. Elə bil bir qatar da bizimlə yanaşı qədim Naxçıvana sarı yol alıb.
Hər yanda bünövrəsi qoyulan tikililər, minadan təmizlənərək
əkin-biçin üçün
şumlanan əraziləri
görəndə ruhum
təskinlik tapır.
Yollar bitmək
bilmir. Gözlərim elə hey Ağalı
kəndi yazılan alaqapını axtarır.
Və budur, ünvana çatırıq. Doğma Zəngilanda
öz yurddaşlarımızın
yenidən yaşamağa
başlamasını, əzəli
torpaqlarımızın yenidən
abadlaşmasını görüb
duyğulanırıq. Uzun illər xəyalını
qurduğumuz bu anları gerçəkdə
yaşamaq çox qürurvericidir. Kəndin təmiz
havasını ciyərlərimə
çəkib bu sevinci, bu qüruru
bizə yaşadan qəhrəman şəhidlərimizə
rəhmət, qazilərimizə
cansağlığı diləyirəm.
Bəli,
ötən il
mayın 27-də Zəngilan
rayonunun Ağalı kəndində “Ağıllı
kənd” layihəsinin
birinci mərhələsi
üzrə açılış
mərasimi olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Ağalı kəndində müasir
şəhərsalma standartları
tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı
ekoloji evlərin inşası, məişət
tullantılarının idarə
olunması, günəş
panellərinin quraşdırılması
kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
Kənddə ailə-sağlamlıq mərkəzi, uşaq bağçası, tam orta
məktəb də sakinlərin istifadəsinə
verilib. İşğala qədər bu
inzibati ərazi 3 kəndi (1-ci, 2-ci və
3-cü Ağalı kəndləri)
birləşdirib. Hazırda
işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın
ilk qədəmləri olan
Zəngilan rayonunun Ağalı kəndinə
üç mərhələdə
86 ailə köçürülüb.
Doğma
yurdda qəlboxşayan
nəğmələr
Xatırladım ki, Uşaq İncəsənət
Festivalı çərçivəsində
Zəngilan rayonunda qeydiyyatda olan 20 uşaq Ağalı kənd tam orta məktəbində çıxış
etmək üçün
buradadır. İstedadlı uşaqlar xanəndəlik
sənəti, Azərbaycan
xalq çalğı
alətləri ifaçılığı
(tar), piano ifaçılığı və bədii qiraət nominasiyaları üzrə öz qabiliyyətlərini göstərəcəklər.
Məktəbin akt zalında
səssizlik və həyəcan hökm sürür. Uşaqlar səbirsizliklə
öz çıxışlarını
gözləyirlər. Və ifalar başlanır.
Uşaqlar ata yurdlarında
daha şövqlə,
həvəslə məharətlərini
göstərirlər. Onların çıxışları
Əməkdar artist, xanəndə
İlkin Əhmədov,
bədii qiraət ustası Xəzər Süleymanlı, pianoçu
Fəqan Həsənli
və Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
tabeliyində fəaliyyət
göstərən 33 nömrəli
Uşaq musiqi məktəbinin müəllimi,
tar ifaçısı Emin
Bəhramlıdan ibarət
münsiflər heyəti
tərəfindən dəyərləndirilir.
Çıxışlar bitəndən sonra
uşaqlar üçün
münsiflər heyəti
tərəfindən ustad
dərsləri də təşkil olunur. Uşaqların gözlərindən
oxunan sevinc və qürur birlikdə çəkilən
xatirə fotolarında
donub qalır...
Bəli, bir zamanlar həsrətini çəkdiyimiz bu torpaqlarda artıq bayram abu-havası yaşanır. Mədəni həyat canlanır. Məsələn, ötən ilin dekabrında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Azərbaycan Dövlət Kukla Teatrının aktyor truppasının üzvləri və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının vokalçıları, Gənc Tamaşaçılar Teatrı və Füzuli Dövlət Dram Teatrının aktyorları, Bakı Dövlət Sirkinin sehrbazlarının iştirakı ilə yaddaqalan, maraqlı bayram proqramı təqdim olunub. Bundan əlavə, bu il 10 mart – Milli Teatr Günü münasibətilə yenə də Azərbaycan Dövlət Kukla Teatrının truppası və “Oyuq”çular Ağalıda bədii proqramla çıxış ediblər.
***
Bir günün 21 saatını yolda olsaq da, imkan edib dünyanın ən modern yaşayış məntəqələrindən olan kəndi başdan-ayağa gəzə bilməsəm də, Ağalı kəndində olduğum üç saat mənə heç vaxt unuda bilməyəcəyim duyğular bəxş etdi... Elə əslən Zəngilandan olub, ancaq heç vaxt öz torpaqlarını görməyən qalib ölkənin istedadlı uşaqlarına da...
Nurəddin Məmmədli
Bakı-Zəngilan-Bakı
Mədəniyyət.- 2023.- 17 may.- S.6.