Beynəlxalq Muzeylər Günü münasibətilə müxtəlif tədbirlər keçirilir

 

Bu il əlamətdar günün devizi “Muzeylər. Dayanıqlılıq və rifah”dır

 

 

Mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Əlamətdar gün hər il ICOM-un tövsiyəsi ilə müəyyən bir deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Muzeylər. Dayanıqlılıq və rifahdevizi seçilib. Bu deviz vətəndaş cəmiyyətinin bütün üzvlərini bir araya gəlməyə və muzeylərin dayanıqlı inkişafı və rifahı üçün malik olduğu bütün imkanlardan istifadə etməyə çağırır.

Beynəlxalq Muzeylər Günü ilə bağlı bu il də paytaxtdakı aparıcı muzeylərdə, eləcə də ölkə üzrə muzey müəssisələrində bir sıra tədbirlər təşkil edilib.

Mayın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü çərçivəsində “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı təşkil olunacaq.

Beynəlxalq Muzeylər Gününün builki devizinə uyğun olaraq tərtib edilən layihə ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirir. Layihə BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf məqsədlərini dəstəkləyərək modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib.

Qorunan təbiət” multimedia layihəsi çərçivəsində İsveçin Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə təqdim olunan “Dayanıqlı modamultimedia layihəsində iki rəssam – isveçli Lyudmila Kristeseva və azərbaycanlı Günel Ravilova multimedia dialoqu yaradaraq, modanı, tekstili və ekologiyanı öz yaradıcılıqlarının prizması ilə incələyib, cinsiyyət, identiklik, həmçinin bunun müxtəlif mədəniyyətlərdə təsviri ilə bağlı mövzuları araşdırırlar.

 

***

Azərbaycan Milli Xalça Muzeyi əlamətdar günü 16-18 may tarixlərində bir neçə tədbirlə qeyd edir. Tədbirlər Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə keçirilir.

Mayın 16-da muzeydə 10 yaşdan yuxarı uşaqlar üçün “Mənim dünyam” adlı art terapiya təlimi keçirilib. Uşaqların özünü rahatazad formada ifadə etməsinə, onların gizlin saxladıqları duyğularının üzə çıxarılmasına şərait yaradan təlim Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə tərəfindən təqdim olunub. “Çələbi” otağında təşkil olunan art terapiyaya qatılan uşaqlara təşəkkürnamələr verilib.

Mayın 17-də gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək məqsədilə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

Mayın 18-də isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksi şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.

***

Mayın 16-da Azərbaycan İstiqlal Muzeyində “Heydər Əliyev və Azərbaycan muzeyşünaslığı” adlı elmi-praktik konfrans keçirilib. “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı layihə çərçivəsində təşkil olunan konfransda Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva və başqaları çıxış ediblər.

Mayın 18-də isə muzeydə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə konsert proqramı təşkil ediləcək. Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 nömrəli tam orta məktəbi, rayonMahmudlu kənd uşaq musiqi məktəblərinin şagirdləri çıxış edəcəklər.

***

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət MuzeyiBülbülün Memorial Muzeyinin birgə təşkilatçılığı ilə “Təbiətin musiqisi” adlı tədbir (18 may) keçiriləcək. Çıxışlardan sonra Qədim musiqi lətləri ansamblı (bədii rəhbər və konsertmeysterXalq artisti Munis Şərifov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri tərəfindən “Təbiətin musiqisi” adlı konsert proqramı təqdim olunacaq.

***

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə “Bir günəşin altında!” adlı tədbir keçiriləcək. Mayın 18-də gerçəkləşəcək tədbirdə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Tədbir çərçivəsində musiqili proqram təqdim ediləcək.

***

Milli Azərbaycan Tarixi Muzeyində əlamətdar gündə “Qlobal sağlamlıq və xoş rifah” şüarı altında fiziki məhdudiyyəti olan şəxslər üçün beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçiriləcək.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 17 may.- S.1;2.