Kukla teatrları bir
səhnədə toplaşacaq
Azərbaycan Dövlət Kukla Teatrı Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbir və layihələr həyata keçirir. Bunlardan biri də 13-17 iyun tarixlərinə nəzərdə tutulan “Kukla Teatrları Həftəsi”dir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.
Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrında olacaq və səhnə nümunələrini bütün teatrsevərlər üçün əlçatan etmək üçün “açıq qapı” aksiyası keçiriləcək.
Teatr bayramında ölkənin mədəniyyət, incəsənət nümayəndələri, teatrşünaslar, yazıçı-dramaturqlar, uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflər, sənət təhsilli müəssisələrin nümayəndələri də təmsil olunacaqlar. Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə də iştirak imkanı qazanacaqlar.
Sənət görüşünə uzun fasilədən sonra Naxçıvan Dövlət Kukla Teatrı da qatılacaq.
İyunun 13-də təntənəli açılış mərasimindən sonra müəyyən olunmuş qrafik üzrə ev sahibi sənət ocağı ilə yanaşı Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər. Sonda iştirakçılara təşkilatçı teatr adından xatirə hədiyyələri və sertifikatlar təqdim olunacaq.
Mədəniyyət.- 2023.- 19 may.- S.5.