TÜRKSOY Muzeylər Birliyi
də “Heydər Əliyev İli”nə töhfə verəcək
Xəbər verdiyimiz kimi, 5-6 may tarixlərində Azərbaycan Milli Xalça Muzeyində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans keçirildi. Konfransın qonaqları sırasında TÜRKSOY-un layihələr üzrə koordinatoru, həmyerlimiz Cavid Barış (Mövsümlü) da iştirak edirdi. Tədbirdən sonra Cavid müəllimlə həmsöhbət olduq.
– TÜRKSOY-dakı fəaliyyətiniz nədən ibarətdir?
– Təhsillə bağlı Türkiyəyə getdim və uzun illərdir orada yaşayıb işləyirəm. TÜRKSOY-da əsas fəaliyyət sahəm müstəqil dövləti olmayan türk toplumları ilə bağlıdır. Rusiya, Çin, İran, Əfqanıstan, Ukrayna, Moldova və Balkan ölkələrində icma şəklində yaşayan türklərlə bağlı layihələr həyata keçirmişəm. Bilirsiniz ki, Prezident İlham Əliyev 2022-ci ilin oktyabrında Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevlə görüşündə bu məsələyə diqqəti yönəltmişdi. Bütün türk təşkilatları artıq bu məsələyə həssas yanaşırlar. Bu iş bütün türk dövlətləri üçün də mühüm istiqamət müəyyən edilib.
TÜRKSOY olaraq illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Güney Azərbaycan, Qaşqay türkləri, İraq türkmənləri, Krım tatarları, çuvaşlar, Sibir türkləri, uyğur, kumık, noqay, qaraçay, Ahıska türkləri və s. xalqlarla bağlı tədbir və layihələr reallaşdırmışıq. Bu məqsədlə şair və yazıçıların kitablarının müxtəlif dillərə tərcümə edilib tanıdılması və s. işlərdə redaktor və tərcüməçi kimi fəaliyyət göstərmişəm. Eyni zamanda mədəniyyət və ədəbiyyat sahəsində tanınan şəxsiyyətlərin yubileylərini keçirmişik. Çox şadam ki, TÜRKSOY rəhbərliyi tərəfindən böyük etimad göstərilərək təşkilatın Muzeylər Birliyinin baş koordinatorluğu da mənə həvalə edilib. Artıq bu sahədə də bir sıra addımlar atmışıq. Bu istiqamətdə fəaliyyətimizə Azərbaycanın böyük dəstəyi olub.
– Milli Xalça Muzeyinin təşkil etdiyi elmi konfransla bağlı təəssüratlarınız necədir?
– Bu il Türk dünyası üçün
əlamətdar hadisələrlə zəngindir. Bunlardan birincisi də Ulu öndər Heydər Əliyevin 100 illik yubileyidir. Həm Azərbaycanda,
həm də ölkədən xaricdə silsilə tədbirlər
keçirilir. Xalça
Muzeyinin tədbiri də bu
silsilədən idi. Yüksək səviyyədə
keçən tədbirdə onlarla ölkədən
iştirakçı qatılmışdı. Xalqlar
bir-birinin mədəniyyət nümunələri
ilə tanış oldular. Tədbir həm
də Azərbaycanın milli-mənəvi dəyərlərinin
tanıdılmasına töhfə verdi. Məmnunam ki, konfransa moderator kimi dəvət edilmişəm. Məhsuldar tədbir oldu.
O cümlədən yeni
tanışlıqlar nəticəsində
bir sıra ortaq layihələrə dair razılıqlar əldə edildi.
– Muzeylər Birliyinin
baş koordinatoru olaraq fəaliyyətiniz, planlarınız nədən
ibarətdir?
–
TÜRKSOY Muzeylər Birliyinin
baş koordinatorluğunun
yaradılmasına hələ
2013-cü ildən qərar
verilsə də, ötən ildən etibarən aktiv şəkildə işləyirik.
Belə qərara gəlinib ki, hər il
“Türk dünyasının
mədəniyyət paytaxtı”
hansı ölkədə
olursa, həmin ölkədə bir muzeyin direktoru birliyin dönəm başqanlığını qəbul
etsin. 2023-cü ildə
Azərbaycanın Şuşa şəhəri
“Türk dünyasının
mədəniyyət paytaxtı”dır.
Muzeylər Birliyinin dönəm
başqanlığını da Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova yerinə yetirir. Onu da deyim
ki, TÜRKSOY Muzeylər
Birliyi 2022-ci ildə fəaliyyətə başlasa
da, bu müddətdə
bir sıra tədbirlər – ötənilki
“Türk dünyasının
mədəniyyət paytaxtı”
Bursada forum, Budapeştdə
və Moldovanın Qaqauz Yeri muxtar
bölgəsində elmi-praktik
konfranslar təşkil
etdik. Bu il
Şuşada muzey direktorlarının toplantısını
keçirmək istəyirik.
Həmçinin Bakıda Türk
dünyası muzey əməkdaşlarının forumunu
keçirməyi planlaşdırırıq.
– Türk dövlətləri
arasında muzeylərin
əməkdaşlıq əlaqələri
hansı səviyyədədir?
– Millətin öz keçmişini və mədəniyyətini bilməsi
gələcəyini daha
doğru istiqamətdə
təşkil etmək
üçün önəmlidir.
Fəqət bu keçmişi
necə öyrənə
bilər? Təbii ki,
kitablar vasitəsilə.
Amma tarixi əyani görməsi, toxunması və hiss etməsi üçün
mütləq maddi mədəni nümunələrlə,
tarixi abidələrlə
tanış olmalıdır. Muzey və muzeyçilik
tarixin ən qədim peşələrindən
biridir. Ona görə də
türk dövlətləri
arasında muzeylərin
işbirliyini qurmağımız
çox önəmlidir.
Bu cür forum və simpoziumlarda əməkdaşlıq əlaqələrinin
qurulması, təcrübə
mübadiləsi aparılması
ilə biz bu işlərə daha da təkan verir
və real nəticələrini
görürük. Bu kimi fəaliyyətlər türk dövlətləri
muzeyləri arasında
əməkdaşlığın güclənməsi və
inkişafına xidmət
edir.
– Bildiyim qədər, siz həm də ədəbi yaradıcılıqla məşğul
olursunuz...
– Bəli, “Barış Cavid” imzası ilə ədəbi mühitdə tanınıram.
Tarixçi alim olsam da, ara-sıra qəlbimdən süzülən
sözləri vərəqə
tökürəm. Şeirlərimi özüm qiraət edib sosial şəbəkələrdə
paylaşıram. Az da olsa,
oxucu və dinləyici çevrəm
var. Bu da mənə böyük stimul verir. Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Əliağa Vahid kimi şairlərdən təsirlənirəm. Məktəbli çağlarımdan şeirlər
yazıram. Şeirlərimə musiqilər də yazılıb. Hazırda tərcümə
ilə də məşğul oluram.
Türk dünyası şairlərinin
şeirlərini Azərbaycan
və Türkiyə türkcəsinə çevirmişəm.
Macarıstanda görkəmli
şair Şandor Petefinin (1823-1849) 200 illik yubileyi münasibətilə
onun əsərlərinin
TÜRKSOY-a üzv ölkələrin xalqlarının
dillərinə ən
yaxşı tərcüməsi
üzrə müsabiqədə
qalib olmuşam.
Şeirlərimə musiqilər də yazılıb. TRT-nin Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimovanın səhnə
fəaliyyətinin 30 illiyinə
həsr olunmuş gecədə Qara Qarayevin “Zəfər marşı” səsləndi.
Bilirsiniz
ki, bu əsər
orijinalda “Dəniz neftçilərinin mahnısı”
adlanırdı. Elnarə Kərimovanın
təşəbbüsü və Qara Qarayevin
oğlu Fərəc Qarayevin razılığı
ilə mən Qarabağ Zəfərimizə
həsr olunan şeir yazdım və dahi bəstəkarımızın
bu məşhur əsəri ilə birgə oxundu.
– Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində
hansısa layihəniz
nəzərdə tutulurmu?
– “Heydər Əliyev İli” çərçivəsində iyun ayında TÜRKSOY ölkələri muzey direktorlarının toplantısı keçiriləcək. “Heydər Əliyev və muzey sahəsi” mövzusunda elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub. Ulu öndər bu sahəyə çox böyük diqqət və qayğı göstərib. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilir. Mədəniyyət beşiyimiz olan Şuşa açıq havada bir muzeydir. Təsadüfi deyil ki, şanlı Zəfərimizdən sonra Prezidentimizin göstərişi və diqqəti ilə Şuşada muzeylərin bərpasına da xüsusi önəm verilir. Çünki biz tariximizə bağlı millətik.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 19 may.- S.6.