Ortaq türk mədəniyyətinin carçısı

 

Bəkir Çobanzadə-130

 

 

Görkəmli dilçi alim, türkoloq, şərqşünas, ədəbiyyatşünas, şair, poliqlot, professor Bəkir Çobanzadə çoxcəhətli elmi-ictimai fəaliyyəti ilə türk xalqları tarixində dərin izlər qoymuş ziyalıdır. O, zaman etibarilə qırx dörd il ömür sürsə də, Türk dünyasının etnik-mədəni dəyərlərini, dil və ədəbiyyatına həsr olunan dəyərli əsərləri ilə bu gün 130-cu baharını yaşayır.

Bu fədakar alim haqqında günümüzədək kifayət qədər kitablar, publisistik, analitik məqalələr nəşr olunub. Adil Babayevin “Bəkir Çobanzadə” monoqrafiyası (1998), Abdulla Battal Taymasın “Krımlı filoloq-şair Bəkir Çobanzadəni tanıtma təcrübəsi” (1954), Nazif Qəhrəmanlının “Qarasubazardan olan professor” (1994), İsmayıl Otarın “Krımlı türk şair və bilgini Bəkir Sıdkı Çobanzadə” (1999), Kənan Acarın “Krımlı Bəkir Sıtkı Çobanzadə” (2001), Nuridə Novruzovanın “Bəkir Çobanzadə: həyatı, elmi və pedaqoji fəaliyyəti” (2006), Cəlal Qasımovun “Bəkir Çobanzadə” (2018) kitabları o cümlədən, dilçi, ədəbiyyatşünas alimlər Tofiq Hacıyev, Fyodor Dmitri Aşnin, Ayder Memetov, Vilayət Quliyev, Məmməd Adilov, Təyyar Salamoğlu, Ramiz Əskər, Azər Turan və başqalarının elmi araşdırmaları Çobanzadə şəxsiyyəti, əqidəsi, dünyabaxışı haqqında dolğun təsəvvür yaradır, məruz qaldığı siyasi təzyiq və haqsızlıqların mahiyyəti anlaşıldıqca nadir istedad və milli təfəkkür sahiblərinin kütləvi məhvini həyata keçirən Stalin rejiminin qara, qanlı əməllərinin miqyası bilinir.

Mənşəcə Krım tatarı olan Bəkir Çobanzadə 1893-cü ilin mayında Krım quberniyasının Qarasubazar bölgəsi yaxınlığındakı Arqun kəndində “tavanı torpaq olan köhnə bir evdə” anadan olub. Atası Vahab kişi çobanlıq edər, anası Zübeydə xanım isə özgələrinin qapısında pal-paltar yuyardı. Kasıblıq içərisində keçinən bu ailədə 8 uşaq dünyaya gəlmişdi. Vahab kişinin bütün övladları azyaşlı ikən hərəsi bir vaxtda dünyadan köçürlər. Burada həmin illərin aclıq, xəstəlik faktorları da yəqin ki, az rol oynamamışdı. Ailənin yalnız Bəkir Sidqi adını verdiyi oğlan övladı həyatda qalır. Bəkirdən 11 il sonra qız övladı Züleyxa dünyaya gəlir. Məşəqqət, məhrumiyyət dolu illər yaşasa da, 81 il ömür sürmüş Züleyxa xanımın vaxtında yiyələndiyi təhsili, müəllimlik təcrübəsi imkan verir ki, xatirələrini də qələmə alsın və onlar həmin dövrün hadisələrini bu gün dərk etməyə işıq salsın. O yazırdı: “Mənim adımı bəxtsiz ağam professor B.Çobanzadə qoyub. Mollanın qarşısına çıxıb deyib: “Bacımın adını Züleyxa Şərifə qoyun. Əgər qoymasanız, nə ona baxaram, nə də kömək edərəm. Beşiyi yıxar qaçaram!”. Molla və atam, anam da adımı Züleyxa qoydular”.

Ailə maddi sıxıntılar, kasıblıq içərisində yaşasa da, kiçik Bəkir dərs oxumaq üçün kənd mollası Qütbəddinin yanına gedər, ondan yazıb-oxumağı, Şərqin böyük mütəfəkkirlərinin, şairlərinin əsərlərini mütaliə etməyi öyrənərmiş. Əvəzində isə muzdur kimi onun bütün işlərini görərmiş. Züleyxa xanım xatirələrində anası Zübeydə xanımdan bəhs edərkən “anam bizim elmli oğlanımızı can-dildən sevər, “elm qazanı otsuz, ocaqsız qaynayar”, – deyə yazır.

Bəkir Sidqi ilk təhsilini 1906-cı ildə Qarasubazardakı yeni üslublu gimnaziya nəzdində fəaliyyət göstərən “Rüşdiyyə” məktəbində alır. Həmin liseydə oxuyarkən imtahan zamanı növbə Bəkirə çatanda müəllimləri Həsən Səbri Ayvazov və İsmayıl bəy Qaspıralı onu lövhəyə çağırırlar. Lakin Bəkir əynindəki paltarlar nimdaş, köhnə olduğuna görə önə çıxmaqdan utanır. O zaman müəllimləri ona yanaşırlar. Bəkir də sanki bunu gözləyirmiş kimi dil-dil ötməyə başlayır: “Müəllim, nə istəyirsiz soruşun. Sədidən, Hafizdən, Füzulidən sual verin, hamısını əzbər deyəcəyəm. Qurani-Kərimdən soruşun...”.

Onun verdiyi cavablara heyran qalan Həsən Səbri Ayvazov İsmayıl bəy Qaspıralıya deyir: “İsmayıl bəy, sən Allah bir baxın, burada bir dərya var!”.

İmtahanda onun adını, soyadını soruşurlar. Bəkir Sidqi soyadı olmadığı üçün cavab verə bilmir. Yoldaşları onun kəndin çobanının oğlu olduğunu deyirlər. Müəllimləri də bu istedadlı gəncin adını “Bəkir Çobanzadə” kimi yazırlar...

1909-cu ildə “Rüşdiyyə”ni “əla” qiymətlərlə bitirən Bəkiri Müsəlman Xeyriyyə Cəmiyyəti İstanbulun “Sultaniyyə” məktəbində oxumağa göndərir. Bəkir Çobanzadənin təhsil illərinə nəzər saldıqda klassik dövrün görkəmli dilçi və ədəbiyyatşünas alimi Xətib Təbrizinin elmlərə yiyələnmək eşqi ilə müxtəlif ərəb şəhərlərinə üz tutması hadisəsi yada düşür. Bəkir Çobanzadə də “Sultaniyyə”də beş il oxuduqdan sonra təhsilini davam etdirmək üçün Odessaya gedir.

Odessada oxuduğu illərdə slavyan dillərinə də yiyələnir. İstanbul Universitetinin ədəbiyyat dərslərində azad dinləyici kimi iştirak edən Bəkir Çobanzadə burada macar əsilli türkoloq, etnoqraf Gyula Mesaroşla tanış olur və müəlliminin məsləhəti ilə 1916-cı ildə təhsil üçün Macarıstana yollanır. Razmani Peter Tudomani Universitetinin Şərq dilləri fakültəsində təhsil aldığı illərdə macar dili, tarixi və ədəbiyyatını xüsusi bir əzmlə öyrənməyə başlayır. Daha sonra fars, alman, ingilis, çex, polyak, gürcü dillərini də öyrənir. 1919-cu ildə bu təhsil ocağını qızıl medalla bitirən gənc Bəkir qıpçaqların “Kodex Kumanikus” əlyazma ədəbi abidələri ilə bağlı dissertasiya yazır. Türk filologiyası, ərəb ədəbiyyatı, macar ədəbiyyatı tarixi üzrə fəlsəfə doktoru diplomuna layiq görülür.

“Kodex Kumanikus” nə deməkdir? Qədim qıpçaqlar Avropa və xristian dünyasında “kuman”, “koman” adı ilə tanınır və öyrənilirdi. Qədim kuman-qıpçaqların bir hissəsi islamı qəbul etsə də, bir qismi xristian idi. Müsəlman qıpçaqların dili, tarixi müəyyən qədər öyrənildiyi halda, xristian qıpçaqlar Şərq miqyasında, Türk dünyasında çox da araşdırılmayıb. Bəkir Çobanzadə Budapeştdə yaşadığı və elmi fəaliyyətlə məşğul olduğu 1914-1919-cu illərdə məhz xristian qıpçaq-kumanların dilində olan bu nadir yazılı mənbə – “Kodex Kumanikus” mövzusunda dissertasiyanı müdafiə etmişdi. Lakin alimin əsəri hələ də elmə məlum deyil. Belə zənn edilir ki, Bəkir Çobanzadənin şəxsi əşyaları, hələ çap olunmamış tədqiqat işləri, əlyazmaları kimi dissertasiya işi də məqsədli şəkildə məhv edilib və ya oğurlanıb. Belə bir fakt da məlumdur ki, xristian qıpçaqların mənşəyi, coğrafiyası az öyrənildiyinə görə ermənilər bu tarixi də öz adlarına çıxır, “erməni qıpçaqlar” adı ilə yalançı tarix uyduraraq bu haqda kitablar yazmağa başlayırlar.

Bəkir Çobanzadənin fəlsəfə doktoru diplomu Krım tatarlarının Ankarada yerləşən “Emel” fondunda qorunur.

Beləcə, Budapeşt şəhərini 1920-ci ildə, yəni 27-28 yaşlarında artıq yetkin bir alim kimi tərk edən Çobanzadə vətəni Krıma qayıdaraq burada həm müəllimlik edir, həm də Tatarıstan Xalq Maarif Komissarlığında Tatar dili şöbəsinin müdiri təyin olunur. 1921-ci ildə Krım Universitetinə dəvət edilir və Şərq fakültəsinin professoru kimi Krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyur.

Bütün Qafqazda olduğu kimi, 1920-ci illər Krımda da bolşevizmlə milli istiqlal qüvvələrinin üz-üzə durduğu çətin zamanlar idi. Qaynaqlar yazır ki, Çobanzadə vətənə döndükdən sonra fəaliyyətinin böyük qismini siyasətə həsr edib. Həmin ərəfədə Müstəqil Krım Respublikasının yaradılması ideyası uğrunda Milli Firqə yaranmışdı və bu hərəkatın öncülü də məhz professor Çobanzadə idi. O, 1924-cü ildə, 31 yaşında Krım Universitetinin rektoru təyin edilir. Elmi tədqiqat işlərini davam etdirən alimin həmin il “Türk-tatar lisaniyyatına mədxəl” adlı türk dillərinin qrammatikasına həsr olunmuş kitabı ərsəyə gəlir. Məhz bu kitab alimin türk dillərinin eyni kökdən, eyni ailədən olduğu konsepsiyasının əsaslı ifadəsi idi. Lakin elə məhz bu əsər 1920-ci illərin sonlarından ona və yaradıcılığına qarşı ləkələmə kampaniyasının başlanmasına, mətbuatda alimi qatı pantürkist adlandıran tənqidi məqalələrin yaranmasına rəvac verdi. Bunlar daha sonra olacaqdı.

Hələ 1924-cü il idi və Çobanzadə Bakıya dəvət olunmuşdu. Burada keçiriləcək böyük bir mədəni hadisə – I Bakı Türkoloji Qurultayına hazırlıq işlərində bilik və təcrübəsi ilə yardım edəcəkdi. Akademik Tofiq Hacıyev bu barədə yazırdı: “Bəkir Çobanzadənin savadının çəkisi, intellekt əhatəsinin genişliyi, həm dil, həm ədəbiyyat məsələlərinə yiyələnmiş olması, həm oğuz, həm qıpçaq dillərinin qrammatikasına bələdliyi, ərəb, fars, rus dilləri ilə bərabər bir neçə Avropa dillərini bilməsi və b. keyfiyyətləri onu Türkoloji Qurultayın işinin əsas hərəkətverici qüvvəsinə çevirmişdi. Tədqiqatlar onu da yazır ki, həmin ərəfədə gənc Çobanzadəni Macarıstana, Leninqrad Universitetinə də işləməyə dəvət etmişdilər. Lakin o, Bakını seçir. Axı burada həlledici məsələ - türk xalqlarını aydınlığa, maarifə çatdıracaq yeni əlifba, yeni təhsil, dil, türkologiya məsələləri həll olunacaqdı...”.

Belə vətənpərvər ziyalı əqidəsinin çağırışını necə dinləməyə bilərdi? Bəli, o, 1924-cü ildən Bakıda yaşamağa, dərs deməyə, elmi strukturda yüksək vəzifələri icra etməyə başlayır. Lakin elə 20-ci illərin sonlarından da ona qarşı şərləmə mexanizmi işə düşür. Onu burjua millətçisi adlandıran qaragüruhun sayı, səsi gündən-günə artmağa başlayır. İş o yerə gəlib çatmışdı ki, Bəkir Çobanzadə bu ittiham və böhtanlara cavab olsun deyə marksist ideologiyasına uyğun bir neçə əsər yazmalı olur... Bu qələmin ona yaşatdığı işgəncəni 1930-cu illərdə bacısı Züleyxaya göndərdiyi məktubda belə ifadə edir: “Mənə belə bir məqalə yazmaq qolay oldumu zənn etdin? Ürəyim qanayaraq yazdım. Lakin məqalədə, az da olsa, elmi və ictimai fəaliyyətimdən neçin vaz keçdiyimi anlatmaqla birlikdə, onların irəlidə yenə də dünya üzünə çıxacaqlarına və mənim adımı kirləməyə deyil də, əbədiləşdirməyə xidmət edəcəklərinə əmin olduğumu ifadə etdim. Sən bunu anlamalısan, bunun üçün məni suçlamağa haqqın var, amma başqa çarəm qalmadı...”.

Bəkir Çobanzadə belə bir “amannaməni”, yəni üzrxahlıq məktubunu 1937-ci ildə NKVD həbsxanasında saxlanılarkən, aylarla çəkmiş sorğu-suallardan, olmazın işgəncə və təhqirlərdən, fiziki və mənəvi xəsarətlərdən artıq taqətini itirmiş halda da yazmışdı. Budəfəki məktubu sovet Azərbaycanında xalq daxili işlər komissarı olmuş Y.D.Sumbatova ünvanlanmışdı. Həmin məktubda deyilirdi: “Mən bu ixtisas üzrə Sovet Şərqində ilk professoram ki, mənə bu adı sovet hakimiyyəti vermişdir. Mən bu respublikaların ana dilində ilk mühazirələr oxuyuram. Öz ixtisasım üzrə universitetdə ilk kurslar yaratmışam. Mən, demək olar ki, tamamilə boş bir yerdə yüzlərlə dilçi və ədəbiyyatşünas kadr yetişdirmişəm. Bunlar içərisində onlarla yüksəkixtisaslı elmi işçilər, assistentlər vardır ki, onlar ölkəmizdən xaricdə də məşhurdur”.

Lakin alimin yüksək xidmətlərinin ifadə edildiyi bu ərizəyə Azərbaycan ziyalılığının, türkçülüyün qəsdinə durmuş Stalin rejimi, onun erməni-daşnak üzvləri diqqət edərdilərmi? 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Bəkir Çobanzadəni ən ağır cəzaya – güllələnməyə məhkum edir. İyirmi dəqiqə sürən məhkəmədən sonra gecəyarısı Bəkir Çobanzadə, Əhməd Cavad, Hənəfi Zeynallı, Vəli Xuluflu, Əziz Qubaydulin, Məmməd Kazım Ələkbərli, Xalid Səid Xocayev, Böyükağa Talıblı bir yerdə güllələnmişdilər. Güllələnməzdən qabaq onları, xüsusən Çobanzadəni xalq daxili işlər komissarı Sumbatovun iştirakı ilə vəhşicəsinə döymüşdülər...

Bəkir Çobanzadə ömrünün gənclik illərindən dilçilik, ədəbiyyatşünaslıq, folklor sahəsində görkəmli bir alim kimi ad-san qazanaraq professor elmi adı almışdı. Onun parlaq şəxsiyyətinə, milli ruhun dirçəlişi yolundakı mücadiləsinə bələd olduqca anlayırsan ki, tale müəyyən seçilmiş insanları yer üzünə yalnız yüksək ideal uğrunda missiyanı yerinə yetirmək üçün bəxş edib. Elə bir ali missiya ki, həmin seçilmişlər əməlləri ilə yalnız müasirini deyil, yüzillər sonra gələcək nəsilləri də milli özünüdərkə, tərəqqiyə, oyanışa səsləyə bilsin.

 

Nəzmiyyə Yigitoğlu

filologiya üzrə fəlsəfə doktoru

Mədəniyyət.- 2023.- 19 may.- S.6.