100 mədəniyyət müəssisəsinə
ekskursiya
“Məktəblilər üçün
muzey həftəsi”nin builki
hədəfi
Hər il ənənəvi olaraq keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsi bu il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. 18-25 may tarixlərini əhatə edən layihə çərçivəsində “Muzeylər və “Heydər Əliyev İli” adlı interaktiv proqrama start verilib.
Proqram Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyinin əməkdaşlığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı ilə icra edilir.
Proqramın məqsədi məktəblilərin Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası, həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumatlandırılması, onların Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylər, qoruqlar və Heydər Əliyev mərkəzlərinin kolleksiya fondu ilə tanış olmasıdır.
Layihə çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə, həmçinin ilk dəfə olaraq Azərbaycanın regionlarındakı tarix-mədəniyyət qoruqları və Heydər Əliyev mərkəzləri də əhatə edilməklə ümumilikdə 100 mədəniyyət müəssisəsinə ekskursiyanın təşkili planlaşdırılır.
RUGİM-in metodistləri tərəfindən hazırlanmış xüsusi proqram əsasında gənc bələdçilər və muzey işçiləri muzeylərə təşkil olunan ekskursiyalara birgə rəhbərlik edəcəklər.
Qeyd edək ki, 2015-ci ildən etibarən Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə təşəbbüsü ilə “Məktəblilər üçün muzey həftəsi” proqramı ənənəvi şəkildə keçirilir və layihə əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Səkkiz il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 110 minə yaxın şagirdin ekskursiyalarda iştirakı təşkil edilib.
Bu il
keçiriləcək “Muzeylər və “Heydər Əliyev İli” interaktiv
proqramı üzrə həftə ərzində 100 mədəniyyət
müəssisəsinə məktəblilərin ekskursiyası
gözlənilir.
Mədəniyyət.- 2023.- 19 may.- S.1.