“Azərbaycan mənim ürəyimdir...”
Mayın 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən “Gülüstan” Sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Azərbaycan mənim ürəyimdir...” adlı tədbir təşkil edilib.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova açılış nitqində qeyd edib ki, öz taleyini Azərbaycanın dövlətçilik və tərəqqi salnaməsinə çevirmiş Heydər Əliyevin ömrü bütövlükdə Azərbaycan dövlətinin inkişaf tarixinin parlaq bir hissəsidir.
İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərovanın “1969-1982 – Azərbaycanın inkişaf tarixinin parlaq səhifələri” adlı məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, Heydər Əliyevin rəhbərlikdə olduğu bu illərdə Azərbaycan Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevrilib. Onun çoxşaxəli fəaliyyətini əks etdirən sənədlərin araşdırılması, təhlili və gələcək nəsillərə ötürülməsi böyük siyasi və mənəvi əhəmiyyət kəsb edir. İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən 1969-1982-ci illəri əhatə edən sənədlər incələnib və 2017-2023-cü illərdə 10 cildlik toplu hazırlanaraq nəşr olunub.
Milli Məclisin sədr müavini tarix elmləri doktoru, professor Fəzail İbrahimli “Heydər Əliyev və türk dünyası”, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri siyasi elmlər doktoru, professor Hicran Hüseynova “Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında Ulu öndərin tariximizdəki əvəzsiz rolundan geniş söhbət açıb.
İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan 1969-1982-ci illərə aid sənədlər əsasında hazırlanan və Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Quruculuq salnaməsi. Başlanğıc...” adlı sənədli xronika nümayiş olunub.
Tədbir çərçivəsində İctimai-Siyasi Sənədlər Arxivində
mühafizə olunan qiymətli sənədlərdən
və nəşr olunan kitablardan
ibarət sərgi nümayiş etdirilib.
Mədəniyyət.- 2023.- 19 may.- S.1.