Maarifləndirici tədbir, müsabiqə,
sərgi, yubiley...
Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Mirzəyevin (1958-1993) 65 illik yubileyi ilə bağlı tədbir təşkil olunub. Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxışlar dinlənilib. Milli Qəhrəmanın həyatı və döyüş yolu barədə məlumat verilib.
***
Qax rayon Mədəniyyət Mərkəzində İsmayıl Dağıstanlı adına Xalq teatrının Əhməd Orucoğlunun “Qayınana əməliyyatı” komediyası əsasında səhnələşdirdiyi eyniadlı tamaşaya ictimai baxış olub. Teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi səhnə əsərinin rejissoru Şəmsəddin Quliyev, musiqi tərtibatçısı Coşqun Nəzirli, səhnə tərtibatçısı Elvin Əzimovdur. Rolları həvəskar aktyorlar İbrahim Paşayev, Aydan Əhmədli, Şəmsəddin Quliyev, Vüsalə Mustafayeva, Ceyran Rəcəbova, Nəvai Əliyev və Yusif Qurbanov ifa ediblər.
***
Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Hüseyn Arifin Ev-Muzeyi və 1 saylı Folklor klubunun təşkilatçılığı ilə “Uşaqlar gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları, məktəb şagirdləri, uşaq bağçasının balaca fidanları və müəllimləri iştirak ediblər.
Tovuz Dövlət Rəsm Qalereyasında dərnək üzvlərinin əl işlərindən ibarət “Narkomaniya öldürür!” adlı rəsm sərgisi təşkil olunub. Sərgidə qalereyanın və rayon Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
***
Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev-Muzeyinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində böyük satirik şair və maarifçinin anadan olmasının 161-ci ildönümünə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə qalib olan şagirdlər muzey tərəfindən fəxri fərman, təşəkkürnamə, sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
***
Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi ilə bağlı “Kitab bilik mənbəyidir” adlı tədbir keçirilib. Çıxış edənlər əlamətdar yubiley münasibətilə kitabxananın direktoru professor Kərim Tahirov başda olmaqla bütün kollektivi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.
***
Göyçay şəhər
A.Məmmədov adına Uşaq musiqi məktəbində Xalq
artisti, görkəmli bəstəkar Elza İbrahimovanın (1938-2012) 85 illik yubileyinə həsr olunmuş
“Nəğmə dolu bir
ürək” adlı ədəbi-bədii gecə keçirilib. Sənətkarın həyat və
yaradıcılığı haqqında məlumat verilib. Məktəbin müəllim
və şagirdlərinin ifasında bəstəkarın “Sən
mənim səsimi eşidəcəksən”, “Gecələr bulaq başı”, “Ağlamasın salxım söyüd”, “Ey Vətən”,
“Sən yadıma düşəndə” və “Səslə məni”
mahnıları ifa edilib.
Mədəniyyət.- 2023.- 24 may.-
S.4.